İlham Əliyev Qubadlını bizə qaytardı

İlham Əliyev Qubadlını bizə qaytardı /azerbaijan-news.az - Turkishforum- Abdullah Türer Yener - ilhamaliyev

İlham Əliyev Qubadlını bizə qaytardı /azerbaijan-news.az – Turkishforum- Abdullah Türer Yener

Vətən müharibəsinin hər günü 30 ilə yaxın işğal altında qalan kənd və şəhərlərimizin azad edilməsi ilə əlamətdar oldu. Cəbrayılın, Suqovuşanın, Hadrutun, Füzulinin, Zəngilanın düşmən tapdağından azad edilməsinin ardınca növbə Qubadlıya çatdı.
Ötən il oktyabrın 25-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Tviter” səhifəsində növbəti qələbə müjdəsini xalqımıza çatdırdı: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Sabah Qubadlının işğaldan azad olunmasının bir ili tamam olur. Bu münasibətlə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək, onların təəssüratlarını öyrəndik.

“Ən böyük arzum Qubadlıya qayıdaraq orada yaşamaqdır”

Azərbaycanın Milli Qəhrəmanı, doğulduğu Qubadlı uğrunda ötən il oktyabrın 22-də gedən döyüşlərdə şəhid olan polkovnik Şükür Həmidovun atası Nəriman Həmidov deyir ki, Qubadlıda beş gün yaşamaq, kənarda 50 il yaşamaqdan üstündür:

“Bir il öncə Qubadlının azad olunmağı bizim rahat nəfəs almağımız, öz arzumuza çatmağımız deməkdir. Qubadlı mənim üçün bel sütunudur. Bu illər ərzində biz Sumqayıtda ancaq doğmalıq gördük, amma göz açıb böyüdüyün, ərsəyə çatdığın ata yurdu başqa aləmdir. Qubadlı mənim üçün hər şeydi”.
Nəriman Həmidovun sözlərinə görə, çiynimizdə ağır bir yük vardı. Çünki torpaqlarımız işğal olunmuşdu. Lakin Müzəffər rəhbərimiz İlham Əliyev bu yükü çiynimizdən götürdü, 44 günlük müharibədə bizi qalib xalq etdi.
Bir neçə gün əvvəl Qubadlıya getdiyini deyən Nəriman Həmidov bildirdi ki, qayıdanda oğlu Şükür Həmidovun şəhid olduğu yerdən torpaq götürüb: “Şükür şəhid olanda elə bil ki, bir burulğana düşdüm. Amma xalqımızın qəhrəmanlığı, dəyanəti, bizə göstərilən münasibət, dəfn zamanı Prezidentimizin zəng etməsi məni o burulğandan çıxardı. Ayağımı yerə bərkitməyə sövq etdi. Dövlətimizin, xalqımızın, Prezidentimizin bu münasibəti məni yenidən həyata qaytardı. Prezident İlham Əliyev Şükür Həmidovu 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq gördü, onun sinəsinə medalı taxdı. Vətən müharibəsindəki şücaətlərinə görə Şükürü ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif etdi”.
Nəriman Həmidov deyir ki, ən böyük arzusu Qubadlıya qayıdaraq doğma yurdunda yaşamaqdır: “Allah-taala arzumuza çatdırsın, qayıdaq Qubadlıya. Mən xalqımıza firavanlıq, həmrəylik, Prezidentimizin ətrafında daha sıx səfərbər olmağı arzulayıram”.

“Ordumuz irəlilədikcə səbirsizlikə rayonumuzun azad olunması xəbərini gözləyirdik”

Qubadlı rayonu Hafiz Quliyev adına Çaytumas məktəb-liseyinin direktoru Şamama Həsənova bildirir ki, 2020-ci il xalqımızın və dövlətimizin taleyində tarixi bir dövr oldu, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi: “Ötən ilin bu vaxtlarında torpaqlarımızın azad olunduğunu Prezidentimizdən eşitdikcə sevincimizdən, qürurumuzdan yerə-göyə sığmırdıq. Ordumuz irəlilədikcə səbirsizlikə Qubadlının azad olunması xəbərini, Ali Baş Komandanın müjdəsini gözləyirdik. Oktyabrın 25-də Prezident İlham Əliyev səbirsizliklə gözlədiyimiz xəbəri elan edəndə evimizdə hamı sevincdən ağlayırdı. Bu qələbə sevincini bizə yaşadan Ali Baş Komandanımıza minnətdarıq. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlara borcluyuq, qazilərimizə şəfa diləyirik”.
Şamama Həsənova bildirdi ki, Sumqayıt şəhərində məskunlaşıblar, dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunublar, amma doğma yurd tamam başqadır: “Əminik ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində rayonumuz tezliklə bərpa olunacaq. Qubadlıya qayıdacağım, orada məktəbdə işləyəcəyim günü böyük səbirsizliklə gözləyirəm”.

“Qardaşımın dediyi kimi oldu, sərkərdə gəldi və “dəmir yumruğu” ilə düşmənin başını əzdi”

Birinci Qarabağ müharibəsinin veteranı olan Gəray Qasımov Qubadlının Qayalı kəndindədir. 6 qardaş olublar. Onlardan 5-i torpaqlarımızın azadlığı uğrunda Birinci və İkinci Qarabağ savaşlarında iştirak edib. Qardaşlardan Həsənqulu Qasımov (Həsən Qorxmaz) 1992-ci ildə şəhid olub. 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Digər qardaş Əhliyyət Qasımov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, döyüşlərdə sağlamlığını itirməsi səbəbindən bir neçə il əvvəl vəfat edib. Qardaşlardan Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Faiq Qasımov isə həm Birinci Qarabağ müharibəsində, həm Aprel döyüşlərində, həm də İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, Faiq Qasımova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Gəray Qasımovun sözlərinə görə, qardaşı Həsən Qorxmaz hələ 1992-ci ildə böyük uzaqgörənliklə demişdi ki, nə vaxtsa bu millətin sərkərdəsi gələcək və ermənilər bu xalqın yumruğunu görəcəklər: “Qardaşımın dediyi kimi də oldu, Sərkərdə gəldi və “dəmir yumruğu” düşmənin başını əzdi”.
Bütün qubadlılılar kimi Gəray Qasımov üçün də ən doğma yer Qubadlıdır. “İnsan nə qədər gözəl yerlərdə yaşasa da, vətənin yerini heç nə vermir. Qubadlı mənim üçün ən müqəddəs yerdir. Allah doğma yurdumuzu bizə qaytaran Ali Baş Komandan İlham Əliyevi qorusun. Prezidentimiz torpaqlarımızın bütövlüyünü təmin etdi. Allah şəhidlərimizə rəhmət etsin. Ən böyük təsəllimiz həm də odur ki, şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad edildi”.

“Vətən müharibəsi yurd nisgilimizə son qoydu”

Qubadlı rayonu Hafiz Quliyev adına Çaytumas məktəb-liseyinin məzunu olan Nurlan Pirizadə 681 balla Bakı Ali Neft Məktəbinə daxil olub. Prezident təqaüdçüsüdür. Deyir ki, Qubadlını görməsə də, ağlı kəsəndən doğma yurd həsrəti ilə yaşayıb: “Qubadlını görməmişəm, amma çox qəribədir ki, oralara qayıtmaq istəyi həmişə mənə hakim olub. Qismət olarsa, gələcəkdə ixtisaslı kadr kimi rayonumuzda fəaliyyət göstərmək istəyirəm”.
Əslən Qubadlının Xanlıq kəndindən olan Əbil Şəfiyev Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsidir. Kimya mühəndisliyi üzrə təhsil alır. Onun sözlərinə görə, ailəsinin məcburi köçkün düşdüyünü görməsə də, valideynlərinin hansı çətinliklərlə üzləşdiyini bilir: “Ailəlikcə inanırdıq ki, bir gün Qubadlı azad olunacaq. Hər gün evimizdə Qubadlı barədə söz açılırdı. Oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyev Qubadlının azad olunduğunu elan edəndən sonra yaşadığımız sevinc hissini sözlə ifadə etmək çətindir. Ailəmiz adından bizə bu sevinci yaşatdığına görə Prezident İlham Əliyevə minnətdaram. Allah şəhidlərimizə rəhmət etsin, onların sayəsində torpaqlarımız işğaldan azad olundu”.
Röya Qasımova da Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsidir. Ailəsi Qubadlı rayonunun Diləli Müskanlı kəndindən Sumqayıta pənah gətirib. Deyir ki, bütün qubadlılar kimi onun da ailəsinin baş mövzusu həmişə Qubadlı olub: “Mən Qubadlını görməsəm də, həmişə ora getməyi arzulamışam. Qubadlıdan söz düşəndə görürdüm ki, böyüklər çox təsirlənirlər. Vətən müharibəsi valideynlərimin, mənim yurd nisgilimə son qoydu”.

“İlham Əliyev bu qələbə ilə bizim qürurumuzu yüksəltdi”

Zöhrab Mustafayev Qubadlı rayonunun Aşağı Xocamsaqlı kəndindəndir. Yeganə övladı Mustafayev Rüfət Vətən müharibəsində şəhid olub. “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Zöhrab Mustafayev bildirir ki, tək Qubadlının deyil, işğalda olan bütün torpaqlarımızın azad olunması dövlətimizin böyük uğurudur: “Şəhidlərimizin ruhu rahatdır, çünki torpaqlarımız azad olundu. Vətən müharibəsindəki qələbə bütün şəhid ailələri üçün ən böyük təsəllidir”.
Bütün qubadlılılar kimi Zöhrab Mustafayevin də ən böyük arzusu doğma yurduna qayıdaraq, orada yaşamaqdır.
“Müharibə günlərində hər gün kənd və şəhərlərimiz azad olunduqca həm sevinirdik, həm də Qubadlının azad edilməsini səbirsizliklə gözləyirdik. İnanırdıq ki, Zəngilandan sonra Qubadlının da azad olunacağı gün uzaqda deyil. Oktyabrın 25-də arzuladığımız gün yetişdi, Qubadlı şəhəri ilə yanaşı, bizim kəndimiz də azad olundu”. Bunu isə Qubadlı Ağsaqqallar Şurasının sədri, rayonun Xocahan kəndindən olan Əvəz Həsənov bildirdi. Onun sözlərinə görə, həmin gün sevinclərinin hədd-hüdudu yox idi. “Müzəffər Ali Baş Komandan
İlham Əliyev bu qələbə ilə bizim qürurumuzu yüksəltdi, məğlub damğasını üzərimizdən götürdü. İlham Əliyev Qubadlını bizə qaytardı. Allah İlham Əliyevə, Mehriban xanıma kömək olsun. 27 il idi vətənimizdə vətənsiz yaşayırdıq, mənəvi sıxıntı içərisində idik. Amma artıq bunlar geridə qaldı və indi Qubadlıya qayıdacağımız günü gözləyirdik. Bir komamız da olsa, qayıdıb orada yaşayacağıq”, – deyə Əvəz Həsənov bildirdi.

“Bütün şəhidlərimizin ruhu şaddır”

“Vətən müharibəsi xalqımızın qəhrəmanlıq səhifəsidir. Bu müharibədə bizə qələbəni yaşadan Ali Baş Komandan İlham Əliyevdir. Onun müdrik rəhbərliyi sayəsində ordumuz daha qüdrətləndi və torpaqlarımız işğaldan azad olundu”. Bu barədə danışan Qubadlı sakini Eldar Hüseynov əmin olduğunu bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlı tezliklə bərpa ediləcək, əvvəlkindən də gözəl olacaq.
Eldar Hüseynov onu da dedi ki, “Vətən müharibəsindəki qələbənin qazanılmasında hər bir azərbaycanlının payı var. Eyni zamanda bütün valideynlərin zəhmətini xüsusi qeyd etmək lazımdır. Çünki bizim övladlarımızın bu müharibədə göstərdiyi qəhrəmanlıqlar valideynlərin onlara verdiyi yüksək tərbiyənin nəticəsidir”.
Söhbət etdiyimiz Qubadlı sakilərindən Çingiz Ağayev Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Vüqar Ağayevin kiçik qardaşıdır. Onun sözlərinə görə, 44 günlük müharibədə Prezident İlham Əliyevin “dəmir yumruğ”u düşmənin belini qırdı, ordumuzun qəhrəmanlığı ilə torpaqlarımız azad olundu: “Bizim Xanlıq kəndi istiqamətində də ağır döyüşlər gedib və hərbçilərimiz qəhrəmanlıqlar göstəriblər. Döyüşlərə könüllü yollanan qardaşım Vüqar Ağayev də doğma rayonumuzda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Bu gün onun və bütün şəhidlərimizin ruhu şaddır. Bundan sonra rayonlarımızın azad olunduğu tarixlər əlamətdar günlər kimi qeyd olunacaq. O cümlədən Qubadlının azad olunduğu 25 oktyabr bizim üçün bayram günüdür”.
Uşaqlığının Qubadlıda keçdiyini deyən Çingiz Ağayev qeyd etdi ki, mənfur düşmən 27 ildə bu torpaqları dağıdıb, viran qoyub. “Lakin dövlətimizin gücü, Prezidentimizin qətiyyəti sayəsində torpaqlarımızın bərpa ediləcəyi gün uzaqda deyil və əminəm ki, tezliklə doğulduğum Qubadlıya qayıdacağam.
“İlham Əliyev elə bir tarix yazdı ki, nəinki 30 illik müstəqillik, hətta 200 illik tariximizi şərəfləndirdi”. Bunu isə Razim Əliyev bildirdi. Onun sözlərinə görə, Qubadlı tarix boyu erməni məkri ilə üz-üzə qalıb, lakin Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz düşmənə elə bir zərbə vurdu ki, üstündən minilliklər də ötsə, şanlı tariximizdə yaşayacaq. Razim Əliyevin də ən böyük arzusu doğma yurda qayıtmaqdır. “Mütləq Qubadlıya qayıdacam, 27 il həsrətində olduğum doğma elimdə yaşayacam. Dünyada öz doğma yurdunda yaşamaqdan gözəl heç nə yoxdur”.
Qubadlının işğaldan azad olunması Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında keçirdiyi növbəti unikal əməliyyatlardan biri idi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra ordumuzun növbəti istiqaməti Qubadlıya yönəldi. İşğalçı ordu rayonun Xanlıq kəndində və Qubadlı şəhərinin özündə güclü istehkamlar qurmuşdu. Həmçinin yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Amma heç nə Azərbaycan Ordusunun qarşısını kəsə bilməzdi…
İndi Qubadlı azaddır. Qarabağ və Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlı da tezliklə bərpa olunacaq, öz yurdlarından köçkün düşmüş insanlar doğma evlərinə qayıdacaqlar.

Okumaya devam et  Azərbaycan Ağsaqqallar Şurasının nümayəndə heyəti Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir