Tükənməz xalq məhəbbəti

Tükənməz xalq məhəbbəti - Məhəmməd NƏRİMANOĞLU, “Azərbaycan” /TURKISHFORUM- ABDULLAH TÜRER YENER - haydar aliyev

Tükənməz xalq məhəbbəti – Məhəmməd NƏRİMANOĞLU, “Azərbaycan” /TURKISHFORUM- ABDULLAH TÜRER YENER

Tükənməz xalq məhəbbəti - Məhəmməd NƏRİMANOĞLU, “Azərbaycan” /TURKISHFORUM- ABDULLAH TÜRER YENER - haydar aliyev

Talelərə yazılan sərt sınaqlardan əzmlə çıxaraq xalqın sevimlisinə çevrilmək şərəfli ömür sahiblərinə nəsib olur. Bunu tarix dəfələrlə təsdiqləyib. Bu, həm də çoxlarına nəsib olmayan xoşbəxtlikdir. Xalqımızın Ümummilli Lideri, ictimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyatı örnəyə çevrilən Heydər Əliyevin məhz belə şəxsiyyət kimi tanınmasını, dühası qarşısında baş endirilməsini şərtləndirən səbəb və amillər istənilən qədərdir.

Xalqının tarixində və taleyində günəş kimi parlayan Ümummilli Liderin həyat yolu, ömrü, fəaliyyəti barədə dəfələrlə söz açılsa, yaddaşlara yazılsa da, hər dəfə yeni bir ideyası, vətənə sevgisi üzə çıxır.

…2003-cü ilin soyuq dekabr günlərində paytaxt Bakı sükut, qüssə və kədərə bürünmüşdü. O zaman hüznlü baxışlardan, kədər və qəhərdən yağan göz yaşları yanaqları yandırırdı… Xalq özünün lideri ilə son dəfə vidalaşmaq üçün Fəxri xiyabana üz tutmuşdu. O zaman belə insan seli ancaq 1990-cı ilin 20 Yanvarında görünmüşdü.

Aradan illər keçdi. Lakin Fəxri xiyabana gedən yolun ziyarətçiləri azalmadı, əksinə, artdı. Həm də buna daha qəm-qüssə karvanı da demək olmazdı, çünki ziyarətçilərin, uşaqdan tutmuş böyüklərədək hamının simasında başqa bir hiss duyulurdu.

Dekabrın 12-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edənlərin çöhrəsində yüksək qürur vardı. Bunun səbəbi isə az deyildi. Ən əsası isə o idi ki, Ulu Öndərin memarı olduğu müstəqil Azərbaycanın vətənpərvər xalqı ata nəsihətinə sadiq qalan Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-diplomatik siyasəti ilə 30 il işğalda olan Qarabağın erməni təcavüzkarlarından azad edilməsidir. Ona görə də hər bir ziyarətçi Qələbə sevincini gizlətmirdi.

Ziyarətə gələnlərin arasında bu dəfə də gənclərin daha çoxluq təşkil etməsi səbəbsiz deyildi. Axı, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Qarabağımızı azad edən də məhz gənc nəsil olmuşdu. Cəbrayıl və Füzulidən başlayaraq Şuşayadək ölüm-dirim savaşında şəhid və qazi olan əsgər və zabitlərimizin əksəriyyəti Qarabağda doğulmayan, lakin ata-baba yurdunu sevən, Vətən uğrunda canlarından, qanlarından keçənlər idi.

Ölkənin yüz minlərlə vətəndaşı (nəinki paytaxt sakinləri, respublikamızın ayrı-ayrı bölgələrindən də ziyarətə gələnlərin ardı-arası kəsilmirdi) Ulu Öndərə sonsuz məhəbbətini ifadə etmək üçün Fəxri xiyabana üz tutmuşdu…

“…Heydər Əliyev nadir, unikal, seçilən, dünya siyasətinə təsir etmək gücündə olan lider idi…” Bu fikirləri bildirən Müzəffər Əliyev Birinci Qarabağ müharibəsinin veteranıdır. Oğlu Elçin Əliyev isə 44 günlük Vətən müharibəsinin qazisidir: “…İllərdir Azərbaycanın hərtərəfli inkişafı, nəhayət ki, ötən il özünün ən yeni mərhələsinə çatdı: “Qarabağ düşməndən azad edildi. Əlbəttə, şəhid və qazilərimizin yazdıqları qəhrəmanlıq dastanını unutmaq olmaz. Ordumuz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə bugünkü səviyyəyə çatmışdı. Müzəffər Ali Baş Komandan məhz hər şeyin öz zamanı olduğunu buna görə dəfələrlə səsləndirirdi. Qarabağımızın işğaldan azad edilməsi uğrunda mübarizə məhz Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından dərhal sonra “Horadiz əməliyyatı” ilə başlamışdır. Hər il arzu, niyyətlə müqəddəs məkanı ziyarət edən xalqımız bu gün qürur və fəxarət hissi yaşayır. Ziyarətçilərin arasında “dünyanın o başından” gələnlər də var…”

Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədovun fikirləri qısa və konkret oldu: “Ümummilli Liderin dövlətçiliyin möhkəmləndirilməsinə, vətəndaş cəmiyyətinin formalaşdırılmasına, dünyaya səpələnmiş soydaşlarımızın birliyinin yaradılmasına çalışması hər kəsə məlum idi. Bunlardan ən vacibi isə dünyanın aparıcı dövlətlərinin strateji maraqlarını Azərbaycanın mənafeyi istiqamətində birləşdirməyə nail olması idi. Ulu Öndər bunu öz iradəsi və siyasi təfəkkürü ilə bacardı. 18 ildir ki, Prezident İlham Əliyev həmin siyasəti çox uğurla davam etdirir. Nəticəsi göz qabağındadır: 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə işğal altında qalan doğma yurdlarımız azadlığa çıxdı. Bu torpaqları məhz cənab Prezidentimizin siyasəti qaytardı…”

Respublikamızın müxtəlif bölgələrindən ziyarətə gələnlər də az deyildi. Vəsilə Məmmədova ilə Sevinc İbrahimova Laçından, Şəhla Hacıyeva Bərdədən olduqlarını bildirdilər. Quba Rayon Yeni İctimai Nəzarət Təşkilatının üzvü, Çiçi kənd sakini Könül Hacıyeva, Sabunçu rayon mədəniyyət evinin direktoru Kərim Kərimov, şəhid bacısı Sədaqət Məlikova və digərləri Ulu Öndər Heydər Əliyevin müqəddəs məzarını ziyarət edənlərin sırasında idilər. Onlar Ümummilli Liderin tarixi xidmətlərindən danışdılar.

Nəsimi rayonundakı MKS-də kitabxanaçı vəzifəsində çalışan Sevinc İbrahimova fikirlərini bölüşərkən dedi ki, dünya xalqları da Ümummilli Liderimizin şəxsiyyətinə dərin ehtiram göstərib: “…18 ildir burada gördüyümüz izdiham isə Ulu Öndərin milyonların qəlbində yaşamasının sübutudur. Gələcək nəsillər tarixi şəxsiyyətimizin həyat və fəaliyyətini daim örnək biləcəklər. Bugünkü ziyarət başqa ab-havada keçir. Görürsünüz ki, insanların simasında bir qürur var. Axı, Ulu Öndərimizin vəsiyyəti yerinə yetirilib: Qarabağ işğaldan azad edilib”.

Rusiyanın Sankt-Peterburq şəhərindən Məzahir Əliyev, Nijni-Novqoroddan gəlmiş Nahidə Əliyeva qardaş-bacıları Kəlbəcərdən didərgin düşənlərdən olublar. Bakı Dövlət Universitetinin Hüquq və sosiologiya fakültəsinin məzunu olduqdan sonra Nahidə xanım ailə vəzityyəti ilə əlaqədar Vətəndən uzaqlarda yaşayır. Buna baxmayaraq, hər il Ulu Öndərin məzarını ziyarət etdiyini söyləyir. Onu da bildirir ki, Azərbaycan xalqının xoş və firavan yaşamasına ömrünü həsr edən Ümummilli Lider Heydər Əliyevin bəşəri şəxsiyyət olması yeni tariximizin bütün səhifələrində özünü təsdiqləyir: “Dövlətimizin gənclər siyasəti də bu gün çox uğurla və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycan gənci elmi və intellektual dünyagörüşü ilə dünyadakı həmyaşıdları arasında seçilir. Son illər vətənpərvərlik ruhunda yetişən gənclik Ulu Öndər Heydər Əliyevin siyasi kursunu Azərbaycan Prezidentinin ətrafında sıx birləşməklə davam etdirir. Birliyimizlə, Vətənə sədaqətimizlə erməni təcavüzünə məruz qalmış torpaqlarımızı azad etdik. Bu qələbədə əsas payı olan da məhz gənclərimizdir”.

Ziyarətçilər belə qüdrətli dövlətin banisi Ümummilli Liderlə daim fəxr edəcəklərini deyirlər. Qüdrətli dövlətin qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasətini 18 ildir uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında daha sıx, monolit birliyin nümayişinin səbəbləri az deyil. İctimai-siyasi fəaliyyətini, daha doğrusu, mənalı ömrünün bir qərinədən artıq dövrünü xalqımızın və müstəqil dövlətimizin inkişafına həsr edən, bu yolda misilsiz xidmətlər göstərən Heydər Əliyev zamanın tarixini yaradan və onun fövqündə dayanmağı bacaran, dövlət idarəçiliyini kamil bilən fenomen kimi yazılıb yaddaşlara, həm də silinməz izlərlə…

Bəli, tükənməz xalq məhəbbətinin ifadəsi olan izdiham davam edirdi. Özü də Ulu Öndərin istək və arzusunu gerçəkləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir ildən artıqdır ki, dillərdə aforizmə çevrilmiş şüarı ilə: “Qarabağ Azərbaycandır!”



Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Okumaya devam et  Abbas Lisani əməliyyat olunub

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir