GENERALIN QƏTLİNDƏ RUSİYA İZİ TAPILDI

Nazir müavininə sui-qəsdlə bağlı yeni məlumat “Rail Rzayevin həyatına son qoymuş güllənin gilizi yalnız rus xüsusi xidmət orqanlarının işlətdiyi «Qlobus» markalı silaha uyğun gəlib. - general rail rzayev

Nazir müavininə sui-qəsdlə bağlı yeni məlumat “Rail Rzayevin həyatına son qoymuş güllənin gilizi yalnız rus xüsusi xidmət orqanlarının işlətdiyi «Qlobus» markalı silaha uyğun gəlib.

general-rail-rzayevMüdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsindən 2 aydan artıq vaxt keçir. Ötən müddətdə qətllə bağlı çoxsaylı versiya və fikirlər səslənib. Rəsmilərdən yalnız milli təhlükəsizlik naziri Eldar Mahmudov martın sonlarında «Zerkalo» qəzetinə müsahibəsində qətllə bağlı 4 versiya üzərində iş getdiyini üstüörtülü olsa da bildirib.

E.Mahmudov versiyaları konkretləşdirməsə də sonradan 4 versiya mətbuatda dərc olundu. Həmin versiyalardan biri generalın Rusiyanın geosiyasi maraqlarının qurbanı olması ilə bağlı idi. Sonradan bu versiyanı dəstəkləyən bir neçə xəbər yayıldı.

Dünən bu versiyanı gücləndirən daha bir məlumat almışıq. Məlumatda deyilir ki, generala atılan güllənin hadisə yerində tapılan gilizinin hansı silaha aid olması araşdırılarkən Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin arxivində eyniləşdirmə üçün uyğun giliz tapılmayıb. Başqa sözlə desək, arxivdə gilizə uyğun silaha rast gəlinməyib

Aparılan araşdırmalar zamanı gilizə uyğun gələn silahın Rusiya xüsusi xidmət orqanları üçün məhdud sayda istehsal olunduğu aydınlaşıb. «Qlobus» markalı silahın barmaq izini tanıma funksiyasının və səssiz, ardıcıl bir neçə atəş aça bilmək imkanının olduğu bildirilir. Bu qətli icra edən qatilin indiyə kimi tapılmaması da cinayətin professional tərəfindən icra olunmasına dəlalət edir.

Aldığımız digər bir xəbərə görə, qətli araşdıran əməliyyat-istintaq qrupu cinayətin açılması üçün gecə-gündüz müxtəlif tədbirlər həyata keçirir.

Xatırladaq ki, generalın qətli ilə bağlı digər 3 versiya isə aşağıdakılar idi:

1. Generalın qətlindən 8-9 saat sonra ilk versiya kimi onun tikinti biznesi ilə bağlı öldürülməsi barədə məlumatlar yayıldı. Bu versiyanın tərəfdarları deyirdilər ki, R.Rzayevin tikinti sektorundakı fəaliyyəti bu sahəni monopoliyaya alan qüvvənin planları ilə üst-üstə düşməyib və nəticədə general öldürülüb.
2. Qətldən 20 gün sonra generalın ailə münaqişəsi zəminində öldürülməsi ilə bağlı xəbərlər yayıldı. Bu xəbərləri dəstəkləyən məlumat isə R.Rzayevin əmlakı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qətli araşdıran istintaq qrupu tərəfindən sorğu göndərilməsi oldu. İstintaqın general Rzayevin ikinci həyat yoldaşının yaxını tərəfindən öldürülməsi versiyasını əsas götürməsi ilə bağlı xəbərlər gəldi. Həmin xəbərlərdə deyilirdi ki, R.Rzayevin iki ailəsi olub. Birinci ailəsini ölümündən xeyli əvvəl İsrailə göndərib. Özü də ora getmək fikrində olub. Hətta qətlindən sonra istintaqçılar R.Rzayevin iş yerində sənədləri yoxlayarkən onun adına rəsmiləşdirilmiş İsrailə aviabilet də tapıblar. Aviabiletin üzərindəki tarix fevralın 12-i olub.
3. Digər bir versiya isə generalın silah alveri ilə bağlı öldürülməsi idi. Həmin versiyaya görə, silah alverindən böyük məbləğdə əldə olunan gəlirin bir hissəsi yoxa çıxıb. Bunun hesabını isə R.Rzayevdən soracaqlarmış. Həmin alverdə əli olanlar generalı aradan götürüb sorğu-sualdan özlərini yayındıra bilərdilər. Ümumilikdə isə general Rzayevin qətli ilə bağlı ictimai rəydə belə bir fikir var ki, bu cinayət işi açılmayan cinayət kimi arxivə göndəriləcək.

Mahir TURAN

Kaynak: www.musavat.com, 19.04.2009


Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir