Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını tələb edirik

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını tələb edirik
Azərbaycan Respblikasının Prezidenti İlham Əliyev cənablarına tarafına İctimai Təşəbbüslər Mərkəzi bu kampanyayı başlattı

Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun işğalçı Ermənistana və onun himayə etdiyi separatçı –terrorçu Dağlıq Qarabağ rejiminə qarşı həyata keçirdiyi antiterror əməliyyatı – Vətən müharibəsi nəticəsində cəmi 44 gün ərzində işğal olumuş ərazilərimizin böyük hissəsi, o cümlədən ölkəmizin mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri Ermənistanın işğalından azad edildi. Bu tarixi zəfər Azərbaycan xalqının müzəffər Ordumuza, dövlət hakimiyyətinə böyük dəstəyi və qardaş Türkiyə dövlətinin misilsiz siyasi-hüquqi və hərbi-texniki yardımı sayəsində əldə olundu. Bu tarixi nailiyyətlər xalqımızda böyük sevinc və qürur hissi doğurur. Son vaxtlarda qəhrəman Türkiyə Ordu hissələrinin Qarabağa gətirilməsi xalqımızın ölkəmizin gələcəyinə, xarici qəsbkarlar üzərində tam və qəti qələbəsinə ümid və inamını daha da artırmışdır.Məhz bu çox xoş hisslərlə Sizə müraciət edirik.
Biz, bu sənədi imzalayan şəxslər belə hesab edirik ki, Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat-anlaşma nəticəsində ölkəmizin cənnət guşələrindən Ağdam, Kəlbəcər və Laçın rayonlarının da düşməndən təmizlənməsi, Naxçıvana dəhliz -yolun açılmasının nəzərdə tutulması Azərbaycan ordusunun möhtəşəm qələbələrinin məntiqi nəticəsidir. Lakin həmin üçtərəfli anlaşmanı əsas tutaraq Rusiya qoşunları çoxsaylı ağır hərbi texnika ilə “sülməramlı qüvvə” adı altında Azərbaycanın Qarabağ regionuna gətirilərək dəqiq təsvir olunmayan “təmas xəttində” və 5 km. enində nəzərdə tutulan Laçın dəhlizində yerləşdirilmiş və keçmiş “Dağlıq Qarabağ vilayəti”ndə yaradıılmış separatçı rejimi dirçəltmək üçün fəaliyyətə başlamışdır.
Tarixi faktlar subut edir ki, son 30 ilə yaxın müddət ərzində Rusiya “sülhməramlı qüvvə” adı altında hərbi kontingent göndəriyi bütün postsovet ölkələrində, o cümlədən Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım, Donetski və Luqanski bölgələrində işğalçılıq və ilhaq siyasəti həyata keçirmiş və keçirir. Qeyd etməliyik ki, keçmiş Sovetlər İttifaqının 366-cı motoatıcı alayı da ilk dəfə “sülhməramlı” adı altında Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmişdi. SSRİ-nin süqutundan sonra Rusiya silahlı qüvvələrinin nəzarəti altına keçən həmin hərbi birləşmə 1992-ci il fevralın 26-da erməni terrorçuları ilə birlikdə Qarabağın Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı vəhşi soyqırım törədilməsində iştirak etmişdir.
Yuxarıda göstərilən Bəyanat-anlaşma əsasında hazırda Rusiya silahlı qüvvələrinin “sülməramlı qüvvə” adı altında Azərbaycan ərazisində fəaliyyəti milli və beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə tamamilə zidd, qanunsuz aktdır. Bunu aşağıdakı hüquq normaları açıq-aydın subut edir:
1. Ölkəmizin qanunvericilik aktlarına görə üç dövlət başçısının imzaladığı “anlaşma sənədi”nin Azərbaycanda heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, 1991-ci il oktyabr ayının 18-də Ali Sovet (parlament) tərəfindən qəbul edilən və az sonra referendum yolu ilə xalq tərəfindən təsbit olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının” 12-ci maddəsinə görə, “dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır”. Bundan başqa Konstitusiya Aktının 12-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir”, “Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlərlərə və dövlət ittifaqlarına vermir”. Bu müddəalardan aydın şəkildə görünür ki, “sülhməramlı” adı altında Rusiya qoşunlarının Azərbaycana gətirilməsi və onların Qarabağda “təmas xətti” boyunca ərazilərimizə nəzarət etməsi həmin yerlərdə Azərbaycan dövlətinin suveren hakimiyyətini məhdudlaşdırır. Bu məhdudlaşdırıcı hallar isə azad surətdə keçirilən referendum yolu ilə bütün Azərbaycan xalqının razılığı (referendum) əsasında həyata keçirilmədiyinə görə xalqımızın iradəsinə zidd, işğalçılıq aktıdır.
2. Beynəlxalq hüquqa əsasən hər hansı ölkədə sülhməramlı qüvvələrin yerləşdirilməsi BMT-nin Təhlükəsizlik Şurasının qərarı və mandatı ilə həyata keçirilməlidir. BMT sülhməramlıları olmayan missiyalar da öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanmalı, qərəzsiz və tərəfsiz olmalı, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etməlidir. Lakin Ermənistanla hərbi ittifaq bağlayan Rusiyanın münaqişə zonasında qərəzsiz və tərəfsiz missiya ilə çıxış etməsi mümkünsüz olduğuna görə onun Azərbaycanın yurisdiksiyasına aid olan Dağlıq Qarabağa “sülhməramlılar” adı altında qoşun yeritməsi BMT-nin müəyyən etdiyi baza prinsiplərinə ziddir və qanunsuzdur.
Rusiya “sülhməramlıları” qısa vaxt ərzində keçmiş Dağlıq Qarabağ vilayəti ərazisində milli və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqla və həmin bölgədə işğalçılıq hərəkətlərinə yol verməklə ölkəmizin dövlət müstəqilliyi və suverenliyi üçün ciddi təhlükələr yaratmışdır. Bunu aşağıdakı hallardan və faktlardan aydın şəkildə görmək olar:
1. Rusiya qoşunları sülhməramlı fəaliyyətlə bir araya sığmayan hərbi döyüş silahları ilə təchiz olunaraq faktiki olaraq Dağlıq Qarabağda hərbi baza qismində fəaliyyət göstərir.
2. Rusiya hökuməti Azərbaycan Respublikasının suveren hüquqlarını kobud şəkildə pozaraq “sülhməramlıların” fəaliyyətinin tənzimlənməsi barədə Azərbaycan hakimiyyəti ilə deyil, işğalçı Ermənistan höküməti ilə anlaşmalar imzalayır.
3. Azərbaycan Respublikasının Sovet İttifaqının və ya Azərbaycan SSR-nin deyil, Azərbaycan Xalq Cumhuriyyətinin varisi olmasına, Sovet dövrünün qanunları və inzibati aktlarının müstəqil Azərbaycan Respublikasında hüquqi qüvvəsini itirməsinə, Konstitusiya Aktının 4-cü maddəsini əsas tutaraq ölkə parlamentinin qərarı ilə 1991-ci ildə “Dağlıq Qarabağ muxtar vilayəti”nin ləğv edilməsinə, bəzi rayonların inzibati- ərazi vahidlərində dəyişikliklər edilməsinə baxmayaraq, Rusiya “sülhməramlıları” öz missiyasını aşaraq və ölkə qanunvericilik aktlarının tələblərini kobud şəkildə tapdalayaraq Dağlıq Qarabağın Sovet dövrünə aid inzibati xəritəsi əsasında Kəlbəcər rayonunun inzibati-ərazi vahidlərinin bir hissəsini, o cümlədən onun zəngin qızıl mədəninin yerləşdiyi ərazisini əsasən ermənilərin yaşadığı Ağdərə rayonuna daxil etməyə çalışır ki, bu da dövlətimizin suverenliyinə kobud müdaxilə və cinayət əməlidir.
4. Rusiya “sülhməramlıları” “humanitar dəhliz” yaradılması barəsində razılaşmanı bəhanə edərək Azərbaycanı Laçın şəhərinə və Ermənistanla sərhədin 5 km. eni boyu əraziyə nəzarət etmək hüququndan məhrum etmişdir ki, bu da ölkəmizin ərazi bütövlüyünün qorunmasına və dövlət sərhədlərinin toxunulmazlığına qarşı qəsd və işğalşılıq aktıdır.
5. Rusiya hökuməti işğalçılıq niyyətlərini reallaşdırmaq məqsədilə keçmiş “Dağlıq Qarabağ vilayət”nə daxil olan rayonların əksər hissəsinin Azərbaycanın yurisdiksiyasına keçməsinə və həmin yerlərdə müvafiq dövlət orqanlarının yaranmasına mane olmağa çalışır.
6. Rusiya “sülhməramlıları” işğalçı Ermənistanla və Dağlıq Qarabağda qurulmuş separatçı rejimin başçıları ilə sıx əməkaşlıq edərək qondarma “DQR”-i dirçəltmək və onu müstəqil dövlət kimi tanıtmaq üçün açıq və gizli fəaliiyyətlər göstərir.
Yuxarıda göstərilən hallar və hüquq normaları subut edir ki, Rusiya “sülhməramlıları”nın Azərbaycana gətirilməsi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın, ölkə Konstitusiyasının və beynəlxalq huququn norma və prinsiplərinə tamamilə ziddir və dövlətimizin suverenliyini məhdudlaşdıran, ölkəmizin müstəqillinə təhlükə yaradan işğal aktıdır və buna görə də bu işğal qoşunları ölkədən çıxarılmalıdır.Bununla bərabər Azərbaycan hakimiyyəti dövlət müstəqilliyinin bərpası elan edilənə qədər ölkənin dövlət suverenliyinə və ərazi bütövlüyünə zidd olan aktların Azərbaycanda hüquqi qüvvəsinin olmadığı barəsində Konstitusiya Aktının 4-cü maddəsinə istinad edərək Rusiya ilə Ermənistan arasında bağlanılmış 2 dekabr 1920 ci il tarixli hərbi-siyasi müqavilə əsasında Ermənistanın tərkibinə verilən Zəngəzur qəzasının, sonralar Sovetlər İttifaqının ermənipərəst rəhbərliyinin tapşırıqları və qərarları ilə Ermənistana “bağışlanan” digər ərazilərimizin qaytarılmasını tələb etməkdə haqlıdır və bu istiqamətdə gərəkli addımlar atmalıdır.
Hörmətli cənab prezident,
Biz, bu müraciəti imzalayan siyasi partiyalar, ictimai təşkilatlar və ictimai xadimlər yuxarıda göstərilən halları, ölkəmizin milli qanunvericilik aktlarının və beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq və xalqımızın ali mənafeyini və iradəsini ifadə edərək Azərbaycan hakimiyyətini aşağıdakı təkliflərimizi təxirə salmadan həyata keçirməyə çağırırıq:
1. Rusiya “sülhməramlıları”nın Azərbaycan Respublikasının ərazi bütövlüyünə və dövlət suverenliyinə qarşı yönəldilmiş bütün hərəkətlərinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilsin.
2. Rusiya “sülhməramlıları”nın və erməni separatçılarının nəzarəti altında olan Xankəndində və ətraf ərazilərdə Azərbaycanın suveren hüquqlarının və müvafiq dövlət orqanlarının fəaliyyətinin bərpa olunması ilə bağlı təxirəsalınmaz tədbirlər görülsün.
3. Türkiyə Cumhuriyyətinin hərbi kontingentinin keçmiş Dağlıq Qarabağ vilayətini əhatə edən ərazilərdə yerləşdirilməsi və onun Azərbaycanın hərbi birləşmələri ilə birgə həmin ərazilərdə atəşkəsə və dinc yaşayışa nəzarəti təmin etməsi üçün müvafiq saziş və müqavilələr bağlanılsın.
4. “Sülhməramlı” missiya ilə bir araya sığmayan qanunsuz əməllərə yol verdiyinə, işğalçı Ermənistanla və qondarma “DQR”-in separatçı-terrorçu rejiminin başçıları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyinə və Azərbaycan dövlətinin suveren hüquqlarını pozduğuna görə Rusiyanın hərbi qüvvələri təxirə salınmadan ölkə ərazisindən çıxarılsın.
5. Milli və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla Sovet İttifaqının mərkəzi orqanları tərəfindən Ermənistanın tərkibinə verilən Zəngəzur qəzasının və digər ərazilərin Konstitusiya Aktının 4-cü maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycanın yurisdiksiyasına qaytarılması ilə bağlı siyasi və hüquqi-siyası tədbirlər hazırlanıb həyata keçirilsin.


Yazıları posta kutunda oku


“Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını tələb edirik” için bir yanıt

  1. Çinarə avatarı

    Eski düşmandan dost olmaz

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir