Möhtəşəm Zəfərin rəmzi

Möhtəşəm Zəfərin rəmzi- Sadiq QURBANOV, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri /TURKISHFORUM -ABDULLAH TÜRER YENER - azerbaycanordusu

Möhtəşəm Zəfərin rəmzi- Sadiq QURBANOV, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri /TURKISHFORUM -ABDULLAH TÜRER YENER

Möhtəşəm Zəfərin rəmzi- Sadiq QURBANOV, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri /TURKISHFORUM -ABDULLAH TÜRER YENER - azerbaycanordusu

“Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. – Ali Baş Komandan İlham Əliyevin vaxtilə torpaqlarımız işğal altında olarkən səsləndirdiyi bu fikirləri o vaxt çoxları gerçəklik kimi qəbul etmirdi. Lakin cənab İlham Əliyev bütün mötəbər kürsülərdən “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq” nidasını dünyaya bəyan edirdi. Bu, gəlişi gözəl sözlər deyildi, ölkənin rəhbəri, Silahlı Qüvvələrirn Ali Baş Komandanı tərəfindən səsləndirilən bu fikirlərin arxasında böyük həqiqətlər dayanırdı. Lakin məğlubiyyətlə barışmazlıq təkcə yetərli deyildi. Bu gerçəyi funksional siyasətə çevirmək üçün böyük səbir və mətanətlə bərabər, xalqı bu ideya ətrafında səfərbər etmək lazım idi. Bu isə üç amili özündə birləşdirirdi: güclü iqtisadiyyat, güclü ordu, vətənpərvər gənclik.



Böyük Qələbənin rəhni



Azərbaycanı müstrəqilliyini itirmək təhlükəsindən qurtaran Ümummilli Lider Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” şüarını söyləyərək bu strateji hədəfə çatmaq üçün yaratdığı münbit şəraiti uğurla öz siyasi varisinə ötürdü.

Azəbaycanın müstəqillik illərində sahib olduğu iqtisadi qüdrəti böyük qələbə üçün zəmin yaratdı. Məhz cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində Azərbaycan iqtisadi baxımdan inkişaf edərək torpaqlarının azad edilməsinə nail oldu. Çünki iqtisadi inkişaf bizim Qələbəmizin əsasını təşkil etdi. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, ordumuzu müasir silahlarla təchiz edə bilməzdik. Eyni zamanda Azərbaycan yeni neft strategiyası sayəsində Ermənistanı regionda həyata keçirilən transmilli layihələrdən kənarda saxladı.

Ordu quruculuğunun təməl daşlarının Heydər Əliyev tərəfindən düzgün qoyulması, uğurlu siyasi varis İlham Əliyev tərəfindən davam etdirilməsi Böyük Qələbənin rəhninə çevrildi.

Tarix göstərir ki, hər hansı milləti kölə vəziyyətinə salmaq üçün ona keçmişini, milli ənənələrini unutdurmaq və yaxud da kökündən uzaqlaşdırıb yaxın çağlara gətirmək yetərlidir. Xalqın qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomenal şəxsiyyətlərin üzərinə düşür. Dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verən, multikultural dəyərləri ilə seçilən, birgə yanaşı yaşamaq modelini nümayiş etdirən, müasirləşən və modernləşən Azərbaycan milli-mənəvi dəyərlərinə də böyük diqqət və həssaslıqla yanaşır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqının zəngin milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması naminə əzmlə çalışaraq bu missiyanı ləyaqətlə yerinə yetiriblər. Vətənpərvər gəncliyin yetişməsi və bu kontekstdə hərbi potensialının gücləndirilməsi daim dövlətimizin diqqət mərkəzində olub.

Ordumuzun tarixi ənənələrə sahib olmasını heç vaxt unutdurmayan Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmiş Azərbaycan Respublikası, müstəqilliyinin ilk illərində oktyabrın 9-nu Ordu günü kimi qeyd etsə də, Ümummilli Lider Heydər Əliyev tarixi ənənəni yaşatmaq üçün 22 may 1998-ci il tarixdə Fərman imzalamış və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaradıldığı 26 İyun tarixini Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan etmişdir.

Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilmişdir. Azərbaycan Ordusunun tarixinin dərindən öyrənilməsi və təbliğ edilməsi xüsusi diqqət mərkəzində oldu. Bu mənəvi tərbiyə 44 günülük Vətən müharibəsi dönəmində özünü bariz şəkildə göstərdi.



Azərbaycan tarixi qarşısında xidmətlərin mükafatı



Ali Baş Komandan İlham Əliyevin böyük qürurla söylədiyi “mənim dövrümdə yetişən vətənpərvər Azərbaycan gəncliyi Qarabağı azad etdi” fikrinin əsas leytmotivini tarixi ənənələrə söykənən vətənpərvərlik tərbiyəsinin nəticəsi təştil edirdi.

Azərbaycan hərb tarixinin öyrənilməsi məsələsini daim diqqət mərkəzində saxlayan cənab İlham Əliyevin 20 noyabr 2014-cü il tarixdə görkəmli hərbi xadim Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Fərmanında yazılır: “XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əlağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir”.

Prezident İlham Əliyevin 29 sentaybr 2015-ci il tarixdə AXC-nin hərbi naziri olmuş Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamında qeyd edilir: “General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir”.

Azərbaycan hərb tarixinə yüksək ehtiram gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eyni zamanda Prezident İlham Əliyevin soy-kokümüzə, tarixi ənənələrimizə sonsuz ehtiramın nümunəsidir.

Bütün bunlar tarixi Zəfərin təsadüfi olmadığını və bu Qələbəyə həsr edilmiş Zəfər paradının keçirilməsi də 44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi Müzəffər Ali Baş Komandan ünvanını qazanmış Prezident İlham Əliyevin Azərbaycan tarixi qarşısında xidmətlərinin mükafatı idi.

Ulu Öndər bu günləri görürmüş kimi cənab İlham Əliyev haqqında söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikri həyatda öz əksini tapdı. Ölkə Prezidenti kimi İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Ulu Öndər Heydər Əliyevin xalqımızın xöşbəxt gələcəyinə hesablanmış siyasətinin ardıcıl olaraq uğurla davam etdirilməsi şanlı qələbəmizin akkordlarına çevrildi.



Qardaşlığın real təzahürü



Bir il əvvəl keçirilən Zəfər paradında çıxış edən İlham Əliyev vurğuladı ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir: “Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Ali Baş Komandan bir daha xatırlatma etdi ki, Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış

100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salınmışdı: “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmiş, Xocalı soyqırımını törətmişdir. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu!”

Zəfər paradında tarixi anların şahidi olduq. Şuşa azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan bayrağımız parada gətirilərək nümayiş etdirildi. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etdilər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi qardaş xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir.

Həmin gün ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Zəfər paradının ən təsirli və yaddaqalan anlarından biri də qardaş türk xaqlının əsgərlərinin iştirakı idi. Türk əsgərləri həm də şəhidlərimizin rəmzinə çevrildilər. 44 günlük Vətən müharibəsində 2783 Azərbaycan əsgəri şəhid olmuşdur. Məhz Zəfər paradında 2783 türk əsgəri iştirak etməklə şəhidlərin ölməzliyini nümayiş etdirdilər.



Ermənistanın rəzilliyini göstərən parad



Hərbi paradların keçirilməsi, şübhəsiz ki, həmin ölkənin hərbi qüdrətinin nümayiş etdirilməsi kimi əsas amillərdən biridir. Zəfər paradı qələbəmizin təntənəsini göstərməklə bərabər hərbi qüdrətimizi də nümayiş etdirdi.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

Vətən müharibəsində qələbə münasibətilə Prezidentin təşəbbüsü ilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”.

Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına ehtiramın təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri yüksək orden və medallarla təltif edilib və bu proses hazırda da davam etdirilir.

Hərbi qələbəmizin əbədiləşdirilməsi həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.

Onu da qeyd edək ki, Hərbi Qənimətlər Parkının yaradılması Ermənistanda etirazlarla qarşılanmışdı. Azərbaycanın təşəbbüsü ilə ölkəmizə qarşı törədilmiş qanunsuzluqlarla bağlı Beynəlxalq Məhkəmədə iddialar qaldırılmışdır. Ermənistan tərəfinin Hərbi Qənimətlər Parkının fəaliyyətinin dayandırılması ilə bağlı Beynəxalq Məhkəmədə vəsatəti rədd edilmişdir. Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən park paytaxtın Xətai rayonunun ərazisindədir. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.



Türk dünyasında yeni bir mərhələnin başlanğıcı



Heç kimə sirr deyil ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun əks-həmlə əməliyyatının dayandırılması ilə bağlı ciddi təzyiqlər olmuşdur. Bu hadisə barəsində cənab İlham Əliyevin fikirləri maraq doğurur: “Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər”.

Məhz cənab İlham Əliyevin möhkəm iradəsi, prinsipiallığı bu məsələdə də müstəsna rol oynamışdır. Cənab Prezident Qələbə haqqında danışarkən bunu məhz Azərbaycan xalqının qələbəsi hesab etmişdir:

“O ki qaldı Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır”.

Qarabağda əldə etdiyimiz tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvanla birbaşa əlaqəni bərpa etmək üçün 1921-ci ildə sovet imperiyasının türk dövlətlərini parçalamaq naminə Ermənistana hədiyyə etdiyi Zəngəzur dəhlizinin açılması olacaq. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, həm türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq bu dəhlizdən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Xüsusilə qeyd etmək lazımdır ki, Avropa ilə Asiyanı bağlayacaq əsas yolun – Zəngəzur dəhlizinin açılması bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcı olacaqdır.

Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı öz münasibətini belə bildirdi: “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də, zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Bəli, Zəfər paradının ildönümünü qeyd etməklə bərabər cənab İlham Əliyevin dediyi kimi, yeni dövrdə yeni qələbələrə hazır olmalıyıq.



Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Okumaya devam et  İran: Ötən illə müqayisədə bu il əhalinin alıcılıq qabiliyyəti 60% azalıb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir