“Heç bir məqaləmi oxumayan Əlisa Nicat məni I Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayır”

"Heç bir məqaləmi oxumayan Əlisa Nicat məni I Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayır" - yasemin karakoyunlu Jasmine Garagoyunlu

“Heç bir məqaləmi oxumayan Əlisa Nicat məni I Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayır”

Yazıçı Əlisa Nicat (40 cild kitab yazan və vaxtilə Turan jurnalını nəşr etmiş Əlisa Nicat) “Hürriyyət” qəzetində “Yasəmən Qaraqoyunlunun ağ qoyunları” başlığı ilə mənim haqqımda təhqiramiz məqalə çap etdirib. Məqalədə olan əsaslandırmalara, tezislərə, fikirlərə və mənə belə bəsit dərsvermələrə güldüm. Doyunca güldüm. Siz də oxuyun, gülün.

Əlisa Nicat yazır. “Hazırda dünyada nə görürük? Dünya üç, indi isə artıq dörd qüvvəyə bölünüb. 4 qütbdə, 4 siyasi – hərbi və etik qüvvə üz-üzə dayanıb. Dördüncü qüvvə kimi yenicə meydana çıxan və birinciliyə can atan Çinin hansı məqsədlər güddüyü, hansı prinsiplərə əsaslandığı bir az dumanlıdır. Lakin bu dumanın arxasında məkrli torpaq hərisliyi gizləndiyi görünür və hiss olunur. Xüsusilə onların ucsuz-bucaqsız, ərazilərə, ehtiyatları bol olan əhalisi isə az olan Rusiyanın uzaq Şərq və Sibir bölgələrinə göz dikməsi və bura nüfuz etməsi açıq-aşkardır”.

Əlisa Nicatın Dünya bölgüsü ilə razılaşmasaq da prinsipcə qəbul etmək olar. Əlisa Nicat fikirlərinə davam edir.” O biri üç qüvvə isə Rusiya, Avropa və ABŞ-dır. Avropa və Amerikanın heç yerdə gözü və iştahası yoxdur. Onlar yalnız hər yerdə azadlıq, müstəqillik, firavanlıq və stabillik görmək istəyirlər. Lakin Rusiya buna imkan vermir və bu istəklərin bərqərar olmasına mane olur”. Diqqət edin yazır ki, Avropa və Amerikanın heç yerdə gözü və iştahası yoxdur. Onlar yalnız hər yerdə azadlıq, müstəqillik, firavanlıq və stabillik görmək istəyirlər”. Bu da Əlisa Nicatın siyasət bilgisi. Əlisa Nicatın XVI əsrdən etibarən yüksələn Avropanın Orta əsrlərdəki xaç yürüşlərini ( Yeri gəlmişkən Xaç yürüşlərini məğlub edən, durduran,İslamı müdafiə edən yeganə güc türklər idi) XVIII əsrdən etibarən Afrikaya, Hindistana, Ərəb Yarımadasına, Osmanlı və Qacarlara, bütünlükdə Türk-Turan torpaqlarına, Orta Doğuya qarşı həyata keçirdiyi müstəmləkəçilik və işğalçılıq müharibələrini, qul ticarətini, Peru və Meksika sivilizasiyalarını bütünlükdə yer üzündən silməyini, Amerika qitəsində 80 milyon yerli Qızıl Dərilini xəstəliklərə yoluxduraraq soyqırıma uğratmalarını, İngilislərin Yeni zellandiyada,Avstraliyada,Amerika qitəsində yerli xalqları məhv edərək yayıldıqlarını, Osmanlını böldüklərini, Hindistanda və Türk Qacar dövlətində qıtlıq, aclıq yaradıb 10 milyon insanı aclıqdan məhv etdiklərini, I və II dünya müharibələrini, ABŞ və Avropanın Böyük Orta Doğu projelərini, Vyetnamı, Əfqanıstanı,Suriyanı, İraqı işğal etmələrini, İranı,Türkiyəni, Azərbaycanı erməni və kürd projeləri ilə bölmək istədiklərini görməzdən gələrək yazır. “Avropa və Amerika yalnız hər yerdə azadlıq, müstəqillik, firavanlıq və stabillik görmək istəyirlər”. Bu da Əlisa Nicatın tarix və siyasət anlayışı.

Məni Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayan Əlisa Nicat Rusiyanın bizə əsas düşmən güc olduğunu yazır ki, bu fikirlə də əlbəttə ki, razıyam “Mən hələ 30 il qabaq ilk dəfə əldə edib bu vəsiyyəti oxuyanda hər şey mənə aydın oldu. Oradan qırmızı xətlə bir fikir keçirdi: Türkiyəni – yəni Osmanlı imperiyasını məhv edib onun ətrafındakı ölkələri və xüsusən Orta Asiya türk ölkələrini və hətta Hindistanı belə, işğal etmək. O vaxtdan bu konsepsiya bütün Rusiya çarlarının, sonra da çarizmi yıxıb hakimiyyəti ələ keçirən sovet Rusiyasının, eləcə də bugünkü Putin Rusiyasının qan damarlarından keçən arzu, istək və planıdır. Bəli tamamilə doğrudur. Lakin mənim tarix anlayışım Əlisa Nicatınkından bir az fərqlidir. Mənim fikrimə görə, Rusiya Avropanı ələ keçirmək üçün Baltik dənizinə və Qara Dənizə, Qafqazı,İranı və Türküstanı,Xorasanı ələ keçirmək üçün Xəzər Dənizinə , İstanbulu ələ keçirmək üçün Bosfor boğazını ələ keçirmək istəyirdi. Avropa, özəlliklə də İngilislər, Kolumbun Amerikanı kəşfindən sonra Amerika qitəsini, Fransızlar Aralıq Dənizinə hakim olmaqla Afrikanı,Misiri, yenə İngilislər Ərəb yarımadasını, Hindistanı və İranı ələ keçirmək üçün Kəngər (Bəsrə) körfəzi- Ümman Dənizi və Hörmüz boğazını ələ keçirmək, Hind Okeanına çıxmaq siyasəti yürüdürdülər. Və bu hegemonluq savaşları nəticəsində Rusiya və İngiltərə arasında XVIII əsrdə “Böyük Oyun” siyasəti şəkillənmişdi və Osmanlının,Türk Qacarların işğalında Rusiya və İngilislər ikisi də iştirak etmişdi. Rusiya da Avropa da Orta Doğu xalqlarını çökdürən məhv edən güclərdir. Yazıqlar olsun ki, Əlisa Nicat Rusiyanın adını çəkir, Avropanın, indi isə Amerikanın adını çəkmir.
Əlisa Nicatın güc mərkəzlərini sıralaması ilə də razı deyiləm. Beləki, ayrı-ayrı istisnalarla Amerika və Avropa arasında bəzi fərqliliklərin olduğuna baxmayaraq, hər ikisi eyni mədəniyyəti və sivilizasiyanı- Yunan, Roma, Xristian (protestant və katolik) dəyərlərini paylaşırlar. Qərb sivilizasiyası dedikdə Avropa və Amerika cütlüyü nəzərdə tutulur və uluslararası siyasətdə də, planetar hegemonluq siyasətində də kiçik istisnalarla əsasən müttəfiq kimi çıxış edirlər.
Heç bir məqaləmi oxumayan Əlisa Nicat məni I Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayaraq yazır. “Bütün bunlardan xəbərsiz olan və ya xəbərdar olsa da mahiyyətinə enə bilməyən, çünki bunun üçün qapıları nəinki bağlı, hətta yerli-dibli olmayan Yasəmən Qaraqoyunlu xanım necə deyərlər, bu soxhasoxda pantürkizm xülyasına yoluxub. Və bir-birləriylə etinasız düşmənçilikdə olan, hərəsi öz köləliyindən məst olan türkdilli xalqları birləşdirib Azərbaycanın başçılığı ilə yeni bir türk imperiyası yaratmaq xülyasına düşüb. Xanım köhnə bayatıları təkrar edərək bilmir ki, böyük sensasiya kimi ortaya atdığı bu fikir, konsepsiya və mübahisələr təzə deyil, çoxdanın söhbətləridir. Əvvələn xanım Atatürkün dilindən gətirib iddia edir ki, türkün türkdən başqa dostu yoxdur və zərrəcə hadisələrə və faktlara baxmır, nə keçmişi, nə də indini görür. Halbuki keçmiş də, indi də bu fikrin ziddinə olan, əleyhinə olan faktlarla doludur. Çünki həqiqət orasındadır ki, TÜRKÜN TÜRKDƏN BAŞQA DÜŞMƏNİ YOXDUR!” sağ olsun, haqqımda dediyi bütün fikirlərin hamsı çaçma sapan deyil. Məsələn düz deyir ki, mən Azərbaycan mərkəzli Turan yaratmaq fikrinə düşmüşəm. Çox doğru bir təsbitdir. Onu da doğru deyir ki, TÜRKÜN TÜRKDƏN BAŞQA DÜŞMƏNİ YOXDUR!”. Avrasiya milləti olan Türk millətini, Türk İmperiyalarını dağıdan da Türkdür, quran da Türkdür. Razıyam. Türk bir olsa Yer üzündəki heç bir millət, heç bir dövlət onu əsla çökdürə bilməz.Elə mən də Türkləri məhz bax o birliyə çağırıram. Türklərin yeni bir güc mərkəzinə çevrilmək üçün birləşməkdən başqa yolu yoxdur. Erməni kimdir, kürd kimdir, fars kimdir, rus kimdir ki, Türk onlara yenilə. Birləşəcəyik, qazanacağıq, yüksələcəyik. Yenə oxu: Əlisa Nicat yazır. “Turan ideyası – türkdilli xalqların vahid dövlət şəklində yaranma ideyası yalnız güc hesabına yarana bilərdi. Bu da ki hazırda fantastik bir əsərin mövzusu ola bilər”.
Burada əziz oxucuya onu da xatırladım ki, Əlisa Nicat Türk ölkələri yox, SSRİ və İran tarixçiliyinin uydurması olan “Türkdilli ölkə” sözlərindən istifadə edir. Diqqət edin. Türk yox, Türkdilli.
Təkcə bu deyil. 80 yaşlı Əlisa Nicat həm də cavab verdiyi opponentini təhqir edir, adına sanına yaraşmayan ifadələr işlədir. Heyf. Oysa ki mən, hesab edirdim ki, ondan çox şeylər öyrənə bilərəm.
Mən Alp Ər Tonqanın, Atillanın, Oğuz Xaqanın, Çengizin,Teymurun nəvəsi, Qara Yusifin varisiyəm. Həm Ağqoyunlu dövlətinin, həm Qaraqoyunlu dövlətinin varisiyəm. Bəs sən kimsən Əlisa Nicat ?
Mən Türkçülüyü, Turançılığı Alp Ər Tonqadan, Əmir Teymurdan, Nadir Şahdan, Sultan Mahmud Qəznəvidən, Çingiz xandan,Atilladan, Bilgə Xaqandan, Bilgə Tonyukukdan, Orxan Qazidən, Şah İsmayıldan, Dədə Qorquddan, Əli Bəy Hüseynzadədən, Əhməd Ağaoğlundan, Sədri Maqsudi Arsaldan,Yusuf Akçuradan, İsmayıl Qaspıralıdan, Musa Garullah Biqiyevdən, Əlimərdan Bəy Topçubaşovdan, Ziya Gökalpdan, M.Ə.Rəsulzadədən, Ənvər Paşadan, Atatürkdən, Zəki Vəlidi Toğandan, İbrahim Qafəsoğlundan, Cavad Heyətdən öyrəndim.
Mən Əlisa Nicatdan Türkçülüyü yox, İrançılığı öyrəndim. İran ənənələrinə bürünmüş Azərbaycanı öyrəndim.
Əlisa Nicat mənə dərs keçir, Turanın bir Şahnamə uydurmasından ibarət olan əfsanə olmasından danışır. Şumeri Elam yıxdı deyir. Yalandır. Şumerlə Elam arasında müharibələr olub, lakin Şumeri sami kökənli Akkadlar yıxdı. Mən çox müəllimlər gördüm və əksəriyyətinin bilgi səviyyəsinə güldüm. İranı- Turanı mənə öyrədənə bax, opponentini belə bəsit aşağılamalarla bilgisizlikdə suçlayan mənim ağ saçlı filosofuma bax. Dərd elə Əlisa Nicat deyil ki…Bir gün Bakı Dövlət Universitetində mənə Azərbaycan tarixindən dərs verən müəllimim yolda qarşımı kəsib mənə etiraz etdi ki, sən axı niyə gecə-gündüz Türkdən, Türkçülükdən danışırsan? Bu qəzəb yaradır, faşizm yaradır. Müəllimimə heç nə demədim, amma ağladım , acıdım müəllimimə. O hansı Azərbaycan tarixini tədris edirdi. İqrar Əliyevin yazdığı tarixi, Sumbatzadənin yazdığı etnogenez nəzəriyyələrinin əsasında formalaşmış tarixi. Mənim müəllimim etnik kökəncə türk, düşüncə və təfəkkürcə İqrar Əliyevin davamçısı. Mənim müəllimim Türkü tanımır. (Və hələ də BDU da balalarımıza Azərbaycan tarixindən dərs deyir)
Əlisa Nicat Turanın yaradılmasının qeyri mümkünlüyünü əsaslandırmaq üçün Türk dövlətləri arasındakı müharibələrdən misal çəkir, amma yazmır ki, Yunanlı Afina və Sparta arasında çoxillik müharibələrin olmasına baxmayaraq, hər iki şəhər Ellin mədəniyyətinə mənsub idi. Elə Şumer şəhər dövlətləri də daim bir biri ilə müharibə ediblər, lakin birlikdə Şumer mədəniyyətini yaradıblar. Avropa dövlətləri və krallıqları 100 il bir biri ilə din savaşları aparıblar, bir birinin ölkəsini işğal ediblər, lakin Avropa Birliyi var, Vahid Avropa mədəniyyəti, Qərb sivilizasiyası var. Turan sivilizasiyası da belədir. Türk dövlətləri , Xaqanları bir-biri ilə savaşsalar da vahid bir Turan mədəniyyəti, Turan sivilizasiyası var. Turan elə mən özüməm Əlisa Nicat. Turan mənim qanımda, qəlbimdə, ruhumdadır. Yazılarında qadını bir varlıq kimi daim aşağılayan Əlisa Nicat, Sən heç Turan qadınını gördünmü, Onun ruhunu, duydunmu. Biz Çengiz xanları və Atillaları, qara Yusufları bətnimizdən yox, ruhumuzdan doğurduq, doğuracağıq. Turan kültüründə bir törə var. Turanlı bəy Turanlı Bəyimi aşağılamaz, yüksəldər. Sənin fəlsəfəndə qadın ən aşağı varlıqdır. Sən Turanlı deyilsən, Turanı dərk etməmisən. Sən Turan adından istifadə edərək İran dəyərlərini təbliğ edən, İran Azərbaycanı yaradan bir fikir və düşüncə adamısan.
Eyni zamanda sən böyük adamsan, böyük yazarsan Əlisa Nicat. İki diktatorluq çağında yaşadın, amma heç birisinə boyun əymədin, heç bir sistemə, şaha, pula, şöhrətə boyun əymədin. Səndən öyrənəcəyim bax bu xarakterindir, bu əzmindir Əlisa Nicat.
Əlisa Nicatın Hürriyyət.orq saytında yayınladığı məqalənin ikinci hissəsi də var imiş. Təəssüf ki, internetdən tapa bilmədim.

Yasəmən Qaraqoyunlu, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı /
TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  İranda qadın fəala ağır cəza verildi

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir