İlham Əliyev sosial islahatların yeni mərhələsinə start verdi

İlham Əliyev sosial islahatların yeni mərhələsinə start verdi- AZERBAYJAN NEWS.AZ /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - aliyev azeribayrak

İlham Əliyev sosial islahatların yeni mərhələsinə start verdi- AZERBAYJAN NEWS.AZ /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Minimum əməkhaqqı 300 manat oldu

İlham Əliyev sosial islahatların yeni mərhələsinə start verdi- AZERBAYJAN NEWS.AZ /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - aliyev azeribayrak

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların marağı, rifahı dayanır. Dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət, ardıcıl islahatlar məhz bu məqsədə xidmət edir.

Görülən tədbirlər çoxsaylı və əhalinin bütün təbəqələrini əhatə etmək baxımından genişdir. Son illər ərzində həmin istiqamətdə atılan önəmli addımlar sırasında sosial ödənişlərdə baş verən ciddi artımlar dayanır ki, bunların da mühüm bir hissəsi əməkhaqları ilə bağlıdır.

Məlum olduğu kimi, cari il dekabrın 17-də Prezident dörd yeni sərəncam imzalayıb. Bununla da Azərbaycanda sosial islahatların yeni mərhələsinə start verilib. Yeni sərəncamlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Xatırladaq ki, Prezident İlham Əliyev hələ bu il oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlanılmasına təminat yaradıb. Yeni mərhələ 2,1 milyondan çox şəxsi əhatə edəcək və bu islahat mərhələsi üçün illik əlavə 1,5 milyard manat vəsait də nəzərdə tutulub.

Bu günlərdə dövlət başçısının imzaladığı 4 yeni sərəncam isə 1 milyona yaxın vətəndaşın rifahına dəstəkdir. Bunlardan biri minimum aylıq əməkhaqqının məbləğinin artırılması barədədir.

Sərəncama əsasən, ölkədə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilir. Yəni hazırda 250 manat olan minimum orta aylıq əməkhaqqı 50 manat artırılır. Bu artımla 800 min işçi əhatə olunur. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Qeyd edək ki, 2018-ci ildə minimum əməkhaqqı 130 manat idi. Beləliklə, hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım həmin dövrdən bəri 2,3 dəfə yüksəlib.

Onu da qeyd etmək yerinə düşər ki, minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır. Gələn il minimum əməkhaqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) 43 faiz üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildə 33,3, 2020-ci ildə 38 faizə yüksəlib. 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsinəcən artacaq. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.

Prezidentin imzaladığı yeni sərəncamlardan ikisi ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsinin növbəti təzahürüdür. Həmin sərəncamlardan biri “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında”dır. Belə ki, gələn il yanvarın 1-dən respublikanın dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır.

Digər sərəncam isə “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”dır.

Bu sənədə əsasən, 2022-ci il yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları 30, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 40 faiz artırılır. Bu iki sərəncam dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçini əhatə edir. Təhsil müəssisələrində çalışanların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyan bu artımların edilməsi məqsədilə dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.

Prezident “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” da sərəncam imzalayıb. Həmin təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları da yanvarın 1-dən orta hesabla 20 faiz artırılır. Sərəncamda adı qeyd edilən təşkilatlar bunlardır: AMEA-nın Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi. Daha sonra siyahıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, həmin nazirliyin tabeliyində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı memorial kompleksi”, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının adı qeyd olunur. Sözügedən sərəncamla həmçinin Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil müəssisələri və Uşaq Evləri İdarəsi, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin də vəzifə maaşları yeni il yanvarın 1-dən 20 faiz artırılır.

Deyilənlərə əlavə edək ki, son 4 ildə Azərbaycanda orta aylıq əməkhaqqında 37 faiz, median əməkhaqqında 74 faiz artım olub. Bu müddətdə əmək müqavilələrinin sayı 30 faiz artıb. Bütün bu müsbət proseslər nəticədə 4 il ərzində əməkhaqqı fondunda 92 faiz artıma imkan verib və həmin göstərici gələn il daha da artacaq.



Flora SADIQLI,

“Azərbaycan”

Okumaya devam et  Amnesty İnternational: “2021-ci ildə İranda repressiya, işgəncə və insan haqlarının pozulması davam edib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir