İLHAM ƏLİYEV islahatlarının uğur simvolu

İLHAM ƏLİYEV islahatlarının uğur simvolu- Əli ƏHMƏDOV, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini/ TURKISHFORUM – ABDULLAH TÜRER YENER

İLHAM ƏLİYEV islahatlarının uğur simvolu- Əli ƏHMƏDOV, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini/ TURKISHFORUM - ABDULLAH TÜRER YENER - ilhamaliyev mehribanaliyev

Birinci vitse-prezident Mehriban xanım Əliyeva – inam, etimad və sədaqət ünvanı

İnklüzivlik və islahatçılıq müasir Azərbaycan cəmiyyətinin fərqləndirici xüsusiyyəti kimi diqqəti cəlb edir. Son bir neçə il ərzində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi, siyasi, idarəçilik islahatları ölkənin həyatında yeni meyil və təşəbbüslərin əsasını qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq imicinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təkan vermişdir.

Ölkəmizin dünyanın ən islahatçı 10 dövləti sırasında yer tutması özlüyündə böyük beynəlxalq nailiyyət olub, onun müşahidə etdiyimiz inkişafının və müasirləşməsinin etibarlı əsası rolunu oynamaqdadır.

2016-cı ildə keçirilən referendum və Azərbaycanın Konstitusiyasında edilən dəyişikliklər ölkəmizdə siyasi və idarəçilik islahatlarının növbəti mərhələsini əks etdirir. Vitse-prezident institutunun təsis edilməsi dövlət idarəçiliyi sahəsində həm islahatçılıq konsepsiyasının ardıcıl surətdə həyata keçirilməsinin məntiqi nəticəsi, həm də yeni hədəflərə doğru inamlı addımların başlanğıcı sayılmaq qədər tarixi əlamətdarlıq yükü daşıyır. Lakin diqqəti çəkən və düşünülən islahatların gələcək uğurlu taleyinə zəmanət verən cəhət təsis edilən Birinci vitse-prezident vəzifəsinə ölkənin ictimai və siyasi həyatında yaxından iştirak edən, insanların dərin məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın təyin olunmasıdır.

Həmin tarixi hadisədən 5 il keçir. Zaman nəinki sözügedən təyinatın doğruluğunu tam təsdiq etdi, həm də bu seçimin Prezident İlham Əliyevin islahatlarının uğur simvoluna çevrildiyini nümayiş etdirdi.



Heydər Əliyevin ideyalarına dərin inam



Məmnunluq hissi ilə qeyd edilməlidir ki, Mehriban xanım Əliyevanın müasir Azərbaycan iqtidarının ən parlaq nümayəndəsi olması tək Azərbaycanda deyil, hətta onun hüdudlarından kənarda da etiraf edilən həqiqətlərdəndir. Cəmiyyətimiz üçün yeni olan bir sıra təşəbbüs və layihələrin birbaşa onun adı ilə bağlı olması, onun rəhbərliyi altında həyata keçirilməsi və ölkəmizə mühüm dividendlər gətirməsi insanlarımız tərəfindən dərk edilir və yüksək qiymətləndirilir.

Heydər Əliyev ideyalarına sədaqət, onun dövlətçilik konsepsiyasına xas olan ideyalara bağlılıq hazırkı iqtidarın kadr potensialının başlıca xüsusiyyəti, onun səmərəli fəaliyyətinin əsas təminatı sayıla bilər. Ölkəmizdə ötən əsrin 90-cı illərinin ikinci yarısından etibarən ardıcıl olaraq qazanılan nailiyyətlər və qələbələr Heydər Əliyevin və İlham Əliyevin müdrik rəhbərliyi altında Ulu Öndərin ideyalarını dərindən mənimsəyən vətənpərvər siyasətçi və dövlət məmurlarının fədakar əməyinin nəticələridir. Dövlətə ləyaqətlə xidməti Heydər Əliyev ideyalarına sədaqət anlayışından ayrılıqda təsəvvür etməyən və edə bilməyən ictimai və siyasi xadimlərin ön sırasında Mehriban Əliyevanın xüsusi diqqəti cəlb etdiyi ayrıca qeyd olunmalıdır.

Mehriban xanımın Azərbaycan dövlətinə sədaqətlə xidmət göstərməsi Heydər Əliyev ideyalarına dərindən bağlılığını ifadə etdiyi kimi, onun Ulu Öndərin ideyalarına sədaqəti də eyni dərəcədə öz ifadəsini dövlətə yüksək ləyaqətlə xidmətində tapır. Hər iki halda mahiyyətcə eyni missiya həyata keçirilmiş olur: dövlətə xidmət Heydər Əliyevin ideyalarına sədaqəti ifadə edir və Ümummilli Liderin ideyalarına sədaqət dövlətə fədakarcasına xidmət anlamında qəbul edilir.

Deməli, Mehriban Əliyeva dönməz Əliyevçi olduğu qədər də qatı dövlətçidir və bu cəhətlər onun şəxsiyyətinin başlıca xüsusiyyətini göstərir.

Mehriban xanımın Heydər Əliyev ideyalarına dərindən bağlılığı onun bu ideyaların doğruluğuna, həyati gücünə, ölkənin, xalqın və dövlətin maraqlarından qaynaqlandığına inamından irəli gəlir, bu görkəmli siyasətçi, ictimai və dövlət xadiminin siyasi dünyagörüşünün nüvəsini təşkil edir. Azərbaycanın Birinci vitse-prezidentinin və Heydər Əliyev Fondunun prezidentinin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda möhtəşəm uğurlarının səbəblərini araşdırmağa çalışsaq, bu uğurların əhəmiyyətli dərəcədə məhz Ulu Öndərin siyasi irsinə dərin inamdan qaynaqlandığını söyləmək lazım gələr.



Prezidentin ən yaxın sirdaşı və silahdaşı



Dövlətin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə, sosial həyatın inkişafına, mənəvi dəyərlərin qorunmasına ünvanlanmış çoxşaxəli fəaliyyət ölkəmizdə həyata keçirilən tarixi missiyanın ayrı-ayrı istiqamətləridir. Prezident İlham Əliyevin rəhbərliyi sayəsində həyatımızın transformasiyasının əsasını təşkil edən inkişaf və yüksəliş strategiyasının demək olar ki, hər sahəsində Mehriban Əliyevanın iştirakının pozitiv təsiri hiss olunmaqdadır. Bu iştirakçılığın Azərbaycanın yeni inkişaf səviyyəsinə yüksəlməsi naminə Prezidentin nümayiş etdirdiyi fədakarlıqların uğurla nəticələnməsinə mühüm dəstək olduğu hamılıqla etiraf olunmaqdadır.

Mehriban Əliyevanın birinci xanım kimi geniş fəaliyyəti ölkədə yeni siyasi və elita mədəniyyətinin formalaşmasında müstəsna rol oynadığı kimi, onun Birinci vitse-prezident kimi fəaliyyəti dövlət idarəçiliyi sisteminin yeni fəlsəfəsinin və praktikasının meydana gəlməsinə eyni dərəcədə həlledici təsir göstərməkdədir. Mehriban xanımın dövlət səlahiyyətlərinin icrası zamanı daim Prezidentin yanında olması, onu müşayiət etməsi cəmiyyətdə siyasi etimad və inamın əhəmiyyətli dərəcədə yüksəlməsinin mühüm şərtləri sırasındadır.

Bunu eyni zamanda iqtidarın, siyasi elitanın, bütünlükdə cəmiyyətin vəhdətinin və yekdilliyinin mühüm ifadəsi saymaq mümkündür. Ən başlıcası isə budur ki, müşahidə etdiyimiz yüksək həmrəylik və vəhdət idarəçiliyin daha da kamilləşməsinə, milli yüksəlişin və inkişafın təmin edilməsinə, bütünlükdə Azərbaycanın güc və qüdrətinin daha da artmasına xidmət göstərir.

Azərbaycan cəmiyyəti Mehriban Əliyevanın şəxsində Prezidentin ən yaxın, ən inanılmış siyasi sirdaşını və silahdaşını görür. Birinci vitse-prezidentin ictimai və siyasi xadim kimi böyük təcrübəsi, fəal ictimai mövqeyi, Azərbaycanın mədəni dəyərlərinə və tarixi irsinə dərindən bağlılığı, beynəlxalq əlaqələri və digər keyfiyyətləri onun daşıdığı vəzifənin statusunu daha əhəmiyyətli və əhatəli edir.

Birlik, həmrəylik bütün dövrlərdə və şəraitlərdə gücün, qüdrətin, yenilməzliyin simvolu və təcəssümü olmuşdur. Bu mənada haqqında söhbət etdiyimiz həmrəylik və vəhdətin Prezident İlham Əliyevin və onun rəhbərlik etdiyi iqtidarın əlavə güc mənbəyi olduğu etiraf edilə bilər və edilməlidir. Eləcə də Mehriban Əliyevanın cəmiyyətin və iqtidarın daxili vəhdətinin, milli həmrəyliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi, onun bu xidmətinin hər bir Azərbaycan vətəndaşı tərəfindən qiymətləndirilərək təqdir edildiyi xüsusi vurğulanmalıdır.



Humanizim və xeyirxahlığın böyük ünvanı



Mehriban Əliyevanı ictimai-siyasi xadim kimi səciyyələndirməli olsaq, ona xas olan çoxsaylı keyfiyyətlər arasında humanizm və xeyirxahlığı ayrıca qeyd etməliyik. Artıq neçə illərdir ki, cəmiyyətimiz onu humanizm və xeyirxahlığın böyük ünvanı olaraq tanıyır, qiymətləndirir və hörmət bəsləyir.

Bu və ya digər səbəblərlə əlaqədar köməyə ehtiyacı olan insanların Birinci vitse-prezidentə və Heydər Əliyev Fondunun prezidentinə müraciət etməsi bir növ adi hala çevrilib. Ən başlıcası isə, müraciət edənlərin demək olar ki, hamısına zəruri yardım göstərilir, onlar diqqət və qayğıdan kənarda qalmırlar. Minlərlə insan Mehriban Əliyevanın birbaşa müdaxiləsi və yardımı sayəsində şəfa tapıb, həyata qaytarılıb. Bundan da az olmayan sayda vətəndaşın təhsillə, digər problemlərlə əlaqədar müraciətləri həll edilib.

Beləliklə, Birinci vitse-prezidentin yüksək xeyirxahlığı on minlərlə insanımızı əhatə edən böyük humanizm hərəkatına çevrilib. Mehriban Əliyevanın nümunəsində humanizm və xeyirxahlığın insan xarakterinin və mahiyyətinin aparıcı keyfiyyəti olması özünün yüksək təsdiqini tapmaqla bərabər, insanlığın və insanpərvərliyin ali ifadəsi qismində özünü büruzə verir. İnsana əl uzatmaq, onun dərdinə şərik çıxmaq, düçar olduğu çətinliklərdən xilas olmaqda kömək göstərmək ali dəyərlərə sahib olan insanın özünütəsdiqinin yüksək məqamıdır.

Mehriban Əliyeva sonsuz xeyirxahlığı və humanizmi ilə xalqımıza xas olan, onu fərqləndirən mənəvi dəyərləri əks etdirir, onların müasir cəmiyyətin ən ümdə keyfiyyət müəyyənliyi səviyyəsinə yüksəlməsinə güclü təkan verir. Bu cəhət Birinci vitse-prezidentin və Heydər Əliyev Fondunun ölkəmizin hüdudlarını aşan xeyirxahlıq və humanizm fəaliyyəti nümunəsində daha qabarıq nəzərə çarpır.

Rəhbərlik etdiyi fondun xətti ilə zəlzələdən və xəstəliklərdən əzab çəkən ölkələrə yardımların göstərilməsi xalqımızın əxlaqi keyfiyyətlərinin və insani dəyərlərinin birbaşa təzahürü olmaqla, ölkəmizin təqdimatının ən gözəl nümunəsi rolunu oynayır.

Bütün dünyanı lərzəyə salan, milli səhiyyə sistemlərini sınağa çəkən COVID-19 pandemiyası dövründə Birinci vitse-prezident Mehriban Əliyevanın humanizm və qayğıkeşlik xüsusiyyətləri daha qabarıq şəkildə üzə çıxdı. Ölkəmizdə koronavirusa qarşı mübarizənin uğurlu təşkilində, ən qısa vaxtda əhalinin kütləvi sağlamlığının qorunması üçün bütün zəruri tədbirlərin görülməsində Mehriban xanımın xidmətləri ayrıca qeyd edilməlidir.

Prezident İlham Əliyevin birbaşa rəhbərliyi, Mehriban xanımın bilavasitə şəxsi iştirakı sayəsində Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizənin dünyada demək olar ki, ən yaxşı nümunələrindən biri təmin edildi, neçə-neçə insan amansız ölümün caynağından xilas ola bildi. Birinci vitse-prezidentin şəxsi fədakarlığı, humanizmi və qayğıkeşliyi sayəsində xalqımız dövlətimizin sosial siyasətinin əsl insani simasının bir daha şahidi oldu.



Milli dəyərlərin etibarlı hamisi



Qloballaşmanın genişlənməsinin qaçılmaz olduğu müasir şəraitdə milli dəyərlərin qorunması cəmiyyətin ahəngdar inkişafının mühüm amili missiyasını yerinə yetirir. Texnoloji transformasiya, iqtisadi və ticarət əlaqələrinin genişlənməsi ilə yanaşı, humanitar əlaqələrin də dərinləşməsi getdikcə daha artıq dərəcədə milli dəyərləri sınağa çəkməyə başlayır və bu baxımdan milli dövlətlərin özlərinə məxsus mənəvi sərvətlərə sahib çıxması mühüm əhəmiyyət kəsb edir.

Mehriban Əliyevanın Azərbaycanın da yaxından qoşulduğu beynəlxalq inteqrasiya və qloballaşma şəraitində milli dəyərlərimizin sözün həqiqi mənasında fəal hamisi missiyasını öz üzərinə götürdüyünü söyləsək, yəqin ki, səhv etmərik. Onu da qeyd etmək yerinə düşər ki, onun təqdimatında milli dəyərlərin qorunması təkcə ölkədaxili fəaliyyət mahiyyəti daşımır, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə təbliğatının vacib aspekti kimi təzahür edir. Nümunə kimi qeyd oluna bilər ki, onun yorulmaz, fədakar fəaliyyəti nəticəsində Azərbaycan muğamı və aşıq sənəti UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısında yer almışdır.

Mehriban xanımın təşəbbüsü ilə 2012-ci ildə İtaliyanın Roma şəhərində “Villa Borghese” parkında nəinki Azərbaycan və Şərq ədəbiyyatının, bütövlükdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur.

2016-cı ildə Mehriban xanımın növbəti təşəbbüsü ilə Belçika Krallığının Vaterloo şəhərinin mərkəzi parkında Azərbaycanın görkəmli şairi Natəvanın postamentində “Şərqin müasir maarifçi və şair qadını Xurşidbanu Natəvan. Qarabağ şahzadəsi. Azərbaycan” sözləri yazılmış abidəsi, bir il sonra isə Fransanın Evian şəhərində heykəli ucaldılmışdır.

2016-cı ildə Fransada keçirilən “Nizami Gəncəvi və Məhsəti Gəncəvi: 12-ci əsrlə 21-ci əsri birləşdirən əbədi körpü” layihəsi çərçivəsində Konyak şəhərində dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvinin heykəlinin qoyulması da Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində mümkün olmuşdur.

Onun mədəni dəyərlərin qorunması və təbliğatı sahəsində layihələri sırasında Azərbaycan muğamının inkişafına və tanıdılmasına xidmət edən Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin, açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin, Qala qəsəbəsində Etno-Ekoloji Mərkəzin və Qala Əntiq Əşyalar Muzeyinin, habelə Zirə Mədəniyyət Mərkəzinin istifadəyə verilməsi xüsusilə qeyd edilməlidir.

Muğamın təbliği sahəsində həyata keçirilən möhtəşəm layihələr, mənəvi sərvətlərin toplanması və qorunması ilə bağlı işlər, işğaldan azad edilmiş Şuşada “Xarıbülbül” festivalının keçirilməsi və onlarca digər tədbirlər mənəvi dəyərlərimizin canlandırılmasında sözün həqiqi mənasında yeni tarixi mərhələ olmuşdur.

Göründüyü kimi, Birinci vitse-prezidentin çoxşaxəli fəaliyyətində milli dəyərlərin qorunması xüsusi məna və əhəmiyyət kəsb edir, dövlət siyasətinin milli yükünün artırılmasına böyük töhvə verilir. Bu isə hər şeydən əvvəl, Mehriban xanımın milli köklərə dərindən bağlılığından və aydın vətəndaş mövqeyindən qaynaqlanır.



Qarabağa qayıdış: möhtəşəm qələbədən başlayan yeni yol



30 illik işğala son qoyulması, Qarabağın azad edilməsi Azərbaycanın tarixinə Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsi, xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur. Tarixi zəfər eyni zamanda xalqın və dövlətin həyatında yeni mərhələnin başlanğıcı sayılır. Qarşıda təkcə postmüharibə dövrünün reallıqlarına əsaslanan əzəmətli hədəflər deyil, həm də 30 il əvvəl Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsinin işğalına səbəb olmuş halların təkrarlanmasının qarşısının alınması zərurətindən irəli gələn vəzifələr dayanır. Cəmiyyətin yeni transformasiya qarşısında dayandığı nəinki dərk edilməli, həm də onun ən uğurlu şəkildə həyata keçirilməsi təmin edilməlidir. Möhtəşəm zəfərin beynəlxalq miqyasda Azərbaycanın gücü və qüdrəti, xalqımızın qırılmaz iradəsi ilə əlaqədar yaratdığı təəssürat postmüharibə dövrünün əzəmətli quruculuq işlərində və bütünlükdə yeniləşmə siyasətinin nəticələrində daha da möhkəmləndirilməli, ölkəmizin dünyaya yeni təqdimatının ifadəsinə çevrilməlidir.

Müharibənin başa çatmasından sonra Prezident İlham Əliyevin və Mehriban xanımın işğaldan azad edilmiş ərazilərə çoxsaylı səfərləri, erməni vandalları tərəfindən yerləyeksan edilmiş şəhər və kəndlərin yenidən qurulması ilə əlaqədar elan edilən planlar, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı statusunun rəsmi şəkildə təsbit edilməsi, ölkəmizin və regionun gələcəyinə işıq salan prezident bəyanatları dövlətin və cəmiyyətin yaxın illəri əhatə edən gündəliyi haqqında təsəvvürləri artıq formalaşdırmışdır. Görünən budur ki, qarşıda duran əzəmətli vəzifələrin uğurla və bütünlüklə həyata keçirilməsi daha böyük fədakarlıq, daha böyük qətiyyət və daha böyük zəhmətdən keçir. Bir neçə ildən sonra nəinki xalqımız, eləcə də bütün dünya yeni reallıqların, Qarabağın tamam yeni mənzərəsinin şahidi olacaK

Əvvəldə qeyd edildiyi kimi, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsindən 5 il ötür. Arxada böyük əmək və fədakarlıq, qarşıya çıxan problemlərə yeni yanaşmalar, qazanılan çoxsaylı əzəmətli uğurlarla müşayiət olunan zəngin irs var.

Vitse-prezidentlik təsisatının Azərbaycanın dövlət idarəçiliyində yeni forma olması nəzərə alınsa, qazanılan uğurlar, əldə olunan nailiyyətlər, yaradılan idarəçilik təcrübəsinin əzəməti daha aydın görünür. Bu sıraya cəmiyyətdə humanizm və xeyirxahlıq kimi dəyərlərin təbliğ edilməsi, mənəvi sərvətlərin qorunması, mədəniyyətin inkişafına qayğı, səhiyyə və sosial xidmətlər kimi sahələrin yenidən qurulmasına dəstək verilməsi, Azərbaycanın dünyaya təqdimatının ən gözəl nümunələrinin göstərilməsi və sair çoxsaylı böyük ictimai məna kəsb edən layihə və təşəbbüslər aid edilə bilər və aid edilməlidir.

Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsində fəaliyyətinin ən dəqiq qiyməti öz ifadəsini, heç şübhəsiz, insanların ona olan böyük hörmət və etimadında tapır. On minlərlə insan ona inanır, ehtiram göstərir, onun qayğıkeşliyinə etibar edir və pənah aparır. Etiraf edilməlidir ki, Birinci vitse-prezidentin ölkə başçısının əzəmətli tarixi nailiyyətlər və qələbələrlə müşayiət olunan siyasətinin həyata keçirilməsində xüsusi xidməti aydın görünməkdədir.

Qarşıdakı illərdə ölkəmizin yüksəlişi naminə Prezident İlham Əliyevin həyata keçirdiyi tarixi missiyaya Mehriban Əliyevanın daha möhtəşəm və əzəmətli töhfələr verəcəyinə cəmiyyətimizdə dərin inam mövcuddur. Bu inam insanlarımızın gələcəyə baxışlarının ayrılmaz tərkib hissəsi sayıla bilər və düşünürəm ki, sayılmalıdır.


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir