12 Şəhrivər Münasibəti ilə 12 Maddəlik Bəyannamə


Okuma Süresi: 14 Dakika

Güney Azərbaycan siyasi təşkilatlari 12 Şəhrivər Münasibəti ilə 12 Maddəlik Bəyannamə yayiblar

Dəyərli Güney Azərbaycan Türk Milləti!
Çağdaş tariximizdə hamımızın nostaljik duyğularla andığımız və heç zaman unuda bilmədiyimiz olaylardan biri, milli hökümətin qurulub bir il sonra dağılmasıdır. Milli hökümətimiz, əsir düşmüş bir elin qısa da olsa, azadlığı tamsınmasıdır; ədalətin o sehrkar gözəlliyin uzaqlarda deyil, göz önündə görməsidir. Pişəvərinin başçılığı ilə yaranmış milli hökümət, sömürgə durumuna düşmüş yaralı bir millətin dərmanı idi. Bu dərman ilk dönə 12 Şəhrivər 1324-cü ildə 12 maddəlik bir bəyannamə ilə ortaya qoyuldu. Ancaq Azərbaycan Demokrat Firqəsinin irəli sürdüyü bu dərmanın yaralarımızı sağaltmasına, nə yazıq ki Tehran höküməti ilə anlaşan dünya gücləri yol vermədi. Ona görə də, yaramız qaysaq bağlamadı və günü gündən dərinləşdi; sömürgəçilik davam etdi; Azərbaycan ayaqlandı, tapdanıb talandı və istibdad yeni bir don geyib, din örtüyü ilə bu millətin boğazını sıxdı.
Əlbəttə ki, hakim olan müstəbid qüvvələr və onların sonrakı davamçıları, azadlıq üsyançısı olan milli höküməti boğsalar da, 1325-ci ildə 27 min azadlıq fədaisini öldürsələr də, milli hökümətin müqavimət şüarı olan “öldü var, döndü yox” şüarıni illər boyu lağa qoysalar da, heç zaman arxayın uyumadılar. Nə Pəhləvi-Cumhuriye İslami rejimlərinin bastırmaları, nə də şovinist sağ müxalifət və Paniranist  sol axınlarının sansuru Pişəvərinin səsin boğa bilmədi və bu gün Güney Azərbaycanın bütün şəhərlərində bu səs yansımaqdadır. Bu gün Azərbaycan Demokrat Firqəsinin milli ülküləri, gənc nəslimizin idealıdır, üstəlik bu ülkülər daha artıq arınıb və günümüzün ehtiyaclarına uyğun gəlişibdir.
Artıq Güney Azərbaycan Milli Hərəkəti adında çox geniş bir hərəkət yaranıb. Artıq yadlar tərəfindən bu idealları gündəmdən salan heç bir axım, ideoloji və söyləmin cazibəsi yoxdur bu millətə və bu millətin öndə gedən mübariz insanları öz ideallarını azadlıq və ədalət əsasında qurulan milli hökümət olduğunu ortaya qoyublar. Bu tarixi milli oyanışın yanında, Fars sömürgəçiliyi uyğulayan və dini istibdad ilə bu millətin günün qara edən İran İslam Cümhuriyyətinin ömrünün sona ərməsi göz önündədir. Böyük dəyişikliklər yaxın zamanda gözlənilir. Belə bir durumda, Azərbaycan millətinin müstəmləkə olduğuna dözməyən və bu sömürgəyə son vermək uğrunda yaranmış milli təşkilatlar olaraq, bir araya gəldik. İnanırıq bu keçid dönəmində bu günün 12 Şəhrivər bəyannaməsinin yayılmasının zamanı gəlmişdir. Daha doğrusu milli hökümətimizi qurmağa ən əlverişli zamandır. Umuruq bu bildirgə ilə millətimizin əsas hədəfi bəlli olacaq, birliyimiz daha da bərkiyəcək və bu hədəf yolumuza daha artıq ışıq saçaraq kimsə bu milləti caydırmağı bacarmayacaq.

Dəyərli Azərbaycan Türk Milləti!
Biz millətimizin içindən çıxmış, 12 Şəhrivər bəyannaməsinin ruhunu daşıyan “Azadlıq, Ədalət, Milli Hökümət ” şüarını öz ana şüarı bilib və bu bəyannamədə bu ülküləri ana qaynaq kimi nəzərdə almışıq. Hamınızdan bu idealların gerçəkləşməsi üçün, bu tarixi vəzifəni yerinə gətirməkdə meydana gəlib qəhrəmanlıq göstərmənizi istəyirik. Bu bildirgə 1324-cü günəş ili 12 Şəhrivər bəyannaməsi kimi 12 maddədən oluşmaqdadır, ancaq doğal olaraq günümüzün ehtiyaclarına və tarixi təcrübələrdən dərs alaraq yenilənmişdir.

Birinci Maddə
Biz İnsan Haqları Dünyalıq Bəyannaməsi və dünyaca qəbul edilmiş fərdi və ictimai haqları qaranti edən bütün sənədləri qəbul edirik və bütün insanların bu haqlara malik olması gərəkdiyini vurğulayırıq. Gələcək Azərbaycan milli hökümətinin qanunlarının heç biri bu dünyalıq insan haqlarını pozmamalıdır.

İkinci Maddə
Azadlıq və bərabərlik bəşəriyyətin çox uzun illərdən bəri böyük ideallarıdır. Bu dəyər və ideallar bir çox siyasi ideoloji və fəlsəfələrin yaranmasına və böyük dəyişikliklərin meydana gəlməsinə nədən olublar. Ədalət isə bəlkə bütün bəşəriyyətin ortaq istəyi olub. Ancaq azadlıq və bərabərliyin hansının öncəlik daşıması daha çox ədalətli olar qayğısı, müxtəlif ideolojilərin yaranmasına gətirib çıxarıb. Tarix isə bu dəyərlərin hər hansına göz yumulmasının ziyanların sərgiləməkdədir.

Biz gələcək Azərbaycan hökümətində, insanların qanun çərçivəsində bərabər azadlıqlara malik olmasına inanırıq. İnsanların siyasi, ictimai və iqtisadi baxımdan azad olması isə yalnız qanunla və başqaların azadlıqlarını pozarsa məhdudlaşır. İnsanlar bu azadlıqlara bərabərcə malikdirlər və bərabərliyi pozan siyasət və qanunlar yalnız toplumun umum xeyrinə və aşağı təbəqə-qatmanların xeyri üçün yapıla bilər.

Üçüncü Maddə
Biz İranın çox millətli bir ölkə olduğuna inanırıq və Fars nasyonalizmi vəya fars faşizminin bütün qeyri-Fars millətlərə o cümlədən Türklərə hakim olduğu düşüncəsindəyik. Başqa sözlə bugünkü İranda, bütün qeyri Fars millətlər kimi Güney Azərbaycan və İranın başqa bölgələrində yaşayan Türklər də, Farsların sömürgəsi halına salınıblar. Biz bu müstəmləkəçiliyi Güney Azərbaycanın ən böyük faciəsi görürük və bugünkü durumda bu sömürgədən qurtulmağı millətimizin ən acil istək və hədəfi kimi dəyərləndiririk. Ona görə də, fars millətinin hakimiyyəti və üstünlüyündən qurtulub uluslararası hüquqda qəbul olunmuş “öz müqəddəratını bəlli etmək haqqına” dayanaraq, öz milli hökümətimizi qurmaq ən başlıca və stratejik hədəfimizdir. Milli hökümət bizim ortaq və vaz keçilməz haqqımızdır. Bu haqqı millətimizə tanıyan hər kəs və hər qrup və ya ölkə millətimizin dostudur.

Dördüncü Maddə
Bugün Fars sömürgəçiliyini millətimizə qarşı yürüdən və dini istibdad ilə bütün ictimai-siyasi azadlıqları basdıran və İranı bütün millətlərə o cümlədən Farslara belə zindan edən aparıcı güc “İran İslam Rejimi”dir. Bu rejim öz əməlləri ilə sübut edib ki, Azərbaycan millətinə düşməndir və bu rejim var ikən biz heç bir haqqımıza çata bilmərik. Verdikləri bütün vədələr də, yalnız millətimizi aldatmaq üçündür. Bu rejim heç bir reform və dəyişimə yol vermir və ona görə də, biz bu rejimi Azərbaycan Türk Millətinin zati haqları uğrunda apardığı mücadiləsində ən böyük əngəl görürük.
Biz düşünürük ki İrana hakim olan faşizm və sömürgəçilikdən qurtulmaq üçün İranda yaşayan bütün millətlərin mübarizə birliyi və zülm altında yaşayan millətlər cəbhəsinin qurulması məcburi və tarixi zorunluluqdur. Ancaq bu şəkildə bu rejimi məğlub etmək mümkündür.

Beşinci Maddə
Çoxulçu demokrasi bugün bəşəriyyətin əldə etdiyi ən əlverişli yönətim sistemidir, ki öz milli müqəddəratını təyin etmə haqqını da ehtiva edir. Biz gələcək Azərbaycan milli hökümətində çoxulçu demokrasinin hakim olacağını hədəflərimiz içində yerləşdirmişik. Biz demokrasini təkcə seçkilərdə xalqın oy verməsində yox, bütünü ilə uyğulamaq istəyirik. İnanc, söz və toplaşma azadlığı, partiyalaşma və seçkilərə azadca qatılıb aday olub və ya səs vermək haqqını demokrasinin təməl gərəksinimlərindən sayırıq. Gələcək Azərbaycan höküməti kəsin olaraq çoxulçu demokratik bir dövlət olmalıdır.
Altıncı Maddə
Bəşər tarixi din hakimiyyətinin ən qorxunc hakimiyyət olduğunu dönə-dönə sübut edib. Hər hansı din hakimiyyətdə olub, əslində din adamlarının-ruhanilərinin qulluğunda olub. Din hakimiyyətlərinin dəyişilməsi həmişə böyük xəsarətləri bərabərində gətirib. Bu tarixin bizə verdiyi dərsdir və bugünkü İran İslam Cümhuriyyəti də bunun aydıncasına göstərgəsidir. Dinin dövlətə və genəl olaraq desək, ümumi alana qarışması, həm dinin özü üçün həm də toplum üçün böyük ziyanlar verir. Elə ona görə də, sekularizm və laiklik düşüncələri ortaya gəlmiş və dini şəxsi məsəlsə qonumuna gətirmişdir. Biz gələcək Azərbaycanda dinin dövlət və ümumi alandan uzaq durmasını və şəxsiləşməsini istəyirik və bu istəyi yerinə yetirməyə qərarlıyıq. Bir sözlə gələcək Azərbaycanda insanlığın onur və sayğınlığın pozmayan bütün dinlər azad olduğu halda , heç bir dinin qanunları dövlət qanunlarında nəzərdə alınmayacaq. Heç bir din xadimi, özəl və ayrıcalıqlı qonuma malik olmayacaq. Sekularizm gələcək güney Azərbaycan dövlətinin özəlliklərindən olacaq.

Yeddinci Maddə
Bizim anlayışımıza görə demokrasi təkcə çoxunluğun səsi və hakimiyyəti deyil. Bütün siyasi, dini və etnik azınlıqların varlıqları, kimlikləri və azadlıqları qorunmalıdır. Pluralizm-çoxulçuluq gələcək Güney Azərbaycanda ən aparıcı ilkələrdən olmalıdır. Bütün dini azınlıqlar öz inanclarında sekularizmə dayanaraq azad olmalıdırlar, bütün etnik azınlıqlar öz dillərində öyrənim keçməlidirlər və toplumsal haqları təmin edilməlidir.  Biz toplumu uniform və homojen görmürük, hər zaman ayrı-ayrı səliqələr, inanclar və kimliklərin var olması və yaranması mümkündür və bu çeşitliliklərə sayğı ilə yanaşılmalıdır.

Səkkizinci Maddə
Ülkülər toplumların böyük arzularından və duyduqları təhlükədən ya pozulmuş geniş haqlarından yaranır. Bugün İranda yaşayan cəmiyyətin yarısını oluşduran qadınlara, ikinci dərəcəli vətəndaş kimi baxılır. Qadınlar kişilərin malik olduğu bir sıra ən ilkin haqlardan yoxsundurlar. İran İslam Cümhuriyyəti, qadınlara qarşı bu ayrı seçkiliyi İslam şəriətinə dayanaraq savunur. Biz qadınla kişinin insan olaraq bərabər olduqlarına və qanunda bərabər azadlıq və hüquqa malik olmasına inanırıq. Gələcək Güney Azərbaycan milli hökümətində bu bərabərliyi yerinə yeritməyə qərarlıyıq. Bizcə keçmiş illərin ayrı seçkiliyini ödəmək üçün, ölkə qanunlarında qadınla kişi arasında bərabərsizlik olursa, qadınların xeyrinə olmalıdır.

Doqquzuncu Maddə
Yurdumuz millətimizi millət edən əsas etkənlərdən biridir. Dil, tarix, kültür və ortaq milli bağlılıq kimi öyələr nə qədər dəyərli olsalar da, vətənin birliyi və bütünlüyü olmazsa modern yönətimin yaranması olanaqsızdır. Güney Azərbaycanın tarixi torpaqları bizim üçün vaz keçilməz milli varlıqdır və onu qorumaq üçün məşru müdafiə haqqından istifadə etmək labüd və qaçınılmazdır. Biz İran içindəki millətlərə milli hökümət haqqını tanıyan bütün milli-siyasi qurumlar və təşkilatlarla işbirliyə hazır olduğumuz halda, milli torpaqlarımızın bir qarışından belə vaz keçmərik. Milli azadlığımız və dövlətimiz uğrunda candan başdan keçəcəyimiz kimi, torpaqlarımızın da savunmasında inanclıyıq. Bu bizim üçün ölüm qalım savaşıdır.

Onuncu Maddə
İran İslam Cümhuriyyətinin yarıtmaz və xaincə siyasətləri nəticəsində, bugün yeraltı və yerüstü sərvətlərimiz talandığı kimi, yaşam çevrəmiz də dağılmaqdadır. Yaşam çevrəmizin aradan aparılmasının ən qabarıq örnəklərindən biri Urmu gölünün qurudulmasıdır. Azərbaycan millətinin çoxsaylı etirazlarına baxmayaraq, hakimiyyət bu haqda heç bir müsbət iş görmədi və Azərbaycanı susuz duz çölünə çevirmək, göründüyü kimi bu rejimin siyasətinin bir parçasıdır. Biz yaşam çevrəmizi, yaxşı yaşamağın göz ardı edilməz gərəksinimi bilirik, eyni zamanda sürdürüləbilir qalxınmanın önəmli faktorlarından biridir. Yaşam çevrəmizin qorunub saxlanmasını milli dövlətimiz qurulmayana qədər ehtimallara tapşırmaq kimi görürük. Milli hökümətimiz qurularsa, çevrəmizi özümüz qoruyacağıq və heç bir iqtisadi siyasi qazanc bahanasına yaşam çevrəmizin pozulmasına yol verməyəcəyik.

On birinci Maddə
Bugün İranda yaşayan əhalinin çox ağır sorunlarından biri keçim-iqtisadi sorunudur. İndiki yarıtmaz hökümətin rəsmi verilərinə görə ölkə əhalisinin yüzdə altmışı yoxsulluq xəttinin altındadılar. Yoxsulluq, işsizlik, bahalıq və iqtisadi yolsuzluq-fəsad get gedə daha artıq üzə çıxmaqdadır. İntihar, küçədə yaşamaq, ailələrin dağılması, cinayət, narkotik bağımlılığı kimi toplumsal sorunlar inanılmaz səviyyədədir. Bu iqtisadi fəlakət qeyri  fars bölgələrdə daha da acınacaqlıdır. Ölkə sərvətinin yüzdə səksəni Tehranda və mərkəzi vilayətlərdə toplaşıb. İş və gəlir arxasınca mərkəzə qaçanların ardı kəsilmir. Bizcə bu durumu yaradan əsas amil indiki yolsuz-fasid rejimdir. Bu rejim öz məntiqsiz siyasətlərini yürütmək nəticəsində və əslində xalqı yox sadəcə rejimi saxlamaq üçün, durumu buraya gətirib çıxarıb. Ölkəni çapıb qaçan adamlar da hamısı rejimin amilləri olublar. Şovinist və sömürgəçi baxış isə bu rejimin ayrılmaz parçasıdır. Bizim düşüncəmizə görə, bu rejim var ikən iqtisadi çətinliklər çözülə bilməz.

Gələcək Güney Azərbaycanın iqtisadiyyat planlarını, əlbəttə ki millət azad seçimlə seçəcək, ancaq bizim baxışımızda azad bazar iqtisadiyyatı ilə yanaşı Şəffaflıq və xalq qarşısında sorumlu tutulmaq iqtisadi gəlişmənin olmazsa olmazıdır ki bugünkü İranda bunları heç biri yoxdur.

On ikinci Maddə
Biz bugün böyük bir milli savaş içində olsaq da, barış hər zaman idealımızdır. Bizim vətənimizi, azadlığımızı və haqlarımızı qəsb etmək istəməyən heç bir şəxs, qurum və dövləti özümüzə potansiyel dost görüb yaxşı ilişkilər qurmağa üstünlük veririk. Xarici siyasətdə dostluğun və sağlam ilişkilərin yanlısıyıq. Ən yaxın dostlarımız isə qardaş ölkələrimiz olan Türk ölkələridir. Biz özümüzü Türk Dünyasının bir parçası, Azərbaycanı isə bölünmüş bir millət hesab edirik. Bununla yanaşı bütün qonşularımız və dünya ölkələri ilə dostluq və barış içində yaşamaq arzumuzdur və bu haqda dostluq üçün əlimizi ilk uzatmağa həmişə hazırıq.

Yaşasın Azərbaycan
Yaşasın azadlıq, ədalət, milli hökümət

Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkəti – AZOH
Güney Azərbaycan Demokrat Partiyası – GADP
04/09/2022(https://www.aznews.tv/12-s%c9%99hriv%c9%99r-munasib%c9%99ti-il%c9%99-12-madd%c9%99lik-b%c9%99yannam%c9%99/)


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Aliyar Kamran
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Diğer Yazıları
Bugün Gündem

Son Gelen Mesajlar

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.