Asif Ata və Güney Azərbaycan


Okuma Süresi: 10 Dakika

Cənubi Azərbaycan millətçiliyi o deməkdir ki, İranın daxilində, İran ölkəsinin içində bir dünya var – Cənubi Azərbaycan milləti adlanan dünya… Cənubi Azərbaycanda Uluyurd hərəkatı yaranmalı, tarixdən ibrət dərsi götürülməlidir.
Asif Ata

O, bütün fikirlərini beləcə – böyük cəsarət və uzaqgörənliklə, hətta peyğəmbərcəsinə söyləyirdi. Hələ 1987-ci ildə “Bilən üçün” adlı tezislərində: “Avropa öz üstünlüyünü əldən verəcək və həmin üstünlük əskiklik kimi görünəcək…” – demişdi. Bundan təxminən on il sonra, daha dəqiq desək, 1996-cı ildə həmin fikri bir qədər də konkretləşdirərək: “Qərb öz dairəsini aşıb dünyalaşması ilə özünə çox böyük ziyan vurdu!” hökmünü vermişdi. Qərbin bundan sonra balaca-balaca lokal məğlubiyyətlərə düçar olacağını və bu lokal, balaca-balaca məğlubiyyətlərin böyük məğlubiyyətə çevriləcəyini iddia edərkən, eyni zamanda millətçiliyi əbədi ideya kimi dəyərləndirir, gələcəyin millətçilikdən qaynaqlanacağını da düşüncələrə yeritməyə çalışırdı. Bax beləcə, Azərbaycanın mühüm ictimai-siyasi problemləri ilə bağlı öz qənaəti, öz çözüm yolu vardı Asif Əfəndiyevin, ocaqçı övladlarının iftixarla “İnam Ata” söylədikləri böyük filosofun… Əslində o, bu məsələlərin ən real həlli yolunu Güney Azərbaycanla bağlayır, vahid, qüdrətli və müstəqil Azərbaycan dövlətinin yaranması üçün bunu əsas götürürdü. Ancaq onun həyat fəlsəfəsinin özülündə məhz türkçülük dururdu. “Azərbaycan – Türkün beyni və ürəyi, Türkiyə -Türkün qolu və kürəyidir” deyərkən, digər türkdilli xalqların, özbək, qırğız, uyğur, çuvaş, türkmən və başqalarının da, hər birinin bu türk bədənində – varlığında öz yerinin olduğunu, bu baxımdan hər bir türkdilli, türkəsilli xalqın çiyninə çox ağır yük götürdüyünü vurğulayırdı. Bu yükün canında, mahiyyətində isə türkün ruhunu özünə qaytarmaq və dünyaya tanıtmaq missiyasının durduğunu açıq-açıq etiraf edirdi. Eyni zamanda türkçülüyü-türk ruhaniyyatçılığı, türk tarixi və türk ictimai fikri kimi üç əsas bölgüyə ayırır, azərbaycançılığı isə türk ruhaniyyatının canı sayırdı.

Türkçülüyün mahiyyətindən danışarkən Babək faktoruna xüsusi diqqət yetirməyin vacibliyini qeyd edirdi: “Ruhsuz və əxlaqsız saydıqları bu qəhrəmanın ruhaniyyatının canı fərəh fəlsəfəsidir. Fərəhin ən gözəli azadlıqdır, özünəməxsusluqdur. Babək can atdığı azadlıqla özgəsinin qılıncla gələn dininə qatılmağa çalışır, bu yolda mübarizə aparır, bununla da özünün ömrünü fərəhə qərq edirdi. Nə az, nə çox – düz 23 il xilafətlə döyüşmək, o xilafətlə ki, başı Bağdadda, ayağı isə Hindistanda idi, bir əldə qılınc, o birində “Quran” yenə də türk vüqarı! Türkün ayrı-ayrı dövrlərinin mahiyyəti tarixi türkçülükdür ki, burada da müəyyən dövrdən sonra əsas rolu osmanlı türkləri oynayıb. Bizim Şumer dövrümüz də türkün aqibəti ilə bağlıdır. Sivilizasiyanın, mədəniyyətin əsasını qoyan Şumerlər bizim eradan əvvəl VIII-V əsrlərdə Midiyalıları yaradıblar ki, onlar da dünyanın ən böyük ölkəsi səviyyəsinə qalxıblar. Midiyalılar məğlub olduqdan sonra, İranın bir hissəsinə çevrilib ki, bu da indiki Cənubi Azərbaycandır. Bununla da Azərbaycan öz dövlətçiliyini itirib, ardı-arası kəsilməz fəlakətlər də məhz bundan sonra başlanıb” – deyən bir aydının ürək yanğısını, təəssüf hissini anlamamaq mümkün deyil.

Cənubi Azərbaycan məsələsinin, Güneylə bağlı problemlərin onu nə qədər narahat etdiyini, fikrini, ruhunu, bütün varlığını qapsadığını duymaq çətinlik törətmir, hətta bu qapsamanı görmək belə mümkündür. “Cənubi Azərbaycan məsələsi ən azından 36 milyon Azərbaycan türkü deməkdir və 36 milyon Azərbaycan türkü məmləkətin regiondakı vəziyyətini kökündən dəyişdirməklə, Zaqafqaziyada birinciliyi ələ alar və dünyanın mövqeyini dəyişdirər. Onda erməni də quyruğunu qısardı. Ancaq “Cənubi Azərbaycan məsələsi beş-on günə həll olunası elə asan məsələ deyil”. Asif Ata bu fikirləri söyləyərkən Cənubi Azərbaycan məsələsinə qarşı bütün dünyanın dayandığını iddia edir, bu xalqın ayağa qalxacağı təqdirdə Rusiyanın, başda Amerika olmaqla, bütün Qərbin bizə, yəni bütün Azərbaycana qarşı duracağını deyirdi. Onun qənaətinə görə, Cənubi Azərbaycanda döyüş dünəndən başlayıb, bu gün də davam edir. Lakin necə? Köhnə inqilabi yollamı? İnqilabın ən böyüyü Oktyabr inqilabı idi ki, bir gündə baş verdi, yetmiş ildən sonra süqut etdi. Azərbaycan heç vaxt dar dairə səviyyəsində xoşbəxt ola bilməyəcək. Azərbaycan qoşulanda itirir: Ərəbə, farsa qoşulduq – itirdik! Rusa qoşulub – məhv olduq. İndi də bizi kapitalizmə qoşurlar. Bəşəriyyəti yalnız və yalnız ruhaniyyatçılığın xilas edəcəyinə, dünyanın yalnız ruhaniyyatçılığa gəlməklə xaosdan qurtulacağına əminliklə: “Maraqlıdır, dünyada elə şair, filosof tapılmaz ki, kapitalizmi sevsin. Bəşəri yalnız ruhaniyyatçılıq xilas edəcək, Azərbaycan burda başlanğıc olmalıdır, bizə qoşulmalıdırlar: Biz bunu bacararıq…” – deyirdi Asif Ata…

Azərbaycançılıqda Güney Azərbaycan amilinin rolu barədə hər dəfə dəyərli fikirlər səsləndirən Asif Ata Azərbaycan üçün ən əsas siyasi məsələ hesab etdiyi Cənubi Azərbaycan məsələsinin həllini Vahid Azərbaycan dövlətinin yaradılmasında görürdü. O, əhali çoxluğunu, iqtisadi gücü, silahı tanıyan müasir siyasi dünyanın, eyni zamanda Nəsimini, Füzulini tanımadığını (əslində özünü tanımır kimi göstərdiyinin) və bizi balaca saxlamaq istəyinin tutarlı cavabını da Vahid Azərbaycanda axtarır və: “Vahid Azərbaycan “balacalığımızı” aradan qaldırar. Dünyada yerimizi bilərik, dünya da bizim yerimizi bilər!.. hökmünü verir.

Asif Əfəndiyevin görə: “Azərbaycan Midiya dövründə də türk ölkəsiydi, Albaniya dövründə də türk ölkəsiydi, bütün başqa dövrlərdə də türk ölkəsi olub və elə də qalmaqdadır”. İran Midiyası da, udin Albaniyası da əfsanədir, üç Azərbaycan ideyası isə məqsədli yalandır. Azərbaycan birdir, onun əsas etnosu-türkdür!..”.

Bu gün məsələyə başqa don geyindirənlər Vahid Azərbaycan ideyasına qarşı İranın parçalanması təhlükəsini ədalətsizlik kimi ortalığa qoyur ki, bu da fikir və düşüncələrə təsir edir, onları fəaliyyətdən çəkindirir. Asif Ata isə başqa bir düşüncənin daha optimal qənaət sahibi kimi deyir: “Əslində isə bir xalqın əzilməsi, buxovlanması, əriməsi bahasına yaranan möhtəşəmlik – parçalanmalıdır, bu, ədalətli hadisədir, qaçılmazdır, imperiyaların heç birinin axırı yoxdur; onlar hansı adlarla çağırılsalar da, mahiyyətləri, aqibətləri birdir…”.

O, Güney Azərbaycanı inqilablar məskəni adlandırır, bu sırada sərdari-milli Səttar xanın, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi inqilabları ayrıcalıqla qeyd edirdi. Dünyada ondan əvvəl baş verən inqilabları, məşhur İngiltərə, Fransa və Rusiyadakı inqilabları, onların heç də dünyanı təzələyə bilmədiklərini və bunun səbəblərini açıqlayırdı. İlk səbəb olaraq adamın insan olmaması faktını göstərir və inqilabın insanı dəyişmədiyini, əksinə ondakı yırtıcılığı daha da artırdığını deyir. Digər tərəfdənsə inqilabı zor vasitəsilə irəliləmək, inkişafa, azadlığa, bir gün müstəqilliyə nail olmaq kimi dəyərləndirirdi. Bütün cəmiyyətdə adam insan ola bilər, bir şərtlə ki, adam özünü insan eləsin. Quruluş o zaman dəyişilə bilər ki, onu inqilab yox, intibah yaratsın. Asif Ata böyük əminliklə söyləyirdi ki, gələcək millətçiliyindir. “Millətçilik nədir?” sualına: “Millətin özünü dünya saymasıdır”, – deyə cavab verirdi: “Cənubi Azərbaycan millətçiliyi o deməkdir ki, İranın daxilində, İran ölkəsinin içində bir dünya var – Cənubi Azərbaycan milləti adlanan dünya. O dünyanın öz dili var, öz mədəniyyəti var, öz ənənəsi var… Millətçilik, Cənubi Azərbaycan millətçiliyi – Azərbaycançılığın dərkidir. Dünyamızı əlimizdən alıblar, dünyamızı özümüzə qaytarmalıyıq. Cənubi Azərbaycan millətçiliyi budur…”.

Cənubi Azərbaycan məsələsinin bütöv Azərbaycanın ən əsas siyasi məsələsi olduğunu bu mövzudakı yazılarında dönə-dönə vurğulayan böyük filosof islamlaşmağı da, qərbləşməyi də millət üçün, elə ədəbiyyatın özü üçün də zərərli sayır, öz-gələşmənin iki qütbü adlandırır, “İslam farslaşdırır, Qərb Avropalaşdırır” deyərək cənublu soydaşlarımızı müasir Qərb siyasətinin əsl üzünü görməyə, mahiyyətini anlamağa çağırırdı. XX əsrdə Güney Azərbaycanda sonu məğlubiyyətlə nəticələnən inqilabların məğlubiyyət səbəbləri də onu dərindən düşündürürdü. Bu səbəblərdən biri kimi ruhani təməli olmadan Güney Azərbaycanlıların sosial-demokratiyaya uymalarını, onların Ümumiran hərəkatının ən fəal, ən cəsur və ən istedadlı adamları olduğunu və bununla da özlərinə yox, Ümumirana qulluq etdiklərini göstərirdi: “Bütöv İran hərəkatı (pis mənada) Təbrizdə yarandı, İranı böyüdən, tarixə salan Səttar xan oldu, təəssüf ki, müstəqil Azərbaycan ideyası atılmadı ortaya, düşündülər ki, elə Ümumiran məşrutəsi elə Azərbaycanın azadlığı deməkdir və Azərbaycana azadlıq veriləcək. Bu düşüncədə olanlar və möhtəşəm bir ölkə iddiası ilə yaşayan bir ölkə özünün bir hissəsini o qədər böyütməz ki, özü kiçilsin. Pişəvəri hərəkatında bu ideya var idi, lakin onu da məhv etdilər öz ideyaları ilə birgə. Burada da, Güney Azərbaycan ideyası kommunizm və sosializm ideyası ilə bir yerdə verilirdi, Müstəqil Azərbaycan yox idi. Odur ki, nə olur-olsun, Müstəqil Azərbaycan hərəkatı, Uluyurd hərəkatı yaranmalıdır. Qələbə bundan sonra mümkündür!..”.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Esmira Fuad yazır-Baki /TURKİSHFORUM -ABDULLAH TÜRER YENER


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. Hedef karanlık çağlara dönmek olduğundan insanımızın karanlığa alışması gerekir.Mevcut uygulama maksada uygundur (Desek mi aceb..)

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.