Hameneyi’nin Ölümünden Sonra İran’da Yeni Dönem Başlayabilir!

İşsizlik, insan haqlarının pozulması, maaşların verilməməsi, hakimiyyətin qəddarlığı, bahalaşma, aclıq və s. müasir İranın reallığının göstəricisidir. Xalqın etirazı səngimək bilmir. Hakimiyyət isə bütün vasitələrdən istifadə edərək, etiraz aksiyalarının yatırmağa cəhdlər edib. Aprelin 25-i axşam saatlarında İranın cənub şərqində, etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin Fənuc şəhərində hökumət məmurları ilə vətəndaşlar arasında şiddətli qarşıdurma olub. - iran polisi

Azerbaycan’ın Halk Cephesi Gazetesine Konuşan TEBAREN Başkan Yardımcısı : Hameneyi’nin Ölümünden Sonra İran’da Yeni Dönem Başlayabilir!

İşsizlik, insan haqlarının pozulması, maaşların verilməməsi, hakimiyyətin qəddarlığı, bahalaşma, aclıq və s. müasir İranın reallığının göstəricisidir. Xalqın etirazı səngimək bilmir. Hakimiyyət isə bütün vasitələrdən istifadə edərək, etiraz aksiyalarının yatırmağa cəhdlər edib. Aprelin 25-i axşam saatlarında İranın cənub şərqində, etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin Fənuc şəhərində hökumət məmurları ilə vətəndaşlar arasında şiddətli qarşıdurma olub.

Məlumata görə, 16 yaşlı yeniyetmə bayker Səmir Qurdxaninin hökumət məmurları tərəfindən öldürülməsindən sonra bəluclar polis bölməsinin qarşısına toplaşıblar. Yeniyetmənin öldürülməsinə etiraz edən vətəndaşlara odlu silahdan atəş açılması nəticəsində 5 nəfər yaralanıb. Bölmənin qarşısına toplaşanlardan bir neçə nəfər həbs edilib.

Qeyd edək ki, S.Qurdhaninin polis məmurlarının “dayan” əmrinə tabe olmadığı üçün güllələndiyi bildirilir. Ötən ayın sonlarında İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində cümə namazından sonra günorta saatlarında başlayan kütləvi etiraz aksiyasında “Xamenei utan, ölkədən əlini çək”, “Xamenei qatildir, hakimiyyəti batildir” və başqa bu kimi şüarlar səsləndirilib.

Ölkədə 15 mədəni və sinfi təşkilat 1 May Beynəlxalq Əmək Günü münasibətilə bəyanat yayıb. Bəyanatda ölkədəki tətil aksiyaları dəstəklənərək, vətəndaşların kütləvi etiraz nümayişlərinə qoşulması üçün çağırış edilib. “İranda işçi təbəqəsi rejimə qarşı başladılan aksiyaların nəticə verməsində əhəmiyyətli rol oynayır. Bu təbəqə istismarçı hakimiyyətin çökdürülməsi istiqamətindəki fəaliyyətlərdə yenə də öz sözünü deyəcək”, – bəyanatda qeyd edilib.

Təşkilatlar arasında öncəki kütləvi aksiyaların keçirilməsində mühüm rol oynayan qurumların da adı var. Bundan başqa İranın neft-kimya və polad sənayesində başlayan yeni tətil aksiyaları ilə bağlı 35 tələbə və vətəndaş təşkilatı birgə bəyanat yayıb. Birgə bəyanatda tətil aksiyalarına dəstək verildiyi bildirilib. Qeyd edilib ki, son bir həftə ərzində neft, neft-kimya və polad sənayesinin 80 müəssisəsinin işçilərinin aksiyaları, tətillərinin genişlənməsi İran və onun istismarçı diktatorluğundan qurtulmağın yollarından biridir. “Tətil aksiyalarının genişlənməsi xalqın Tehran rejimindən üz döndərməsinin və hakimiyyətə qarşı birləşməsinin təzahürüdür”, – bəyanatda bildirilib.

Qum şəhərində yerləşən dini mərkəzin tanınmış müəllimlərindən olan Cavad Ələvi Brucerdi mediaya açıqlamasında deyib ki, ölkədə mollalara qarşı nifrətin artmasından narahatıq. O, bir çox şəhərdə mollaların canlarının qorxusundan evdən çıxa bilmədiyini qeyd edib: “Xalqla mollalar arasında dərin uçurum yaranıb. Artıq vəziyyət kritik həddə çatıb. Din xadimlərinin çoxunun ailəsi onlara mollalıqdan uzaqlaşmaları üçün təzyiq göstərir”.

Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülməsi, bir sıra hallarda öldürülmələri ilə nəticələnib.

Təbriz Araşdırmaları İnstitutunun sədr müavini Babək Şahid “Xalq Cəbhəsi”nə bildirib ki, bu gün İran xalqının 100-dən 80 faiznin mövcud durumdan razı qalmadığını deyə bilərik. Bunu yalnız mövcud rejimə müxalif olan qurumlar demir, sistemin içindəki bəzi mənbələr də etiraf edirlər: “Bu hadisələr ya İran xalqının xilası ilə yekunlaşacaq, ya İran rejiminin daha da totalitarlaşmasına yol açacaq, ya da İranın dini rəhbəri Əli Xameneinin ölümündən sonar ölkədə yeni dövr başlaya bilər. Onun ölümündən sonra yaşanacaqlar İranın bir dönüm nöqtəsi olacaq. İranda böyük və güclü etiraz aksiyaları gerçəkləşərək xalq bu sistemin zülmündən xilas olacaq, ya da İran xalqının ayaqlanması rejim tərəfindən həyata keçirirlərək, daha bir hərbi diktator rejim qurulacaq”.

Okumaya devam et  Azərbaycanın universitet və şəhərlərində etiraz aksiyaları; “Azadlıq-Ədalət-Milli hökumət”səsləndiriblər

B.Şahid Ə. Xameneinin referendumla bağlı İmam Zamanın zühr edəcəyi fikirnə də münasibət bildirib. Qeyd edək ki, bir müddət əvvəl İranın keçmiş baş naziri və hazırda ev həbsində olan Mirhüseyn Musəvi ölkədə referendum keçirlməsini və İran konstitusiyasının dəyişdirilməsini təklif edib. Aprelin 18-də bir qrup tələbə ilə görüşündə Əli Xamenei xalqın bir hissəsini “məsələləri təhlil etmək iqtidarında olmayan” kəsim hesab edib və onlardan problemlərin həlli üçün İmam Zamanın zühurunu gözləmələrini istəyib.

B.Şahid isə deyib ki, İranın şiəçilik ideologiyanın aparıcı qüvvələri xalqın beyninə yeridib ki, İranda inqilab o zaman baş verə bilər ki, 12-ci imam zühr edəcək. İranda mövcud rejim, sistem özünü o vaxtadək qorumalıdır. 12-ci imam gəldikdə dünyada quracağı dövlətə İran yardımçı olsun: “Bu zehniyyətə İrandakı şiəçilik ideologiyasının aparıcı qüvvələri hakimdir. Öndə gedən isə Xameneidir. Şiə və mehdici düşüncə hakimiyyət üçün ilk prinsipdir, burada xalq istəyi nəzərə alınmır. Elə buna görədir ki, o, referenduma qarşı çıxıb, deyib ki, İmam Zaman gələnə qədər, hər hansı bir məsələ müzakirə oluna bilməz. Bu da onu göstərir ki, İranda heç bir demokratiya, xalqın fikri, insan azadlığından söhbət gedə bilməz, burada hakim ideolagiya dini baxışdır”.

Həmsöhbətimiz İranın işğalçı Ermənistana dəstəyindən də danışıb. Deyib ki, İranın Ermənistana bütün sahələrdə yardımları barədə dünyanın müxtəlif media orqanları, ekspertlər və hətta dövlər rəsmiləri dilə gətiriblər, faktlar ortaya qoyublar: “Bu vaxta kimi İranın Ermənistana PUA-lar vermədiyi ilə bağlı hər hansı bir mənbə, fakt olmasa da , bunu İran hakimiyyətinə yaxın media orqanlarının dilə gətirdiyini görürük. Son vaxtlarda Ermənistan ordusunun Azərbaycana qarşı təxribatında İnqilab Keşikçiləırinə yaxın teleqram kanalları, qəzetlər əgər təkrarən savaş başlayarsa İran Ermənistana PUA-lar verəcək kimi fikirlər yazırlar. İran Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək, söz sahibi olmaq üçün Ermənistanı silahlandırmağa çalışacaq”.

Ekspert onu da qeyd edib ki, İran Azərbaycandan nə istədiyini bilmir. Həmişə Azərbaycanıa qarşı məntiqsiz və əsassız ittihamlar irəli sürüb, böhtanlar atıb. İran həmişə Azərbaycanın daxili işlərinə qarışır: “İran narahatdır ki, Azərbaycan İsraillə əməkdaşlığını möhkəmləndirib. İran narahat olub ki, Azərbaycan 30 il işğal altında qalan torpaqlarını Ermənistandan azad edib. İran Zəngəzur dəhlizinin açılacağına narahatdır, təşvişdədir. İran istəmir ki, Azərbaycan Türkiyə ilə bir addım atsın. İran istəyir ki, Azərbaycan onun cızdığı siyasətlə hərəkət etsin. Rəsmi Tehran Azərbaycanla qonşuluq siyasətində yolunu azıb”.

Rza Pəhləvinin Qərb tərəfindən hakimiyyətə gətiriləcəyi ilə bağlı iddialara münasibət bildirən B.Şahid deyib ki, Rza Pəhləvinin Güney Azərbaycanda heç bir nüfuz və dəstəyi yoxdur, bunu hər kəs bilir. O, kürdlər, bəluclar, ərəblər, türkmənlər arasında da sevilən biri deyil: “Çünki Pəhləvilər İran tarixində azərbaycanlılara qarşı zülmü ilə yadda qalıb. Sadəcə İranın mərkəz bölgələrində – İsfahan, Şiraz, Kirmanda bir qism fars toplusu tərəfindən qəbul edilir. Bu da fars dövlətçilik ideologiyasına pəhləvilər dövründə xidmətlə bağlıdır”.

Okumaya devam et  Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanışlıq YENİLƏNİB

Bu arada qeyd edək ki, İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti Pəhləvini narahat edib.İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Tvitter hesabında yazıb ki, bu addım qəbulolunmazdır.O, İsrailin Knesset üzvlərinin bu müraciətini İranın ərazi bütövlüyünə qarşı addım kimi dəyərləndirib. “Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksək rütbəli rəsmilərinin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığımı bildirdim. Deputatların müraciəti İran hakimiyyətinin maraqlarına xidmət edir”, – o qeyd edib. Pəhləvi İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət barədə açıqlama verməsini xahiş edib. Qeyd edək ki, bir neçə gün öncə İsrail parlamentinin – Knessetin 32 üzvü Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə XİN-ə müraciət göndərib. Müraciətdə İran müxalifətinə və Tehranın Güney azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirilməsi xahiş olunub.

B.Şahidi deyib ki, Knessetin Güney Azərbaycanla bağlı Xarici İşlər Nazirliyinə müraciəti Güney məsələsinin beynəlxalq müstəviyə daşınması baxımından çox önəmlidir. O, bu məsələnin parlamant səviyyəsində müzakirəsini bölgədə baş verən proseslərlə əlaqələndirib: “Güney mövzusu məlum səbəblərdən bəlli bölgələrin gündəmindədir. İndi bu, İsraildə açıq şəkildə müzakirə edilir. Ehtimal ki, İsrail-İran münasibətlərindəki mövcud gərginlik səbəbindən bu baş verib. Həmçinin, Təl-Əvivin digər ölkələr, əsas da Amerika ilə əlaqələri diqqətə alınmalıdır”.

O, özünü müxalifət nümayəndəsi hesab edən Rza Pəhləvinin israilli deputatların müraciətinə sərt reaksiya verməsinin səbəbsiz olmadığını bildirib: “Rza Pəhləvinin İsrail parlament nümayəndələrinə sərt reaksiya verməsinə bir neçə aspektdən yanaşmaq lazımdır. O özünü fars millətçiliyinin davamçısı olaraq görür. Fars millətçiliyi anlayışının ideoloji təməli türk və ərəb düşmənçiliyidir. Rza Pəhləvi ilk dəfə deyil ki, Güney Azərbaycan məsələsinə qarşı çıxır. 2006-cı il may qiyamında “Haray-haray, mən türkəm” şüarı ilə küçələrə çıxan azərbaycanlılar üçün belə bir fikir demişdi: “Əgər söhbət Güney Azərbaycandan gedirsə, mən Xamenei ilə birlikdə onlara qarşı mübarizə etməyə hazıram”. Digər tərəfdən isə Pəhləvi özünü müxalifət nümayəndəsi olaraq Güney Azərbaycan aktivistləri ilə rəqabətdə hiss edir. Bir neçə gün öncə paylaşdığı videoda demişdi ki, hamı onun ölkəyə dönməyini istəyir. Fəqət, türkçülər və əhvazlar ortalığı qarışdırır. Türkçülər deyəndə, Güney azərbaycanlıları nəzərdə tutur və açıq şəkildə kiminlə rəqabətdə olduğunu bəyan etmiş olur. Pəhləvini İranda fars mərkəz bölgələri və bəlli qruplar dəstəkləyir. Bu toplum onu sekulyar dövlətin rəmzi olaraq görürlər”.

Pəhləvinin Güney Azərbaycanda hər hansı nüfuz sahibi olmadığını deyən ekspert onu da diqqətə çatdırıb ki, “müxalif lider” öz tərəfdarlarını itirməkdən qorxduğu üçün səssizliyini pozmaq məcburiyyətində idi: “Onun İsrailə səfərinin ardından qısa müddət sonra Güney məsələsinin parlamentə çıxarılması Pəhləvini dəstəkləyənlər üçün gözlənilməz oldu. Onu tənqid atəşinə tutdular. Məsələ, xüsusilə, fars millətçiləri tərəfindən daha çox müzakirə olundu. Pəhləvi isə öz tərəfdarlarını bir növ razı salmaq üçün belə bir sərt açıqlama vermək məcburiyyətində qaldı”.

Okumaya devam et  SEPAH nüvə təsisatlarında təxribat törətmək istəyən şəbəkə üzvlərinin saxlandığını iddia edib

İran heç vaxt islam dövləti olmayib, rəsmi Tehranin həyata keçirdiyi siyasət islam kriteriyalarına sığmır, islam qaydalarına yaddır. Fars hakimiyyəti dövləti islam bayrağı altında ədalətsizliklə idarə edir. İran rejiminə müxalif olan qüvvələr də bu fikirdədirlər: “İran qarşısında əyilən dövlət daim əziləcək. Amma onun qarşısında dik duran, onun üzünə dik baxan dövlət onu geri addım atmağa məcbur edəcək. Bu gün İran ciddi dəyişim ərəfəsindədir. İlk növbədə bayaq dediyim ki, bu, Xameneyinin ölümündən sonra baş verə bilər. Bu prosesdə Güney Azərbaycan da öz müqəddaratını təyin edəcək. Bu məsələdə əsas faktorlardan biri Güneyli azərbaycanlılar olacaq. Güney Azərbaycanın öz müqəddaratını təyin etmək istəyi, arzusu bu günün mövzusu deyil. Gülüstan, Türkmənçay müqavilələrindən sonra Güney Azərbaycan öz varlığını bu torpaqlarda qoruyub saxlaya bilib, mücadilə aparıb. Güneylilər Bütöv Azərbaycan arzusu ilə yaşayır. Azərbaycan prezidenti cənab İlham Əliyevin bir sıra beynəlxalq təşkilatların tribunalardan Güney Azərbaycan, orada yaşayan azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı fikirləri güneylilərə ruh, güc verib”.

Ekspert Güney Azərbaycanla bağlı məsələnin türk ölkələrinin parlamentində müzakirəsinin daha çox əhəmiyyət daşıdığını deyib:“Bu addım türk ölkələrinin parlamentində atılarsa, Güney Azərbaycan üçün yaxşı nəticələr vəd edə bilər. Çünki Güney məsələsi türk birlikləri ölkələrinin ələ ala biləcəyi məsələdir. Güney Azərbaycanda hakim olan ana siyasət türkçülük, milli müqəddərat və bütöv azərbaycançılıq məsələsidir. Bu mənada Güney mövzusu daha çox türk dünyasını maraqlandırmalıdır. Önəmli addımlar atılmalı, Güney Azərbaycan kimi dövləti olmayan türk toplumlarına hüquqi status tanınmalıdır”.

Yeri gəlmişkən, mayın 20-də Berlində may yürüşü keçiriləcək. Burada Güney Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, təşkilat və milli fəalların bir arada olmasına çəhd göstəriləcək.

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının başçısı Eldar Qaradağlının fikrincə, bununla yanaşı, Bütöv Azərbaycan və azərbaycanlı olmağımızı sərgiləmək, türkcə və ingiliscə şüarlarla milli istəklərimizi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq niyyətindəyik: “Güney adına çeşidli təşkilatların olması nə qədər doğrudursa, Güney adına meydana gələn ifrat eqoistlik qat-qat ziyanlıdır. İnsan olan şəxs özünü nə qədər sevsə də, millət sevgisini içində qaynayan aşırı eqoizmə təslim etməməlidir. Bəzi partiya başqanlarının belə dərdə düşməsini millət yaxşı görür. Həmin amil bir çox hallarda Güneyə çox ağır zərbələr vurur. Bu üzdən Avropa və Amerikada olan təşkilatlar fəaliyyətlərindən istənilən nəticəni əldə edə bilmirlər. Ümid edirəm ki, Avropa yürüşlərinin davamlı olması bu problemin həllinə kömək edəcək”.

Cavid-TEBAREN / TURKISHFORUM – ABDULLAH TÜRER YENER


Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir