Yolsuzluğa karşı mücadileyi nütfesində rişvət olmayanlar aparmalıdır

Gülnara İnanc - 1490623 h
, ,

Gülnara İnanc

Cəmiyyətimizin rüşvət bəlası və bundan qurtulma yolları vətəndaşlar arasında ən çox müzakirə olunan mövzulardandır. Harama meylin genetik ötürülməsi, oğurluğun miqdarından asılı olmayaraq günah olması, ilk yalançının şeytan olması və sair mövzuları islamınsesi.az saytı üçün Azərbaycan İslam Partiyasının sədr müavini Hacı İnqilab Əhədli şərh edir.
– İslamda rüşvət və oğurluq, yəni halal və haram necə müəyyənləşib?
– İslamda halal və haram əxlaqi amildir. Halal və haramı tanımaq insanın İslamı ən yüksək səviyyədə əxlaqa malik olmasına dəlalət edir. Əgər hər hansı bir cəmiyyət, rəhbər, məmur haram və haramın yerini bilirsə, onun ədalətinə dəlalət edir. Ədalət əxlaqdan doğur. Hətta insan öz ailəsində , tabeçiliyində olan həddi-buluğa çatmamış övladına qarşı belə ədalətlidir. Bu ədalət insandan ailəsinə, oradan cəmiyyətə siraət edir.
Peyğəmbər (s.a.s) buyurur ki, mən gözəl əxlaqları həyata keçirirəm. Birinin bildiyi bir mövzunu başqasından səbrlə dinləməsi belə ədalətdir və əxlaqdır. Əxlaq içində bir səbr də var. Həzrəti Məhəmməd (s.a.s) onun vasitəçiliyi ilə İslamı qəbul edən Əbuzər Ğəffaridən məsləhət alırdı. Əbuzər təvazökarlıqdan bunu etmək istəməyəndə Həzrəti Rəsul israrla dedi ki, demirəm ki, mənə elm öyrət, deyirəm ki, mənim yadıma sal. Yüksək əxlaq odur ki, qarşımdakı insanı elə dinləyirəm ki, o, elə bilir ki, mən ondan nəsə öyrənirəm.
İman gətirdiyimiz Allahın əmrinə görə halal və haram nəyi bilibsə, onu şəksiz və müzakirəsiz qəbul etməliyik. Allah-Təala bizi od, torpaq, hava, su kimi ünsürlərdən əlavə bir İlahi eşqlə yaratdı. Məhəbbətdən yaranan insan onu Yaradanın göstərişlərinə – Qurana sözsüz itaət etməlidir.
Məhəmməd (s.a.s) buyurur ki, ey Allahın bəndələri, siz xəstə, bütün aləmləri yaradan Xaliq isə həkimdir. Xəstənin sağlamlığı həkimin məsləhətinə qulaq asmaqdadır. Xəstə Həkimə təslim olmasa , o, şəfa tapa bilməz.
«İnsan» sözünün bir mənası da «unutqan» deməkdir. Qurani Kərimdə Allah dəfələrlə «Allahdan qorxun» əmrini təkrar edir. Allah yaratdığı insanın unutqan olduğun bildiyi üçün ona müxtəlif vasitələrlə – peyğəmbərlər, imamlar, övliyalar və sair vasitələrlə Yaradanı xatırlamağa çağırır.
Peyğəmbər (s.a.s) bizə səbrli olub dinləməyi və məsləhət almağı bir irs qoyub gedib.
Halal insanın geyimindən tutmuş yeməyinə, nitqindən tutmuş ailəsinə qədər ictimai-siyasi, şəxsi-mədəni-sosial həyatında olan hər şeyə aiddir. Sözün də halalı və haramı var. Sözlərimizdən şəxsə və cəmiyyətə ziyan gəlirsə, bu artıq haramdır.
Qazancın da halal və haramı var. Məsələn, əti yeyilməyən heyvanların, spirtli içkilərin satışı da haramdır. Bir insan ki, övladlarına haram tikə yediribsə, həmin uşaqdan halal gözləmək olmaz. Biri Peyğəmbərdən (s.a.s.) soruşdu ki, doğulmuş uşağı necə tərbiyə edim? Allahın Rəsulu cavab verdi ki, sən artıq gecikmisən. Həmin şəxs dedi ki, axı uşaq bu gün doğulub? Mən necə gecikə bilərəm? Məhəmməd peyğəmbər isə cavabında dedi ki, sən o uşağın nütfəsi qoyulanda tərbiyəyə başlayaydın, yəni özündən. Bir ata, malına haram qatmadan çörək qazanıbsa, onun övladı halal-haram bilər. Məsələn, satılan süddən iki cür qazanmaq olar. Biri südə su qatar və heç kəs bilməz deyə haram qazanar. O birisi isə südü olduğu kimi satar və halal pul qazanar. Başqasından aldığın südün qiymətinin üstünə az miqdar pul qoyub qazana bilərsən. Bu halaldır. Ehtiyacın olması insana haram qazanca, başqasının malını qəsb etməyə rəvac vermir. Başqasını aldadanda kimsə bilməsə də sən özün və Allah bilir sənin oğurluğunu və haramını. Əgər cəmiyyətin gözəl əxlaqlı və ədalətli olmasını istəyiriksə, övladlarımızı halal zəhmətlə böyütməliyik. Ədalət elmlə olmur. Ədalət bir də təkrar edim ki, ən yüksək əxlaqdır. Əxlaq və ədalətin mayası insanın nütfəsilə qoyulur və genetik olaraq nəsildən nəsilə keçir.
Yalan danışmaq böyük günahdır və haramdır, Şeytanın hiyləsidir. İlk yalan danışan Şeytan olub. O, Adəm və Həvvanı aldadıb cənnətdən çıxardı. Halalı yalanla qazanırsansa, bu haramdır. Məsələn, mal əti halaldır, amma onu yalanla evə gətirirsənsə, bu haramdır.
– Cəmiyyətdə belə bir fikir formalaşıb ki, kasıb kimisə 50 qəpik aldadırsa, yaxud işlədiyi yerdən bir kq. qənd oğurlayırsa bu, haram deyil. Amma məmurun 50 mln. dövlət büdcəsindən etdiyi oğurluq haramdır. Haram çəki və məbləğlə ölçülə bilərmi?
– Şəriətdə oğurluğun nə 50 qr. var, nə də 50 min tonu. Nə 50 qəpiyi var, nə də 50 mln. manatı. Haram zərrə qədər də olsa haramdır, çox da olsa. Əgər düşünsək ki, az oğurlasam cəzam az olar, çox oğurlasam çox, bu zaman Allahda ədalətli olmaz (nəuzu billah) ki?! Allahın haram dediyini az və çox olmasından asılı olmayaraq haramdır. Ən böyük günah günahları kiçik bilmək, özünə bəraət verməkdir. Yəni, mən filankəsə nisbətdə neyləyirəm ki?! İstər ailə, istər dövlət, istər cəmiyyətdə halal-harama riayət olunsa, Allahın rəhməti o məmləkətin üstünə yağar.
Korrupsiyanın yayğın olduğu bir cəmiyyətdə yaşayırıq. İslama görə, rüşvət ən böyük əxlaqsızlıqdır. Əgər biri mütəxəssisi işə götürəndə onun biliyi və təcrübəsini nəzərə almayaraq, rüşvətlə işə götürürsə, onlar arasında əxlaq pərdəsi götürülür. Rüşvət alan rüşvət verənin qarşısında xəcalətli olur, ondan işin keyfiyyətini tələb edə bilmir. Məmləkətin taleyüklü məmurları rüşvətlə işləyirlərsə, ən dərin əxlaqsızlıq quyusuna yuvarlanıblar. Məhkəmədə məhkum olunanın günahı təsdiq olunmursa, hakim ədalətli qərar çıxarmalıdır.
– Hətta bəziləri öz əməllərinə bəraət verərək deyir ki, dövlətin malını oğurlamaq halaldır…
– Dövlətdən oğurlamaq halaldır kimi bəraətlərin ortaya çıxması cəmiyyətdə korrupsiyanın kök salması nəticəsində yaranıb. Amma bu, oğurluğa və harama bəraət vermir. Dövlət – xalq deməkdir. Dövlətin malını mənimsəyən 9 mln. xalqın malını mənimsəyir. Paltarın çirkini çirkli su ilə yumazlar, təmiz su ilə yuyarlar. Dövlətdən oğurlamağın halal olduğunu deyənlər, çirki çirklə yuyurlar. Əgər hakimiyyətin haqqımızı yeməməsini istəyiriksə, mübarizə aparmalıyıq, haqqımızı onlara verməməliyik, oğru olmamalıyıq.
Əgər biri gəlib mənim malımı oğurlayıb, mən də bunu üzə vurmuram və gözləyirəm ki, vaxt gəlsin mən də ondan oğurlayım. Allah təala deyir ki, insanlar azad yaranıb. Yalnız Allaha xidmət etməyə, onun qoyduğu qanunlarla yaşamağa çalışsan, cəmiyyət səndən xeyir görər. Allaha xidmət edən dövlətə xidmət edir, xalqa, vətəninə xidmət edir. Allah deyir ki, başqasının malına əl uzatma. Demir ki, kimsə görməsə əl uzat və oğurluq elə. İnsan içində Allah xofu və daxili vicdanı ilə yaşasa, harama əl uzatmaz.
Allah Quranda buyurur ki, haqqınızı tələb edin. Mübarizənin mərhələləri var. Bütün yolları sınayırsan, haqqının yeyilməsinə imkan vermirsən, rüşvət vermirsən və rüşvət almırsan.
– Başqa bir fikir yayqındır ki, cəmiyyətimizdə rüşvət verməmək mümkün deyil. Bu, vətəndaşların haqqını rahatca verməsi və haqqı uğrunda mübarizə aparmamasına bəraət deyilmi?
-İslamda rüşvət vermək də, almaq da günahdır. Bunu deməkdə məqsədim rüşvəti müdafiə etmək deyil. Rüşvəti verməmək və rüşvətə qarşı mübarizə aparmaq lazımdır. Məsələn, donuzun əti haramdır, amma donuz ətindən başqa yeməyə bir şey olmadığı yerdə müvəqqəti olaraq donuz əti yemək olar. Məsələn, əgər birinin övladı ağır xəstədir və təcili əməliyyata ehtiyacı var. Onu dövlət xəstəxanasına gətirəndə həkimlər ona yaxın durmur və səndən rüşvət istəyir. Bu halda valideyn rüşvətə qarşı olsa da , mübarizə aparmaq istəsə də çaşır. Çünki onun övladının taleyi həll olunur. Düzdür, bu halda biz rüzvət verməklə mübarizədən soyuyuruq, lakin həmin valideynin yerinə özümüzü qoysaq neyləyəcəyimizi demək çətindir.
Millət rüşvətlə və digər eybəcərliklərə qarşı mübarizədə israrlı olmalıdır. Allah Təala deyir ki, bir millət öz taleyini dəyişmək istəməsə, Mən onun taleyini dəyişməyəcəym. Biz bir millət kimi həm halal və haramı tanımalı, həm də onu təbliğ etməliyik. Özümüz bu qaydaya riayət etməliyik, yəni rüşvət verməməliyik, rüşvət almamalıyıq ki, bunu başqalarına təbliğ edək. Yalnız bu halda təbliğatımızın təsiri olacaq.
Peyğəmbərin (s.a.s) yanına bir kişi öz oğlunu gətirdi. Uşağın qızdırması vardı. Peyğəmbər (s.a.s) ondan soruşdu ki, uşaq gün ərzində nə yeyib. Məlum olur ki, uşaq xurma yeyibmiş. Məhəmməd səlavatullah kişiyə deyir ki, indi uşağı apar, sabah gələrsən. Sabahısı gün gələndə isə kişiyə deyir ki, qoy uşaq daha xurma yeməsin. Kişi deyir ki, bəs niyə bunu dünən demirdin. Mən bu qədər yolu gedib gəldim. Peyğəmbərimiz (s.a.s) deyir ki, dünən mən özüm xurma yemişdim. Odur ki, sözümün təsiri olmazdı. Korrupsiyaya qarşı korrupsiya ilə məşğul olmayan, rüşvət almayan insanlar məşğul olmalıdır.
Təbii ki, həyatda mübariz, prinsipial insanlar var. Onlar nə qədər çətinlik olursa – olsun rüşvət vermirlər və almırlar. Təəssüf ki, hələ də cəmiyyətimiz mübarizəyə hazır deyil. Çünki rüşvət alan məmurların və rüşvət verən vətəndaşların nütfəsi haramla qoyulub. Peyğmbərimiz deyirdi ki, dibinə şərab tökülən ağacın meyvəsi 150 il haramdır.
İnsanlar var ki, ondan rüşvət istəməməmiş sənədlərinin arasında pul qoyur. Təəssüf ki, cəmiyyətimizdə rüşvət şərti refleksə çevrilib.
Azərbaycanda mənəvi maarifləndirmə olmalıdır. Amma bununla məşğul olan adamlara qarşı yasaqlar qoyulub. Xalqı idarə edən hakimiyyət tövbəkar olmalıdır. Hətta onların günahlarına bəzi dindarlarımız belə rəvac verir.
– İnsanları Həccə göndərməklə savab qazanmağa çalışan məmurlarımız da var. Bu yolla haramın günahı yuyularmı?
– Həccə getməyin şərtlərinə görə, sağlamlığım olmalı, maddi imkanım olmalıdır. Əgər mən Həcc üçün yetişmişəmsə, kimsə mənim ziyarətimin xərcini çəkmək istəyirsə, bu, savabdır. Amma Həcc pulunu verən şəxsin qazancının mənbəyi bilinməlidir- halal və haram olması məlum olmalıdır. Əgər biri, haramla pul qazanıbsa, özünü Allahın qabağında qarantiyaya almaq istəyirsə, yəni Allahla ticarət edirsə, bu, haramdır. İnsan imanlı olsa, özünü hazırlayar və əvvəl-axır Həccə gedər.
Əgər nazir, yaxud başqa bir məmur, rüşvətindən deyil, aldığı halal maaşının zəkatını və xümsünü verdikdən sonra, ailəsinin illik gəlirini çıxardıqdan sonra yerdə qalan pulunu toplayıb kimisə həccə göndərə bilər. Məni həccə göndərən kəsin məqsədi də məlum olmalıdır. Bəlkə həmin şəxs məni gələcək siyasi məqsədləri üçün istifadə etmək niyyətindədir. Kimsə birini Məkkəyə göndərirsə, həm xərcin halallığı , həm də göndərənin məqsədi məlum olmalıdır ki, başqalarına alət olmasın. Məmurların əksəriyyəti dindarları həccə məhz siyasi məqsədlərlə göndərdiyinə əminəm.