İlham Əliyevin qlobal layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdirir

İlham Əliyevin qlobal layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdirir-AZERBAYJANNEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - Dogalgaz496 Image 0001

İlham Əliyevin qlobal layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdirir-AZERBAYJANNEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

İranla imzalanan anlaşma memorandumu ölkəmizin geostrateji müstəvidə növbəti diplomatik qələbəsidir

Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycan öz geosiyasi mövqeyindən maksimum yararlanaraq regionlararası nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasında fəal iştirak edir.

Ölkəmizin zəruri infrastrukturun təşkilində oynadığı mühüm rol digər potensial marşrut dəhlizlərinin də formalaşdırılmasına təkan verir. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr – “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində iş aparır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir.

Martın 11-də bu sahədə daha bir tarixi hadisə yaşandı. Azərbaycanla İran İslam Respublikası arasında qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Bunu ilk növbədə Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirmək olar.



Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir



Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirən İlham Əliyev qlobal layihələri ilə ölkəmizi dünyada cəlbedici investisiya məkanı kimi tanıdıb.

Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.

Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihə regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya, logistika infrastruktrunun inkişafına yüksək töhfə verib. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr – “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində iş aparır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi qəbul edilir.

Martın 11-də imzalanan sənəd isə bu istiqamətdə həyata keçirilən layihələrin növbəti təntənəsidir. Öncə onu qeyd edək ki, iki ölkənin diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümündə belə bir tarixi hadisənin baş verməsi qürurvericidir. Onu da vurğulamaq yerinə düşər ki, iki ölkənin münasibətləri son zamanlarda yeni inkişaf mərhələsinə qədəm qoyub. Qlobal böhran şəraitində belə iqtisadi dövriyyə 30 faiz artıb. Pandemiya şəraitini nəzərə alsaq, Azərbaycan və İran arasında iqtisadi dövriyyənin 30 faiz artması çox yaxşı nəticədir.

Əlaqələrin inkişafında qarşılıqlı sərmayələrin böyük rolu var. Hazırda 2050 İran şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir.

Xatırlatmaq yerinə düşər ki, ötən il Azərbaycan İranla daha bir avtomobil yolunun reallaşdırılması istiqamətində danışıqlar aparıb və müsbət nəticə əldə edilib. Söhbət Azərbaycan, İran və Gürcüstanın birgə yaratdığı yeni tranzit marşrutundan gedir. Bu xətt İran, Azərbaycan və Gürcüstandan keçməklə Fars körfəzini Qara dənizə birləşdirir. Hətta 2021-ci il dekabrın 22-də İran-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi ilə ilk sınaq ekspedisiyası da həyata keçirilib. Bu yeni nəqliyyat dəhlizi Cənub-Şərqi Asiya və Avropa bazarlarına çıxış yolları yaratmaq üçün tikilib. Təbii ki, İran-Azərbaycan-Gürcüstan dəhlizinin açılması üç qonşu ölkənin iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə səbəb olub.



Araz çayı üzərində ikisi avtomobil, ikisi isə dəmir yolu olmaqla dörd körpü salınacaq



Martın 11-də Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasının yekununda Azərbaycan və İran arasında iclasın protokolu, bir sıra ikitərəfli sənədlər və anlaşma memorandumu imzalanıb.

Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində ikisi avtomobil (piyada keçidi ilə) və ikisi dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədə keçəcək.

Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürüb. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan MR-i Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir. Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə işçi qrup yaradılacaq. Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edir, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirirlər. Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlanıb tərəflərin hökumətlərinə təqdim ediləcək.



Ermənistan növbəti dəfə şansını itirərək mühüm geostrateji layihədən kənarda qaldı



Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlandı, lakin Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. İndi bütün bu cəhdlərin sabun köpüyü olduğunu aydın görən Ermənistan bir daha əsaslı şəkildə düşünməlidir – buna dəyərdimi?

44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazilərini geri qaytardı və dövlət sərhədlərini bərpa etdi. Bu amil Azərbaycanın növbəti diplomatik triumfuna yol açdı və ölkəmiz eyni coğrafiyada, Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda – İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratdı. Azərbaycan bununla öz planlarını reallaşdırdı, Ermənistan isə növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik olan layihədən kənarda qaldı. Yeni layihə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, həm də Naxçıvan MR-in blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq. Bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır. Bu layihənin gerçəkləşməsində İranla Azərbaycan arasında dostluq, yaxın qonşuluq münasibətlərinin olması mühüm rol oynadı. Memorandumun imzalanması Azərbaycanla İran arasında diplomatik münasbətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Hazırda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı “Şərq-Qərb” nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmentinin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir. Yeni iqtisadi layihənin gerçəkləşməsi tarixi hadisə, Azərbaycan diplomatiyasının mühüm qələbəsidir və ölkəmizin iqtisadi inkişafında böyük rol oynayacaq.

İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə kimi qiymətləndirilir.

Sözügedən anlaşma memorandumu qeyri-müəyyən müddətə bağlanılıb. Ermənistan ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi.

“Şimal-Cənub” nəqliyyat dəhlizinin bir qolu olacaq yeni nəqliyyat yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və bu həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” istiqamətlərində əməkdaşlıq üçün gözəl zəmin yaradacaq. Əlbəttə ki, yeni dəhliz həm nəqliyyat, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhliz olacaq.



Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə mühüm töhfə



Azərbaycanla İran arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyevin martın

11-də bu ölkənin rəhbəri Seyid İbrahim Rəisiyə ünvanladığı məktubda da qeyd edildiyi kimi, dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqların iradəsi qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətlərinin əsas təməlini təşkil edir.

Azərbaycan ilə İran arasındakı müntəzəm siyasi dialoqu və bir sıra sahələrdəki işbirliyini yüksək qiymətləndirən

İlham Əliyev qeyd edib ki, bu gün qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var. Şübhəsiz, tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaradıb. Bu baxımdan iki ölkə arasında imzalanan anlaşma memorandumunun xüsusi əhəmiyyəti var.

Prezident həmçinin vurğulayıb ki, xalqlarımızın mənafelərinə və ölkələrimizin maraqlarına xidmət edən Azərbaycan-İran münasibətləri bundan sonra da birgə səylərlə uğurla inkişaf edəcək və möhkəmlənəcək.

Göründüyü kimi, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Buna görə də ölkəmiz hazırda regional güc mərkəzi kimi sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli və etibarlı tərəfdaş hesab edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Məhz bu səbəbdən də dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar.



Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Okumaya devam et  Təbrizdə Urmu gölü ilə bağlı şüarlar yazılıb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir