Ana sayfa Haberler Dünya

Moskvadan Azərbaycana qarşı “Antituran Hərəkatı”

Yazar: mustafazade

Xüsusi olaraq “Xudafərin” dərgisinə Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) eksperti
Rusiyanın paytaxtı Moskvada son illər Azərbaycanda doğulmuş milli azlıqlara məxsus bir neçə ictimai qurumlar yaradılıb. Bu qurumların əsas strateji hədəfi Azərbaycanda milli azlıqlara məxsus yeni “bölücü” siyasəti alovlandırmaqdan ibarətdir. Yüzillərdir bir torpaqda, bir ailədə yaşayan türk, talış, avar, ləzgi, tat, rutul, tsaxur, udin, ingiloy, gürcü, budux və digər xalqlar hər zaman mehriban və səmimi münasibətlərdə olublar. Bu torpaqda yaşayan xalqların arasında heç zaman nə vətəndaş qarşıdurması, nə də etnik zəmində savaşlar  olmayıb. Bu gün faktiki olaraq Azərbaycanda yaşayan bütün xalqların mədəni dəyərləri, adət-ənənələri o qədər bir-birinə qaynayıb qarışıbdır ki, indi heç kimsə bunun fərqində belə deyil. Azərbaycanda yalnız tarix boyu ermənilər digər xalqlara qarşı əlində silah müharibə aparıb. İndi tarixi şərtlərin dəyişməsini görən ermənilər özlərinin strateji hədəflərinə digər topluluqları da pərçimləmək siyasətini əlavə etmək istəyirlər. Çox təəssüflər olsun ki, onların bu tələsinə düşənlər də var.
“Federalizm Azərbaycanın qurtuluş yoludur?”
Moskvada etnik kökəni talış, ləzgi, avar, erməni, rutul, budux, udin, tsaxur, tat olan keçmiş Azərbaycan vətəndaşları üçün “milli mədəni muxtariyyət” ictimai qurumları yaradılanda heç kim bu mərkəzlərin fəaliyyət dairəsinin Azərbaycan dövlətçiliyinin əleyhinə yönələcəyini düşünmürdü. 2009-cu ilin payızında bu ictimai qurumlar bir araya gətirilərək “Antituran Hərəkatı” adı altında birləmiş yeni ictimai-siyasi təşkilat yaradıblar. Yeni  qurumun nizamnaməsində açıq şəkildə qeyd olunur: “Azərbaycanda keçmiş SSRİ siyasətinin mirasına qarşı gedilərək orta və ali məktəblərdə radikal turançılıq ideyaları tarix, ədəbiyyat, coğrafiya dərsliklərində geniş şəkildə tədris olunur. Digər tərəfdən isə milli azlıqların hər addımda milli və insani hüquqları tapdalanır. Milli azlıqların yaşadıqları regionlarda sosial həyat şəraiti dözülməz vəziyyədədir. Onların yaşadıqları ərazilərdə topraq və digər mülkiyyət hüquqları demək olar ki, yoxdur. Azərbaycan türklərinin Dağlıq Qarabağ adlandırdıqları qədim erməni torpağı ”Artsax”ın 1988-ci ildən indiyə kimi xalqların öz müqəddaratını təyin etmə hüquqlarından istifadə etməsi digər milli azlıqlar üçün ən möhtəşəm örnəkdir. Buna görə də Azərbaycan federal bir dövlət olmaqla bütün millətlərə məxsus milli muxtar regionları tanımalıdır. Əks təqdirdə “Antituran Hərəkatı” digər milli azlıqları “Artsax”dan örnək götürməyə çağırır”.

Bu yöndə həmin qurumla bağlı “antituran.info” internet şəbəkəsi də yaradılıb. Buraya  Rusiya, Ukrayna, Belorus, Moldova, Estoniya, Latviya, Polşa, İran və digər dövlətlərdəki erməni təşkilatları və işadamları da yetərincə dəstək verməyə başlayıblar. Erməni mənşəli araşdırcı Yana Amelina bu strateji hədəfləri diqqət mərkəzində saxlamaqla qeyd edir: “Azərbaycanın federallaşması qaçılmaz bir prosesdir. Bu məsələ öz həllini tapmış olduğu təqdirdə, ölkədə müxtəlif etnik toplumlar arasında tarix boyu mövcud olan anlaşılmazlıqlar da çözüləcəkdir. Demokratiyanın əsas şərtlərindən biri də hər bir toplumun milli avtonom hüquqlarının tanınmasıdır. Federal dövlət siyasətinə önəm vermədikcə, Azərbaycanın problemləri daha ağır olacaq”.
Dominant dil və mədəniyyətə qarşı çıxmaqla yeni problemlərin astar üzü
Dünyanın dövlətlər tarixində hər bir dövlətdə etnik kimliyin dominantlığını təşkil edən dil bütün toplumlar arasında aparıcı mövqedə durmağa məcburdur. Təbii olaraq, Azərbaycanda etnik mənşə baxımdan türklərin ölkə əhalisinin 92 faizini təşkil etməsi onlara məxsus dil və mədəniyyət ünsürünün hakim rolunu şərtlənriən əsas amildir. Ancaq, bu o demək deyil ki, digər toplumların hüquqlarına gətirib çıxaran bir siyasətdir. Qeyd etmək lazımdır ki, postsovet məkanında milli azlıqların bütün hüquqlarının dövlət səviyyəsində tanınması barədə ilk qərarı məhz Azərbaycan dövləti qəbul edibdir. Avropa Şurasının üzvü olduqdan sonra, bu yöndə əlavə yeni qənunları rəsmiləşdirib.

Qafqazda etnosiyasi prosesləri diqqətlə araşdıran mərkəzlərin fikrincə Rusiyada neoimperiya tərəfdarları ABŞ-ın Orta Şərq dövlətlərində yeni siyasi doktrinasına çevrilmiş BOP-un (Böyük Orta Doğu Projesi) prinsiplərindən yararlanmaqla Qərb-Şərq qarşıdurmasında yetərincə faydalanmaq istəyir. BOP-un planına görə Orta Şərqdə çox böyük enerji resurslarına malik olan dövlətləri daha rahat nəzarətə almaq üçün onların milli və ya məzhəb zəminində kiçik dövlətlərə bölünməsi siyasəti aparılmalıdır. 2002-ci ildə ABŞ və müttəfiq dövlətlərin orduları Səddam Hüseyn rejimini devirmək üçün İraqa daxil oldular. Bunun ardınca hal-hazırda regionda “Şiə Ərəb”, “Sünnü İraq” və “Kürdüstan”  dövlətlərinin yaradılması proseslərinə başladılıb. İndi bu siyasətin Güney Qafqaza tətbiq edilməsi üçün müxtəlif mərkəzlər yaradılmaqdadır. Gürcüstanın Abxaziya və Güney Osetiya regionlarının ayrılması, “Erməni Cevaxk Respublikası”nın yaradılması yönündə atılan addımlarla yanaşı, Rusiyada hələ də hakimiyyət çevrələrində böyük güc kimi varlığını qorumağı bacaran neoimperiya siyasətinin tərəfdarları “Federal Azərbaycan” planını da hazırlayıblar. 19-cu yüzillikdə olduğu kimi, bu dəfə də Qafqazın işğalında ermənilərin xidmətindən istifadə olunmaqdadır. Bu planının təkib hissəsi isə “Arshax”, Talışstan”, Avarıstan” və “Ləzgistan” ideyasıdır. Bu proyektlər hələ Rusiya Elmlər Akademiyası Etnoqrafiya İnstitutunda “Qafqaz şöbəsi”nin müdiri Sergey Avanesovun qrupu tərəfindən 1992-ci ildə Kremlə təqdim olunmuşdu. O zaman Boris Yeltsin demokratiyası dolayı yolla bu layihəyə qarşı çıxmışdı. Son illər ermənilər Dağlıq Qarabağ məsələsində beynəlxalq siyasətdə məğlub vəziyyətində olduqları üçün, “Azərbaycanın federallaşması” siyasətinin gizlinlərini tədricən Moskvanın əli ilə həyata keçirmək planını hərəkətə gətirməklə çabalar göstərməyə başlayıblar. Əsas hədəflərdən biri də Azərbaycanda milli azlıqların bu prosesə cəlb etməklə sepratizmin əhatə dairəsinin genişləndirilməsi taktikasının uğurlu olacağına Rusiyanın bir sıra çevrələrini inandıra biliblər. Hələlik Azərbaycan diplomatiyasının uğuru sayəsində gözlənilən hədəflərin qarşısı alınıbdır. Ermənilərin özlərinin də etiraf etdikləri kimi Azərbaycan, Türkiyə və Gürcüstanın Güney Qafqaz siyasətində uzlaşan siyasəti onların strateji hədəflərinə sarsıdıcı zərbələrdən biridir. Ancaq, Türkiyədə “demokratik açılım”, “erməni açılımı” və digər açılım siyasətləri Avropa Birliyinin təzyiqləri sayəsində rəsmiləşəcəyi təqdirdə, ermənilər Güney Qafqazda Gürcüstan və Azərbaycana qarşı “Cevaxk” və “Dağlıq Qarabağ” açılımı şərtlərini daha kəskin şəkildə ortaya qoymağı düşünürlər. Bunun üçün də “Antituran Hərəkatı”nın aktivləşməsi yönündə bütün imkanlarını səfərbər etməyə başlayıblar.

İnformasiya savaşına milyonlar xərclənir
“Antituran Hərəkatı”na informasiya dəstəyi kimi news.am, centrasia.ru, tolishpress.org, sharvili.com, lezgiland.net, shax-dag.ru, zilezgi.narod.ru, maniyar.narod.ru, moslezgi.ru, lezgikim.narod.ru, xrug.ru, lezgistan.su, atropat.narod.ru, panorama.am, miacum.ru, talish.info, hasijatolos.ee, analitika.at.ua, lnka72.ru, talysh.com, talinf.4t.com, tolish.cjb.net, tolish.narod.ru, talishvestnik.boom.ru, talish-muganar.narod.ru, sumka.org, kadus.cjb.net,  alazan.moy.su, tvchirkey.ru, alazahn.ru, alazan.s5.com, ashabanov.narod.ru, dashgin.clan.su, zaqatala.my1.ru, avarmm.com, saxurskiy.narod.ru, zifam.ru, zaqatala.ru, aksakal.info, eki.ee, kavkaz.ru, rustrana.ru, dagestan-mp3.narod.ru, interkavkaz.info, kavkaz.mybb.ru, sknews.ru, kavkaz-club.org, dinchi.tr.gg, bejta.ru, sogratl.net, tsumada.ru, hakikat.etnosmi.ru, kvkz.ru, yuga.ru, kavkazmedia.net, ekhokavkaza.com, skavkaz.rfn.ru, prokavkaz.com, new-kavkaz.communityhost.ru, fondkavkaz.ru, chgss.ru, nurulislam.iwt.ru, opdag.ru, imam.iwt.ru, faup84.narod.ru, amiradam.ru, maarulal.ru, gazavat.ru internet saytları artıq hərəkətə keçiblər. Buraya Moskvadakı Azərbaycan kökənli milli azlıqlara məxsus milli-mədəni muxtar mərkəzlər də daxildirlər. Bununla yanaşı, Dağıstanda nəşr olunan “Novoe Delo”, “Svobodnaya Respublika”, “Çernovik” və digər qəzetlər də cəlb ediliblər. Hətta Marko Şaxbanov adlı birisi bu prosesə Dağıstanda rəhbərlik edir. M. Şaxbanov faktiki olaraq ayda bir dəfə İrəvana gedərək erməni strateji mərkəzlərindən təlimatlar da alır.

“Antituran Hərəkatı” guya Azərbaycanda  1milyon 800 min nəfər talış, 500 min nəfər avar, 700 min nəfər ləzgi, 680 min nəfər tat, 560 min nəfər kürd, 180 min nəfər tsaxur, 280 min nəfər rus və rusdilli xalqların yaşadıqları iddiasını ortaya qoyub. Halbuki, rəsmi statistika bütün bunların əksini göstərir. Bu qurumun iddiasına görə hər bir milli azlığın öz muxtariyyət statusunda inzibati vahidi, polisi, məhkəməsi, yerli özünü idarəetmə, milli dildə təhsil hüquqları olmalıdır. Bu yöndə 1993-cü ildə Əlikram Hümbətovun liderliyində TMR hərəkatı xüsusi olaraq örnək kimi göstərilir. Guya Azərbaycanda mövcud olan bütün neqativ halların əsl səbəbkarı Azərbaycan türkləridirlər. Bu prosesə Fəxrəddin Aboszadə,  Vladimir Kazimirov, Levon Şahnəzəryan, İsmail Şabanov, Anar Bayramov, Sevan Nşanyan, Markar Esayan, Etyen Maxçulyan, Araik Stepanyan, Qoar Mirzoyan, Əlikram Hümbətov, Adil Nəsirov, Ataxan Əbilov, Faiq Balakişiyev, Süleyman Yaraev, Mikael Məlik-Parsadanyan, Armina Poqosyan, Yana Amelina, Idris Qasımov, Mühiddin Əliyev, Sergey Cəfərov, Adil Nəsirov, Marko Şaxbanov və digərləri qatılıblar.

“Antituran Hərəkatı”na hətta Avropadakı tarix boyu antitürk siyasətinə önəm verən mərkəzlər də maraq göstərməyə başlayıblar. Bu mərkəzlər 1995-ci ildən indiyə kimi Azərbaycanda bir sıra QHT-lərə qrantlar ayıraraq, milli azlıqlar haqqında yetərincə bilgilər toplayıblar. Rusiyadakı neoimperiya gücü, Qərbin antitürk mərkəzləri indiki şəraitdə hələlıik informasiya şəbəkələrini maliyyələşdirməklə yetinirlər. Ölkə daxilində isə xüsusi QHT-lər  şəbəkəsi bu prosesdə sadəcə milli dövlətçilik anlayışına qarşı fəal siyasət yürütmək tapşırığını alıblar. Unutmaq olmaz ki, hamımızın bir vətəni var. Bu, Azərbaycandır. Dövləti idarə edənlər isə hər an gündəmə gələ biləcək bu problemlərin həllinə hazır olmalıdırlar.

“Xudafərin” dərgisi, iqtidar, müxalifət fərqi qoymadan, hər hansi firqə, ictimayi birlik və muhacir təşkilatının mənafeyindən cixiş etmədən, Vahid, Müstəqil, Demokratik Azerbaycan idealina söykənir.

“Xudafərin”də müəllif hüquqları ciddi qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəlliflərin mövqeyi “Xudafərin”in mövqeyi ilə üstüstə düşməyə bilər
Yazarin Arxivi:
“Türk qurşağı” uğrunda mübarizə
Rusiyanın Qafqazda “vadi” siyasəti
Irandan Azərbaycana qarşı yeni təhdid (1-ci yazi
Irandan Azərbaycana qarşı yeni təhdid (2-ci yazı)
Irandan Azərbaycana qarşı yeni təhdid (3-ci yazı)
Irandan Azərbaycana qarşı yeni təhdid (4-cü və sonuncu yazı)

BİR CEVAP BIRAK

Please enter your comment!
Please enter your name here