Vətən sizə əmanət – İNCƏ BAXIŞ

Vətən sizə əmanət - İNCƏ BAXIŞ - Təranə MƏHƏRRƏMOVA / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - azerbaycanordususilahlar

Vətən sizə əmanət – İNCƏ BAXIŞ – Təranə MƏHƏRRƏMOVA / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Hərbi hissəyə gedən yolda sıraya düzülən avtomobillərin nə sayı bilinirdi, nə hesabı. Ata-analar, qohum-əqrəbalar, nənə-babalar – hamısı uzaq-uzaq yerlərdən əsgər balasına xeyir-dua verməyə gəlmişdi. İnsafən, ətrafdakı hərbçilər də gələn insanlara həssaslıq və hörmətlə yanaşırdılar. Görünür, bu mərhələdə valideyn-övlad bağının necə bir incə məqam olduğunu onlar qədər anlayan yox idi…

Həyəcanlı və qürurverici…

Hərbi hissənin böyük və səliqəli həyətində ora-bura qaçışan zabit və əsgərlərin həyəcanı, hərbi orkestr üzvlərinin zər paqonlu qırmızı mundirləri də mərasimin təntənəli keçəcəyini xəbər verirdi.

Budur, valideyn və əsgərlərin səbirsizliklə gözlədikləri an gəlib çatdı. Sıraya düzülən yüzlərlə gənc əsgər “Vətənin müdafiəsinə hazıram!” deyə hərbi salam verib, and içdi, Vətəni göz bəbəyi kimi qoruyacağı sözünü verdi. Milli Ordumuzun gəncləri meydan boyu marş sədaları altında nizamla addımladılar. Hamı bir-birindən yaraşıqlı, mehriban üzlü, gülümsər gözlü…

“Hər şey yaxşıdır…”

Mərasim bitən kimi gənc əsgərlərin sanki illərlə görmürmüş kimi ata-analarına, əzizlərinə sarılmaqlarını seyr etmək də ayrı bir aləm idi. Anaların sevinc və narahatlıqlarını ifadə edən göz yaşları, ataların təmkini bir-birinə qarışdı. Əsgərlər valideynlərin “Vaxtlı-vaxtında yemək verirlərmi?”, ”Çimməyə şərait varmı?”, “Komandirlər sizlə necə davranırlar?” kimi suallarına tuş gəlmişdilər.

Dünən evlərindən ayrılan, əllərindən mobil telefon düşməyən, uşaq kimi baxdığımız gənclər sanki bir ay içində böyümüş, kişiləşmişdilər. Danışıqlarında bir əda, qəribə ötkəm yaranmışdı. Valideynlərinə təsəlli verir, “Hər şey yaxşıdır, narahat olmayın!” söyləyirdilər. Həmin anda onların təmkinli davranışı, razılıq ifadə edən baxışları valideynləri üçün ən böyük təsəlli idi.

“Siz yeyin, biz baxaq…”

Ata-analar görüşə əliboş gəlməmişdi. Ürəklərinin sevgisi ilə yanaşı, övladlarının sevdiyi bütün yeməklərdən pay gətirmişdilər. Onlara ayrılan vaxt ərzində övladları ilə baş-başa qalmaq imkanı verilmişdi. Sanki uşaqları başqa planetə gedirmiş kimi onların əllərindən, qollarından yapışmışdılar. Bu anda ata-anaları başa düşmək üçün o qədər də həssas olmaq lazım deyildi. Evlərindən gətirdikləri ərzaqları, cürbəcür yeməkləri stolların üzərinə düzüb övladlarının yeməsinə heyranlıqla tamaşa edir, “siz yeyin, biz baxaq” deyirdilər.

Tanrıya əmanət olun!

Saat 16.00-a qədər verilən görüş vaxtı bitdi. Hamı övladı ilə görüşüb ayrıldı. Ölkənin hansı bucağında, hansı hərbi hissədə xidmət etməsindən asılı olmayaraq, hamı ciyərparasını Vətənə əmanət etdi: “Vətəni qoruyun”, ”Tanrıya əmanət olun!” dedi.

Yolun açıq olsun, Azərbaycan əsgəri! Vətən Sizə əmanət!

Təranə MƏHƏRRƏMOVA

Okumaya devam et  Azərbaycan hərbçiləri Laçın yollarını bağladılar! Xain terror aktına açıq cavab!

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir