6/20/2012



Dr. Mahmudəli Çehrəqanlı: “İnanıram ki, yaxın gələcəkdə hərəkatçı quvvələrin çoxluğunu əhatə edən, əksər təşkilatların iştirakıyla yaranacaq və millətimizi beynəlmiləl səviyyədə təmsil edəcək təşkilat, Milli Şura və ya ona bənzər ayrı ad altında bir qurum yaranacaq.”


 

Mahmudəli Çöhrəqanlı: “Azərbaycanın xeyrinə olan hər bir iclas və toplantını dəstəkləyirik”

GAMOH lideri Mahmudəli Çöhrəqanlının “Həftə içi”nə müsahibəsi

Bu il mayın 12-13-də Ankarada “Güney Azərbaycan Dosları Forumu” adlı tədbir keçirilib. Amma xəbər verildiyinə görə, tədbirdən sonra müəyyən narazılıqlar yaranıb. Maraqlı məqamlardan biri də Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) foruma qatılmamasıdır. Bəzi məlumatlara görə, təşkilatçılardan biri məhz GAMOH olub. Bakıdan ora gedən jurnalistlər də təşkilatçılığın zəif olması ilə bağlı narazılıqlarını bildiriblər. GAMOH lideri Mahmudəli Çöhrəqanlı “Həftə içi”nə müsahibəsində yaranmış duruma aydınlıq gətirib.

– Ankarada keçirilən Güney azərbaycanlılarının birinci qurultayında GAMOH iştirak etməyib. Bunun səbəbi nədir?

– GAMOH təşkilatının İdarə Heyəti qurultaydan 3 gün öncə keçirdiyi iclasda qatılmama səbəblərinə bəyanat şəklində aydınlıq gətirib.

Bəyanatda deyilir: “gBildiyiniz kimi 12-13 may 2012-ci il tarixində “Güney Azərbaycan Dosları Forumu”nun Türkiyənin paytaxtı Ankarada keçirilməsi planlaşdırılıb. Milli, siyasi və tarixi məsuliyyətimizi düşünərək, hər zaman olduğu kimi ilk fürsətdə Güney Azərbaycanla bağlı hər addımı dəstəkləyəcəyimizi elan etdik… Ancaq səlahiyyətli şəxslərlə birbaşa əlaqələrimiz və bu forumla bağlı yayınlanan bəyanatda bu səbəblərə görə foruma qatılmayacağımızı bildiririk: 1. Forumun tam amacı və alınacaq qərarların mexanizmi aydınlaşdırılmayıb. 2. Tədbirin adı “Güney Azərbaycan dosları Forumu” olsa da, Güney Azərbaycandan olan şəxslər yetərli sayda təmsil olunmayıblar. Bundan başqa, türkiyəli soydaşlarımızın Güney Azərbaycana dəstəkləri önəm daşımaqdadır, amma Güney Hərəkatının gərçək sahibləri yalnız və yalnız Güney Azərbaycan türkləri olmalıdır. 3. Forum, “Güney Azərbaycan dostları”nın toplantısıdır. Güney Azərbaycanla bağlı hər hansi şura formalaşa bilməz, sadəcə təkliflər verilə bilər. 4. Güney Azərbaycan konseyi sadəcə Güney azərbaycanlıların formalaşdırdığı və idarə etdiyi forumlarda gerçəkləşə bilər. 5. Forumla bağlı internetdə olan məlumatlarla, ortaya qoyulan iddialar uyğun gəlmir. 6. Forumda təhlükəsizlik məsələlərinə lazımi önəm verilməyib. 7. Bəzi şəxslər və portallar, təşkilat olaraq təqdim edilib. 8. Forum, daxildə və xaricdə olan bir çox milli və siyasi şəxsiyyətləri, qurum və quruluşları əhatə etmək istəyib. Beləliklə, qeyd olunan səbəblərə önəm verilmədiyi üçün daha öncə də bənzər forumlarda şuralar yaranıb, ancaq nə yazıq ki, heç vaxt işlək olmayıb.

– Sizin təşkilatdan kiminsə ora qatılması yaxşı olmazdımı?

– Biz, Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq, 1995-ci ilin sonlarında yeni dönəm milli hərəkatı başlamışıq. Keçən 17 ildə hərəkatın bu mərhələyə gəlib çıxmasında səy göstərərək özümüzü millət və tarix önündə məsul hiss edirik. Azərbaycanın xeyrinə olan hər bir iclas və toplantını dəstəkləyirik. Amma bu iclasın adı Güney Azərbaycan konseyi, ya forumu olursa, o zaman daha diqqətli olmağımız lazımdır. Güney Azərbaycan konseyi və ya forumu Güney azərbaycanlıların əli ilə qurulub və yaradılmalıdır. Liviya ərəblərinin konsey ya forumunu sudanlı ərəblər və ya suriyalı ərəblərin forumunu livanlı ərəblər qurub və ya yaratmırsa, Güney Azərbaycan forum və ya konseyini də türkiyəli, Azərbaycan Respublikası vətəndaşı və eynən Gürcüstan vətəndaşı olan qardaşlarımız yaratmamalıdırlar. Bu təməl prinsip ayaqlanıb heçə sayılırsa və belə bir konsey və ya forumu güneylilər yox, bəlkə Azərbaycan Respublikasının vətəndaşları, Türkiyə vətəndaşları və ya Gürcüstan vətəndaşları yaradırsa bunun bir neçə anlamı var: “Güney Azərbaycanda milli və ya siyasi şuura sahib olan insanlar yoxdur, Güney Azərbaycanda 17 illik milli hərəkatın varlığı yoxdur, Güney Azərbaycan milli hərəkatına bağlı olan təcrübəli və qudrətli təşkilatlar yaranmayıb? Millətlərinə sahib çıxa biləcək liderlər və şəxsiyyətlər yaranmayıb və yoxdur? Belə çıxır ki, Güney azərbaycanlıların özlərinin öz tale və müqəddəratlarını əldə etməyə şuuru və yetkisi yoxdur. Güney azərbaycanlı özü öz vətən, millət və milli varlığına sahib çıxa bilmir. Əlavə etməliyəm ki, belə bir konsey və ya forumun Güney azərbaycanlıların əli ilə yaradılmayıb, başqa soydaşlarımızın səyi ilə qurulmasının faydasından çox zərəri toxunacaq. Bildiyiniz kimi, bu forumun sözcüsü olan şəxs Türkiyə doğumlu və Türkiyə vətəndaşıdır və bizim bu şəxsiyyəti dərindən tanımadığımız səbəbilə tam güvən və etimadımızın olmaması təbiidir. Sizcə belə bir türkiyəli soydaşımızın Güney Azərbaycan konseyinin başında durması beynəlmiləl, hüquq və politik prinsiplərlə doğru, düzgün və uyğundurmu?

– Həmin qurultayda təşkilatçılıq baxımından bəzi narazılıqlar da olub. Bəzi məlumatlara görə, bu sizin təşkilatın orada iştirak etməməsi ilə bağlıdır. Narazılıqların yaranmasında GAMOH-un günahı varmı?

– Bəzi dezinformasiya, şantaj və yanlış xəbərlərə baxmayaraq, GAMOH təşkilatı tərəfindən heç bir üzv o toplantıya qatılmayıb. Buna rağmən o toplantının yaranmasına, qurulmasına və keçirilməsinə heç bir əngəl də törətməyib. Sözün açığı, çox müsbət baxışla dəyərləndirsək Güney Azərbaycan milli hərəkatına aid olan quvvələrin maksimum onda biri rəsmi və təşkilati olaraq o toplantıya qatılıblar. İşarə etdiyiniz problemlərin yaranmasının qaynağı çoxlu təşkilatların bu iclasda iştirak etməmələrindədir.

– Bakıdan ora geden jurnalistlər də narazılıq ediblər. Həmin jurnalistləri kim dəvət edib?

– Bizim o konsey və forumun yaranmasında və keçirilməsində heç bir mənfi hərəkətimiz olmayıb.

– Daha mütəşəkkil tədbir keçirməyi düşünürsünüzmü?

– Azərbaycan Respublikası deputatlarından biri Ankarada keçirilən toplantıda iştirak edərək, o şəraitdə yaranan o forum və ya konseyi bir “ölü doğulmuş uşağa” bənzədib. Məncə çox doğru bir bənzətmədir. İranda siyasi gedişat, bölgəmizdə və regionda gedən siyasi proseslər göstərir ki, forum və konsey üçün hazırlıq yapmağımız gərəklidir, amma belə bir təşkilatın qurulması üçün hələlik tezdir. Biz, Güney Azərbaycan milli hərəkatında ana təşkilat olaraq, forum ya konsey adı altında yox, milli şura qurmağı düşünməkdəyik. Bir müddətdir Güney Hərəkatında təsir və yetkisi olan şəxsiyətlər və təşkilatlarla ilkin müzakirələr bu haqda başlanıb. Sonda, deməliyəm ki, bizcə bu konsey ya forum, Güney Azərbaycanı təmsil etməməkdədir. Məncə, bu forum Borçalı türklərinin forumu və ya Türkiyədə yaşayan Azərbaycan türkləri konseyi adlandırılsaydı daha məqsədəuyğun və anlamlı olardı. İnanıram ki, yaxın gələcəkdə hərəkatçı quvvələrin çoxluğunu əhatə edən, əksər təşkilatların iştirakıyla yaranacaq və millətimizi beynəlmiləl səviyyədə təmsil edəcək təşkilat, Milli Şura və ya ona bənzər ayrı ad altında bir qurum yaranacaq.

Əli Zülfüqaroğlu

Mahmudəli Çöhrəqanlı

__._,_.___

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak.