Vahid Əzizin Vətən nəğmələri

Vahid Əzizin Vətən nəğmələri - komutan aliyev

Vahid Əzizin Vətən nəğmələri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətənimizin ərazi bütövlüyü uğrunda aparılımış mübarizə siyasi olduğu qədər də ədəbi hadisədir ki, bunu XX əsrin sonu-XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı öz tarixinə bütün ağrı-acı, həsrət-nisgil, ümid-intizar və nəhayət, möhtəşəm zəfər yaşantıları miqyasında az qala hər günün xronoloji ardıcıllığı ilə həkk etmişdir. Elə qələm adamları da olmuşdur ki, ədəbiyyatımızın xalq (və tarix!) qarşısındakı həmin məsuliyyətini üzərlərinə almağı yaradıcılıq tərcümeyi-halları üçün missiya saymışlar.

Xalq şairi Vahid Əziz gözoxşayan “Param-parça illər…” (Azərnəşr, 2021) kitabına toplanmış son dərəcə təsirli şeirlərilə göstərdi ki, mənsub olduğu millətin belə vətənpərvər söz ustalarından biridir. Azərbaycanın üzərini qara buludların almağa başladığı ilk illərdən – keçən əsrin 80-ci illərinin sonlarından zəfərin qürurunu doya-doya yaşadığımız günlərə qədər xalqımızın keçirdiyi hisslərin müfəssəl poetik salnaməsi olan kitab zəfər nəğmələrilə başlayır:

“Zəfər millətimin altun tacıymış”, “Qələbə!”, “Bir bayatı çağırdılar”, “Payız bilə- bilə özü yubanır”, “Sən mənim əbədi Qarabağımsan”, “Tarix dərsi”… Hər nə qədər geniş poetexnoloji özünüifadə (və yaradıcılıq) imkanları olsa da, Vahid Əziz “Param-parça illər”də xalq şeirinin ən doğma janrlarına – bayatı, gəraylı və qoşmalara daha çox müraciət edir ki, təsadüfi deyil. Çünki xalqın özü kimi, onun şair övladı da Vətənin damarlarında axan qanın ritmini öz vətənpərvər sələfləri Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Zəlimxan Yaqub kimi məhz həmin janrlarda tutur:

Düşmən öz zatına söyüb qaçacaq,

başına, dizinə döyüb qaçacaq,

sürünə-sürünə vaylar salacaq,

hələ çox salacaq, bu vay nədir ki?!



Payız təzə girib, yay bizimkidi,

yaslar düşmənlikdir, toy bizimkidi,

hesabın itirib, say bizimkidi,

Fələyin saydığı o say nədir ki?!



Yaşadıq yüzlərlə ağır ayları,

düşmən əsir etdi coşan çayları,

Qarabağ tanıyır bizim soyları,

Soyumuz yanında o soy nədir ki?!

Kitabda İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğu, Vətən müharibəsi günlərindəki Azərbaycan-Türkiyə həmrəyliyi, bu dostluğun, həmrəyliyin simvoluna çevrilən Şuşa yalnız böyük məhəbbətlə tərənnüm olunmur, eyni zamanda haqlı olaraq zəfərin silinməz atributları kimi təqdim edilir.

“Düşmənin”, “Gedir”, “Qanımda”, “Sabah”, “Getdi”, “Yalnız irəliyə, yalnız irəli”, “Biriydik”, “Ordu”, “Qarabağda”, “Tanrı qoru Azərbaycan ordusunu”, “Vətən sağ olsun” və s. onlarca qoşma təkcə mənfur düşmən üzərindəki tarixi qələbəni tərənnüm etmir, eyni zamanda bu qələbənin xalqımız (və müstəqil dövlətçiliyimiz!) üçün hansı itkilər, sınaqlar, gərginliklər hesabına başa gəldiyini də böyük bir şair həssaslığı ilə bəyan edir.

Gah düşmənin nankorluğuna hirslənir:

Yer qopub oynayır yenə yerindən,

Məkriniz söndürdü min-min ocağı.

Ay İblis övladı, it itdiyiynən

Çörək verən əli gəmirmir axı!..

Gah işğalçı xülyasının, iştahının öz başında çatlayacağını deyir:

Heç çıxmaz yadımdan, qudurğan alçaq

Deyirdi Bakıya gəlib çıxacaq…

Ulu Qarabağda yaxdığı ocaq

Özünü yandırdı, kül oldu getdi…

Gah da qisasın qiyamətə qalmadığına görə bütöv bir nəslin adından qürur duyur, fəxr edir:

Azad olan Qarabağım daha şaqraq güləcək,

Alçalmadıq! – yeni nəsil bizi Kişi biləcək.

İlk misramdan bir pərvanə “Vahid Əziz” deyəcək,

“özgəsinə bənzəməyən yazısından tanıdım”…

Əlbəttə, Vətənin zəfərinə ən çox sevinən sərkərdələrdir. Sonra isə həmin zəfəri tərənnüm edən şairlər gəlirlər. Və heç şübhəsiz, bu tərənnüm zəfərin özü qədər ürəkdən, candan (və möhtəşəm!) olmasa, o, milli yaddaşa çevrilə, millətin tarixində əbədi yaşaya, gələcək nəsillər də onunla qürur duya, fəxr edə bilməz. Və öz tarixi zəfərlərindən zövq almağı unudan millət zaman-zaman özünü unudar.

Vahid Əziz Vətən müharibəsinin ən məsuliyyətli günlərində üzünü Vətən oğullarına tutub deyirdi:



Azadlığın yolu çətin –

Duman-çəndədi, çəndədi.

Vətən oğlu, millətinin

Gözü səndədi, səndədi.



Savaş-sınaqlar çağıdı,

Qalib gələn – qoçağıdı!

Vətən – Ata ocağıdı,

Közü səndədi, səndədi.



…Hər yana mərmi ələnər –

Yağıya nə kənd, nə şəhər?!

Tanrı, qoru, bizim əsgər

Gözəl bəndədi, bəndədi…



“Koroğlu” eposunun intonasiyasında deyilmiş (yazılmış yox, məhz deyilmiş!) bu gəraylı Vahid Əzizin həmin günlərə məxsus həmin janrdakı çoxlu şeirlərindən – “Vətən”, “Qarabağda”, “Qarabağ”, “İrəvana qədər”, “Yaşatdılar” və s.-dən biridir ki, onun yüyrək misraları, coşqun intonasiyası dövrün döyüş əhvali-ruhiyyəsini birbaşa əks etdirir. Və “Param-parça illər”i vərəqlədikcə görmək çətin deyil ki, şairin çox tez-tez müraciət etdiyi “poetik ünvan” Qarabağdır… İsmin bütün hallarında… Daha çox, təbii ki, yerlik halda:

Yağıya sınmadı bu doğma yerlər,

Səbir sınağıymış ötən fəsillər.

Şikəstə söyləyər, bayatı deyər

Telə qovuşanda tel Qarabağda.

“Qarabağ bayatıları”nda önə hər nə qədər çıxışlıq hal çıxsa da, mətləb yenə yerlik haldadır:



Bağımda üzüm ola,

Deməyə sözüm ola,

İrəvan bizim ola –

Gül gedə Qarabağdan.



Gül dodağı qənd ola,

Yanağıma bənd ola,

Üfüq aynabənd ola –

Tül gedə Qarabağdan.



Gülüm, özgəyə uyma,

Sevməkdən məni doyma,

İlahim, bir də qoyma –

El gedə Qarabağdan…



Və Qarabağın çıxışlıq halına qazandırılmış bu bədii keyfiyyəti də şairin poetik kəşfi saymaq üçün, görünür, hər cür əsas vardır:

Cahanda qüdrətli nə var ki, sözdən?



Bunlar bir xatirə Vahid Əzizdən:

Keçə Zəngəzurdan, Dərələyəzdən

Gözəl Naxçıvana yol Qarabağdan…



Harda Vətən uğrunda döyüşlər gedirsə, orda şəhidlər var. Və “Param-parça illər”in bir çox şeiri Vətən müharibəsi şəhidlərinin heç zaman unudulmayacaq obrazlarını bütün ruhsal təfərrüatı ilə yaratdığına görə də dəyərlidir. Və “Şəhidlik zirvəsi”, “Naməlum şəhid məzarı”, “Şəhid məzarına məktub”, “Şəhid xəbərini gətirən qazi”, “Şəhid məzarına gül gətirən qız” və s. şeirlər buna misal ola bilər.

“Heyrət səcdəsi” poemasına gəldikdə isə müəllif bu əsərlə Vətən müharibəsi silsiləsinə hələ ki, yekun vurur…



Öz yerini tapdı Haqq –

duyduq su, hava kimi,

Sərkərdəsiz olan xalq

dolanar tayfa kimi



misraları bir də ona görə inandırıcıdır ki, Vətən müharibəmiz sərkərdəli olan xalqın nəyə qadir olduğunu bütün dünyanın gözləri qarşısında nümayiş etdirdi:



Ali Baş Komandan dəmir yumruğun

düşmənin başına vuran kişidi,

millət, Prezidentin – böyük dayağın

sözünün üstündə duran kişidi!



Şair “Param-parça illər”in sonuna “Utanırdım deyəndə Qarabağdan gəlirəm” adlı ayrıca bir bölmə əlavə etmişdir. Və bu bölmə olmasaydı, Vahid Əzizin Vətən nəğmələri yarımçıq görünərdi… “Çağırış”, “Laçın koridoru, Sumqayıt yolu”, “Doğma o körpəni”, “Qələm yoldaşlarıma”, “Hərbçi paltarı geyindi qızlar”, “Xocalı vağzalısı”, “Partizan canavarlar”, “Bilin Ərmən dağlarıdı o dağlar” və s. şeirlər elə bilirik ki, yarandığı illərin ictimai ovqatını ifadə edən təsirli şeirlərdir.

Kitabın son şeirinin son misraları atalar sözü kimi səslənir:



Çox oldu ömrümdə ağrılı illər,

şanlı tarixini yazdı nəsillər,

qələbə əzmiylə yumruğa dönər,

gərək inanasan Azərbaycana!..



Hər cəhətdən görünür ki, şair bu qənaətə həm param-parça illəri, həm də Vətən müharibəsinin sonsuz vəchlə izlədiyimiz hər bir qələbə gününü sözün böyük mənasında yaşaya-yaşaya gəlir. Və onun şeirləri istər zilində, istərsə də bəmində vətəndaşın ruhunu oxşayan həqiqi Vətən nəğmələridir.

Nizami CƏFƏROV,- Milli Məclisin deputatı, akademik/ TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  Odri Azule yenidən UNESCO-nun Baş direktoru seçilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir