Yağışın yağmadığı zaman ilin hansı fəslidir? Eluca Atalının “Ənqa quşu” romanına resenziya

Yağışın yağmadığı zaman ilin hansı fəslidir? Eluca Atalının “Ənqa quşu” romanına resenziya -Səadət Kərimi Elmlər doktoru, KTH Universitetinin dosenti, İsveç / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - eluca atali anka kusu

Yağışın yağmadığı zaman ilin hansı fəslidir? Eluca Atalının “Ənqa quşu” romanına resenziya -Səadət Kərimi Elmlər doktoru, KTH Universitetinin dosenti, İsveç / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Yağışın yağmadığı zaman ilin hansı fəslidir? Eluca Atalının “Ənqa quşu” romanına resenziya -Səadət Kərimi Elmlər doktoru, KTH Universitetinin dosenti, İsveç / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - eluca atali anka kusu

Dəyərli yazarımız Eluca Atalının Ənqa quşu romanı yenicə işıq üzü görmüşdür. Bu roman Azərbaycan və ümümtürk ədəbiyyatına böyük tövhədir. Yazar özü əsərini uşaq və gənclər ədəbiyyatı adlandırsa da sanıram bu romanın hər sətiri böyük ideologiya və fəlsəfə daşıdığı üçün onu yetkinlər daha çox anlar və bir başqa mənada zövq alarlar. Kitabı oxuduqca ona mütləq resenziya yazmağı düşündüm, resenziyamı yazdıqca isə ona hansı başlığı verim deyə götür qoy etdim, çünki “Ənqa quşu” bir rəmzi addır. İlk öncə öz mübadiləmdə “Yalnız ruhani olan əbədi yaşayır”, “Özünü yaratma hünəri”, “Genetik yaddaşımız”, “Yolumuz öz içimizdən başlayır”, “Azad məkanda duracaq olmaz”, “Analar hər şeyi görürlər!” , “Sən əlçatmaza aşiqsən” və “Yağışın yağmadığı zaman ilin hansı fəslidir?“ başlıqları arasında qalsamda sonunda sonuncu alternativ üzərində dayanmağı qərar verdim.

Yazarın “Yağışın yağmadığı zaman ilin hansı fəslidir? “ sualı mənim vücudumu titrətdi. Sizin heç bu sual ətrafında düşündüyünüz oldumu? Bu sualın cavabı varmı? Zənn etmirəm ki, coğrafiya müəllimlərimiz bizə bu sualın cavabını verə bilsinlər. Eluca Atalı roman boyunca oxucunu düşündürür və ən əsası bizə kimliyimizi, xalqımızın genetik yaddaşını xatırladır və böyük mənəviyyatla yaşamağa, ruhunu təmiz və sarsılmaz saxlamağa çağırır. Yuxarıda sadaladığım başlıq alternativləri isə əslində əsərin alt mövzularıdır. Əsərdə gedən qımızı xətt öz kimliyini tanıyıb, xalqının istiqlalı, azadlığı və istiqbalı uğrunda birləşmək ideologiyasıdır. Bunun üçün isə heç bir fəsli və ya hava durumunu gözləmək gərəkməz! Hər bir soydaşımız hər daim bu müqəddəs amal uğrunda nə isə etməlidir! Əsərin qəhrəmanı bala quşun səmada böyük qara buludlara rast gəldiyi səhnədə onun “hiss etdiyi işıq zərrəsi ona yolu tutub qabağa getmək üçün işarə verirdi” deməsi ilə yazar oxucunun bu qənaətə gəlməsini sağlayır. İnsan hər daim özünü inkişaf etdirməli, maneələri aşmalı, öz halal əməyi ilə hörmət qazanmalı, özünə, ailəsinə, ölkəsinə, bəşəriyyətə xeyirli tövfəsini verməlidir və insanlığı beləliklə əbədi üstün mənəvi varlıq olaraq yaşatmalıdır!

Əsərdə quşların obrazlarını və onların xarakterlərini yaratmaqla yazar əslində müxtəlif insan tiplərini nümayiş etdirir və zənnimcə hətta bəzən müxtəlif xalqları ifşa edir. Quşun dili ilə “Kim bu uzun yolu gedib o Ənqa quşu ilə görüşərsə, o zaman o da əbədiyyətə qovuşa bilər. Uzun yolu tutub uçan quşlardan kimisinin yolda inamı, kimisinin də iradəsi tükənir, mənəviyyatı korlar öz səfər yoldaşlarını tutub yeyirlər: Bayquş gecə qaranlığında Yarasanı, Qartal Çalıquşunu, Kərkəz Göyərçini və s. təbii təlabatına, qarnının diqtəsinə görə parçalayıb yeyir. Əbədiyyətə qovuşmaqdan ötrü ruhun təmiz olmalıdır” deyən yazar zənnimcə əslində Azərbaycan xalqının uzun illərdir getdiyi çətin amma çox şərəfli yolu nəzərdə tutur. Bu yol parçalanmış Azərbaycanın birləşməsi və bütövləşməsi yoludur! Əsərdə bala quş Başarının “hiss etdiyi işıq zərrəsi” məcazi yolla milli iradəsi güclü olan soydaşlarımızın Bütöv Azərbaycana gedən yolda işıq görməsidir və onların bu yola qəti inamla və böyük iradə ilə getməklə bu yolun həm mümkün həm mütləq olması fəlsəfəsidr. Tariximizə baxdıqda görürük ki, bu yolu gedən insanlarımız necə məhrumiyyətlərə, itgilərə məruz qalmışlardır. Əsərin görümməz qəhramanı Ənqə quşu isə anasının ona Başarı adını verdiyi, təbiətdə mövcud olan quşların arasında ən kiçik cismə lakin bütün quşların arasında ən ağıllı və əzmkar, böyük iradəyə malik olan quşdur. Bu ziddiyəti yaratmaqla yazar demək istəyir ki, önəmli olan fiziki cismin ölçüsü və sahib olduğumuz maddi imkanlarımız deyil, bizi başarılı edən öz içimizdəki daxili gücümüz və sağlam ruhumuzdur! Başarı adlı quşun obrazı bizim xalq qəhramanlarımızın obrazıdır, Şah İsmail Xətainin obrazıdır, Səttarxanın, Məhəmməd Əmin Rəsulzadə və digər cümhuriyyət qurucuları babalarımızın obrazıdır, Pişəvəri və onun silahdaşlarının obrazıdır, Qarabağın işğaldan azad olunması uğrunda savaşan bütün igidlərimizin obrazıdır! Bu insanlar xalqımıza etdiyi xidmətləri ilə əbədi yaşardırlar! “Ənqa quşu özünü yaradanlardır, yalnız ruhani olan əbədi yaşayır” ideyası Eluca Atalının əsərinin özəyidir.

Əbədiyaşar obraz yaratmaqla yanaşı yazar həm də yırtıcı xislətli, öz çıxarları üçün başqalarını əzib-keçən mərhəmətsiz insanları və zənnimcə üstü örtülü rus xalqının xislətini təsvir etmişdir. “Pişiklər indi bədəncə cılızlaşsalar da, amma genetik yaddaşlarında o nəhəng heyvanın ovlama vərdişini daşıyırlar. Yəni, onlar da pələnglər kimi sübh tezdən çöldə gəzər, dişlərinin əzə biləcəyi heç bir canlıya rəhm etməzlər.“ Zənnimcə bu genetik yaddaşı ilə heç bir canlıya rəhm etməyən əsirlərdir imperialist siyasəti yürütməklə Qafqaz xalqlarına acımayan və bu siyasətindən heç bir zaman vaz keçməyən rus siyasi elitasıdır. Ana quşun səsi ilə “Amma al-əlvan rəngimizə görə bizi qəfəsə salmaqdan vaz keçmirlər” deyən yazar məcazi mənada məharətlə söz deyir! Ölkəmiz sərvətləri və neymətləri ilə al-əlvandır, ona görə də bu yırtıcı siyasət bitən deyildir.



Yazarın müxtəlif quşların adətlərini nümayiş etdirməsinə oxucu istər-istəməz refləktə edir, müxtəlif insan tiplərinə assosiyasiya edir və hətta müxtəlif xalqları da müqayisə etməyə başlayır. Qağayıların balıq dolu təknələrin sahilə boşaldıldığı zaman onların üzərinə hücum edib, balıq qapdıqları səhnəsini yaratmaqla yazar Başarının dili ilə düşündürücü sual qaldırır: “Bəs, niyə özləri balıq ovlamırlar?” Bununla da yazar hazıra ortaq olan, bəzən başqasının əldə etdiyini mənəmsəyən insan tiplərini və ya xalqları xatırladır. Bu səhnə Azərbaycan xalqına aid olan torpaqları, tarixi abidələrini, mədəniyyət və incənət əsərlərini mənimsəməyə çalışan erməni xalqını xatırladır və gənclərə ana quşun səsi ilə öyüd verir ki, “Yaşamaq üçün yemini özün qazanmalısan”. Eyni zamanda da yazar Ana quşun səsi ilə “balıqçı təknələrindən balıq qapmaq qağayılardan ötrü oğurluq hesab olunmur. Bu, sadəcə, nəsildən-nəsilə ötürülmüş genetik yaddaşdır” deməsilə uyarı verir. Yəni məcazi şəkildə yazar bildirir ki, biz bir xalq olaraq erməni xalqına qarşı tədbirli olmağı heç bir zaman əldən verməməliyik. Çünki bala quşun “Olmazmı, kimsənin əməyinin bəhrəsini mənimsəmədən yaşasınlar? Çox sadəcə, güllərin şirəsini çəksinlər?” sualına Ana quş belə cavab verir: “Ət yeyən quşları bir-iki qramlıq gül şirəsi doydura bilməz. Hər kəs öz dənliyinə görə yem gəzir.” Bir başqa səhnədə yazar quşun “bir quş öz geninə, nəslinə dönük çıxa bilərmi? Nəsli üzərində qələbə çala bilərmi?” düşüncələrini verməklə oxucunu da düşündürür. Əlbəttə, nə bədnam qonşumuz tiqranoid yolundan dönən deyil, nə də Azərbaycan xalqı Babəklər, Qocaq Nəbilər, Səttarxanlar, Mübarizlər yolundan dönəndir, çünki onlar Başarı quşun düşündüyü kimi “Mənim olan mənimdir, kimsəyə vermərəm. Mənim olmayanda gözüm yoxdur” əqidəsi ilə yaşayır və fəaliyyət edirlər.



Mənfi quş obrazları ilə yanaşı müsbət quş obrazlarını da yaratmaqla yazar əsərdə həyatın hər üzünü göstərir. Qayğıkeş bildirçinin haqqında balasına söhbət edən ana quş deyir ki, “Qonşudan sirr gizlətmək yaxşı hal deyil. Müşkülünüz varsa, deyin, çarəsini birgə tapaq.” Bununla da yazar yenə də yaxşı qonşuluğun, qohumluğun, dostluğun önəmini gənclərə aşılayır. Zənnimcə Türkiyə dövlətinin də Qarabağın işğalı kimi böyük müşkülün həllində Azərbaycan dövləti ilə birgə hərakət etməsi bildirçin quşunun obrazında cəmləşir.



Roman öz ədəbi üslübü, mövzu və motifləri və aşıladığı fikirləri ilə çox qiymətli əsərdir. Bu səbəbdən hesab edirəm ki, əsər özəlliklə optimal bir pedaqoji vəsait olaraq orta məktəblərin yuxarı sinif ədəbiyyat dərslərində ən effektiv didaktik metod kimi işlənə bilər. Əsərin yazı dili çox rahat oxunaqlı olmaqla yanaşı, həm də Azərbaycan Türkçəsinin zəngin deyimləri ilə, təbiət elminə aid bilgilərlə, uşağın tərbiyəsinə aid müdrik öyüdlərlə zəngindir. Romanda yazar həmçinin ironiya üslübundan istifadə etdiyindən onu oxumaq əyləncəli olur. “Yalnız həmcinsi Dağ Qartalı onu soyuq baxışları ilə salamlayıb onun quş aləminə yad, etikadan kənar adətinə qarşı kimsə irad tutmağa cürət etmədi” kimi səhnələrdə yazar etikadan uzaq davranışları ifşa edir. Əsərdə hər yaşda oxucunun marağını çəkəcək, zövqünü oxşuyacaq və faydalanacağı məqamlar vardır. İbtidai məktəbin missiyası aktiv, yaradıcı, bacarıqlı və məsuliyyətli fərdlər və vətəndaşlar yetişdirməkdir. Eyni şəkildə, tam orta məktəbin yuxarı siniflərdə missiyası şagirdlərin peşə həyatında və sosial-ictimai həyatda fəal iştirak edən və inkişaf etdirən fərdlər kimi inkişafına kömək etməkdir. Bu məqsədlərin hər ikisinə, eləcə də Azərbaycan dilini öyrənməyə sinifdə bədii ədəbiyyatdan istifadə etməklə nail olmaq olar. Bədii ədəbiyyatın fərdlərin uğurlu inkişafında rolu, daha yaxşı fərdlər kimi yetişməsinə təsiri barədə yetərincə elmi tədqiqatlar vardır (Malmgren 2003; Felski 2008; Landmark & ​​Wiklund 2012; Pettersson 2015). Bu onu göstərir ki, bədii ədəbiyyat oxumağın ideoloji və müəyyən dərəcədə mənəvi dəyəri var. İsveçli filoloq alim Malmqrenin (2003) fikrincə, bədii ədəbiyyat şagirdlərin təxəyyülünün inkişafı üçün bir pəncərədir, bu da onların dünyanı başqalarının nöqteyi-nəzərindən dərk etməsini asanlaşdırmağa kömək edir. Yenə də İsveçli alimlər Landmark və Viklundun (2012) araşdırmasının nəticəsinə görə ədəbiyyat bizi daha tolerant etməyə kömək edən vasitədir. Başqalarını nə qədər çox başa düşsən, onları mühakimə etmək bir o qədər çətindir. Bir neçə tədqiqatçı vurğulayır ki, bədii ədəbiyyat oxumaq fərdlərin empatiya qabiliyyətinə müsbət təsir göstərir (Krashen 2004; Landmark & ​​Wiklund 2012; Nikolayeva 2014), digər insanların həyat şəraitini başa düşməyi artıra bilir (Malmgren 2003) və perspektivdə cəmiyyətdəki qruplar arasında məsafələri azalda bilir (Pettersson 2015).



Əsər milli köklərə dayansa da hər xalqın nümayəndəsi bu əsərdən tərbiyəvi amaçla istifadə edə bilər. Necə ki bütün dünyada Danimarkalı yazar Hans Xristian Andersin nağılları, İsveçli yazar Astrid Lindqrenin əsərləri, Ingilis yazar Levis Karolun əsərləri sevə-sevə oxunur, çünki tərbiyəvi mövzular ümümbəşəridirlər. Ənqa Quşu romanı motivləri cəhətdən Cek Londonun köpəklərin yaşam mücadiləsindən bəhs edən The Call of the Wild (1903) adlı məşhur romanını, stil baxımından isə rus yazarı İvan Krılovun fabl əsərlərini xatırladır. Bu səbəbdən Ənqa Quşu romanı başqa dillərə, özəlliklə ingilis dilinə tərcümə olunub yayınlanarsa sadaladığım yazarların əsərləri kimi uğurlu və populyar olacağına əminəm. Çünki, yazar “Haqsızlığa göz yummaqla cinayətə şərik oluruq” deyir və bütün bəşəriyyəti vicdanlı olmağa səsləyir. Digər motivlərə görə isə, “Anama oxşamağa məcburammı” düşünən Başarı quşun Turgenevin “Atalar və oğullar” əsərindəki kimi, evladın öz yolunu getmək arzusu, istədiyi kimi yaşayıb, doqmatik olmamağa meyli nihilist Arkadi Kirsanovun ruhiyyəsini xatırladır. Bir sözlə, Ənqə Quşu romanı müxtəlif kateqoriyadan oxucuların alqılamasına bağlı motivlərlə zəngindir.



Romanın “İlk Cəhd” adlı bölümündə yazar ana quşun öz balasının ilk uçmaq cəhdini görəndə ona “Afərin, oğlum! Sənin ilk uçuşun hünərdir!” deməyini və balasına hər zaman ürək-dirək verməklə yanaşı həm də ehtiyatlı olmağı, öz təcrübəsini paylaşaraq onu yırtıcı quşlardan və heyvanlardan qorumağı, təbiətin yağışından, küləyindən və s. sərt hallarından qorumağa çalışması əslində valideynlərin, özəlliklə anaların evladın tərbiyəsində önəmli rol oynamasını vurğulayır. Ana Quş balasının başarısını görüb ona Başarı adı verməklə onunla təkçə öyünmür, ona həm də həyatın acı reallıqlarına da hazır olmağı öyrədir. Zənnimcə bu müdrik valideyn obrazıdır. Ana quş balasına “Oğlum, yaşamaq üçün gərək həyatın bütün üzünü tanıyasan!” deyir. Başarının “analar hər şeyi görürlər!” düşünməsi isə Eluca Atalının insan anasının böyüklüyünü, fədakarlığını göstərməsinin, ANALIĞA sevgisinin təcəssümüdür və həmin duyğuları və inancı gənclərə aşılamaq məramının bariz nümunəsidir. Eyni zamanda ana quşun ağzından çıxan “bilməzsən” kəlməsi bala quş Başarının “yuvanın divarlarına dəyib əks-səda verdi. Səs əvvəlki tonda yox, alçaq, öləzimiş şəkildə yuva divarından qayıdıb onun beyninə dolurdu.” Bu fikirləri verməklə yazar demək istəyir ki, evladlarınıza BİLMƏZSƏN deməklə onlarda özgüvəni qırırsınız, onların psixolojisinə zərbə vurmuş olursunuz!

Ənqə quşu həm də ona görə müdrik əsərdir ki, burada yazar hər bir varlığın fitrətinə inancını nümayış etdirir. “Uçmaq vərdişi qazanmaq biz quşların fitrətində var”, “Fitrətdə olanı aşkarlamaqla istədiyinə nail olarsan!” deməklə yazar gəncləri əzmkar, çalışqan olmağa, özünə güvənməyə çağırır. Bu səbəbdən əsər böyük pedaqoji əhəmiyyət daşıyır. Yazar Ana quşun səsi ilə deyir: “Bir var alın yazısı, bir də var əlinlə yazdıqların. Yəni, iradənlə, qətiyyətinlə, əzminlə, istəyinlə əldə etdiklərin, qazandıqların. Və bu ikincilər səni taleyini yenidən yazmağa, dəyişməyə, başqa səmtə yönləndirməyə, səni özün kimi var olmağa kömək edir.” Əsər oxucunu “çətin məqamdan necə çıxacaqdı, təcrübəsi, yoxsa ağlı ilə?” kimi düşünməyə vadar edər suallarla zəngindir. Bu üzdən də əsərin insan psixolojinə müsbət etgisi və əsərin mənəvi mahiyyəti böyükdür. Ana quşun “lakin yüksəkliyə təsadüfi düşən bir varlıq deyil” cavabı bunun isbatıdır.



Əsərdə rəğbətimi qazanan məqamlardan biri də Başarı quşun “azad və geniş səmanın hansı tərəfində qərar tutacağı” düşüncə oldu. Zaman-zaman hər birimiz bu qoca ümmanlıqda harada qərar tutacağımız barədə düşüncələrə dalırıq. Həyatımız boyunca müxtəlif yerlərə baş vurmuş ola bilərik, amma ən huzurlu yeri yənə doğulub böyüdümüz yurdda görürük. Ruhumuzun oraya aid olduğunun zamanla daha yaxşı fərqinə varırıq. “Azad məkanda duracaq olmaz…. öz könlünə, öz ruhuna görə hərənin bir duracağı, bağlandığı yer var”deyən quşun dili ilə mübahisə edən yazar sonunda göstərir ki, son duracağımız, ruhumuzun aid olduğu və əqidəmizə görə haqq etdiyimiz yerdir.



Referenslər:

Felski, R. (2008). Uses of literature. Malden, Mass.: Blackwell.

Krashen, S. (2004). The power of reading: Insights from the research. New York: Heinemann/Libraries Unlimited.

Landmark, D. & Wiklund, I. (2012). Literature, language, the world. Second language perspective on literature teaching. Lund: Studentlitteratur.

Malmgren, G. (2003). The Swedish subject as a subject of democracy and “values”. Education & Democracy, 12 83): 63-76.

Nikolayeva, M. (2014). Memory of the Present: Empathy and Identity in Young Adult Fiction. Narrative Works, 4 (2).

Petterson, T. (2015). The literature on exceptions? Young adults’ fiction reading in today’s Sweden. Gothenburg: Macadam.

Okumaya devam et  Tehranda keçirilən paradda İran prezidenti İsraili təhdid edib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir