Onlar xalqımızın fəxridir

Onlar xalqımızın fəxridir. AZERBAYJAN NEWS.AZ /TURKİSKFORUM - ABDULLAH TÜRER YENER - azerbaycanaskerisubay

Onlar xalqımızın fəxridir. AZERBAYJAN NEWS.AZ /TURKİSKFORUM – ABDULLAH TÜRER YENER

Onlar xalqımızın fəxridir. AZERBAYJAN NEWS.AZ /TURKİSKFORUM - ABDULLAH TÜRER YENER - azerbaycanaskerisubay

Ötən ilin sentyabrında başlayan Vətən müharibəsində Şəmkir rayonundan da xeyli sayda döyüşçü iştirak edib. Onlar Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad edilməsində şücaətlər göstəriblər, böyük əksəriyyəti müharibədən zəfərlə, qələbəylə, medal və digər ali mükafatlarla qayıtsa da, şəhid olanları da az deyil. Onlardan biri də bu günlərdə il mərasimini böyük ehtiramla qeyd etdiyimiz Azərbaycan Ordusunun zabiti, kapitan Arzu İsgəndərovdur.

Arzu Seymur oğlu İsgəndərov 1988-ci il oktyabrın 27-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində dünyaya göz açıb. Ailənin ilki idi. 1994-2002-ci illərdə Zəyəm qəsəbə tam orta məktəbində oxuyarkən hərbçi olmaq qərarına gəlib. Buna səbəb həm də o zaman azğınlaşmış erməni silahlı birləşmələrinin Qazax, Tovuz, Gədəbəy və respublikamızın digər sərhədyanı kəndlərində törətdikləri terror əməlləri, yeni ərazilər işğal etmək istəyi ilə dinc əhalini yurdundan perik salmaq üçün başlarına gətirdikləri faciələr, qətliamlar olub. Arzu ilə bir məktəbdə oxumuş həmyaşıdları o illəri yada salaraq bildirirlər ki, o, “istəyirəm ki, hərbçi kimi işğal altında olan torpaqlarımızın erməni tapdağından azad edilməsində, günahsız insanların intiqamının alınmasında əldə silah ermənilərlə üzbəüz vuruşam” deyirdi. Biz elə bilirdik ki, bu, ötəri bir həvəsdir. Ancaq orta məktəbin 8-ci sinfini bitirəndə Arzu bizdən ayrıldı, onda yəqin etdik ki, fikri qəti imiş…

Arzu bu istəklə 2003-cü ildə Bakıya gələrək Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tələbəsi olur. 2006-cı ildə liseyi uğurla bitirir. Ali hərbi təhsil almaq üçün elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Oranı müvəffəqiyyətlə başa vurduqdan sonra Arzu İsgəndərov 2010-cu ildə Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursu da keçir. Bundan sonra o, 2011-ci ilə kimi Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində taqım komandiri kimi çalışır. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Bərdə rayonu, 2013-2015-ci illərdə Goranboy rayonu, 2015-2018-ci illərdə Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissələrində, 2018-ci ildən sonra isə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində bölmə rəisi vəzifəsində xidmət edir. 2020-ci ilin avqust ayından isə Bakı korpusuna AİS rəisi vəzifəsinə təyinat alır.

Arzu İsgəndərov 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. Bu zaman yeni ərazilər işğal etmək arzusu ilə respublikamızın sərhədyanı yaşayış məntəqələrinə soxulmaq istəyən erməni silahlı dəstələrinin hücumlarının qarşısının alınmasında ölüm-qalım savaşına qatılıb.

A.İsgəndərov Milli Ordu sıralarında əyninə zabit mundiri geydiyi gündən üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlib. Yüksək hərbi təşkilatçılığına və qüsursuz xidmətinə görə müxtəlif dövrlərdə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı və III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.

Kapitan A.İsgəndərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı komandanlıq tərəfindən qarşıya qoyulan əməliyyatları hər zaman uğurla reallaşdıra bilib. Qarabağın tacı olan Şuşanın azadlığı uğrunda gedən döyüşlərin əvvəldən axıradək iştirakçısı olub. Çox təəssüf ki, tarixi zəfər qələbəsindən sonra cəsur döyüşçü noyabrın 13-də Xocavənd rayonu istiqamətində minaya düşərək şəhidlik zirvəsinə ucalıb.

Milli Ordunun zabiti, kapitan Arzu İsgəndərov hərbçi yoldaşlarının və rayon ictimaiyyətinin iştirakı ilə anadan olduğu Zəyəmdə – qəsəbə qəbiristanlığında dəfn edilib.

Azərbaycan Prezidentinin sərəncamı ilə Arzu İsgəndərov şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailəli olan şəhidimizin Aylin və Arzum adlı iki qızı yadigar qalıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev deyir ki, rayon üzrə 62 Vətən müharibəsi şəhidi, 140 qazi var. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə rəğmən şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. 40 nəfərədək qazimiz müalicə olunaraq sağlam həyata qaytarılıb. Oktyabrın əvvəllərindən şəhidlərin il mərasimini yüksək səviyyədə qeyd edilir. Onlardan biri də Qarabağda şəhid olmuş Azərbaycan Milli Ordusunun zabiti, kapitan Arzu İsgəndərovdur. O, nəinki anadan olduğu Zəyəm qəsəbəsinin, rayonumuzun, həm də xalqımızın fəxridir. Xatirəsini əbədiləşdirmək üçün anadan olduğu küçəyə onun adı verilib. Yaşasaydı, 33 yaşı olardı. Arzu İsgəndərov cismən bizdən ayrılsa da, ruhən insanların qəlbindədir. Rayon ictimaiyyəti, eləcə də Zəyəm qəsəbəsinin sakinləri oktyabrın 27-də şəhidimizin doğmaları ilə birlikdə onun dünyaya gəldiyi günü qeyd etdilər. Adına olan küçəyə şəhid-zabitin portretləri vurulub, oxuduğu məktəbdə və digər müəssisələrdə Arzu İsgəndərovun döyüş yolu və Zəfər günü ilə bağlı vətənpərvərlik mövzusunda tədbirlər keçirilib.

Okumaya devam et  Husi qruplaşmasına aid 4 partlayıcı yüklü dron məhv edildi

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir