Akademik olan şəxs diktatora boyun əyməz

Gənc alimdən hayqırtı: Akademik olan şəxs diktatora boyun əyməz və mədhiyyə oxumaz! - yaseminkarakoyunlu

Gənc alimdən hayqırtı: Akademik olan şəxs diktatora boyun əyməz və mədhiyyə oxumaz!

Xalq şairləri və Xalq yazıçılarının bəzilərinə

Heç bir zaman titullara əyilmədim və hər zaman titullu adamlara acıdım. Və uzun zaman Onları müşahidə etdim. Bir çoxları titullarını ağır daş kimi yük kimi çiyinlərində gəzdirirlər və bu ağır yükün altında belləri bükülmüş…
Eləsi var ki, akademikdir, elmlər doktorudur, amma bircə fikir sahibi belə deyil. Amma titullarını və qalaq-qalaq kitablarını gözümüzün içinə soxar. Eləsi var ki, ondan işıq gəlmir, işıq saçmır…
Fərqli yol və fərqli düşüncəli İnsanlar…Əksəriyyəti qul psixologiyalı yaltaq və məddah İlanlar. Hər zaman da yalnız öz mənfəətlərini düşünən Utilitar təfəkkürlü Eqoistlər və Şüubiyyə təmsilçiləri. Türk millətinin düşmənləri! Rusiyanın əsgərləri… Titulları onların Azadlığını əlindən almışdır. Titulların qəfəsində necə əsir olduqlarını gördüm. Və belələrini gördükdə özümü saxlaya bilməyərək toplantılarda düz gözünün içinə baxıb, “sən alçaqsan, satqınsan” deməkdən də heç vaz keçmədim. Nə qədər düşmənlərim var, İlahi…
Tam əminəm və şahidəm. Bizim cəmiyyətimizdə titulları məhz bir çox şeyləri, dəyərləri sata-sata qazanırlar.
Bu titullarının əsiri olan insanların içində Asif Ata və Əlisa Nicat, Əli Şamil və Bəxtiyar Tuncay kimi bu titullara tüpürmüş işıqlar da gördüm. Bütün titullara gülən Əbülfəz Elçibəyi də gördüm. Bütün titulları yenərək heç sayaraq Xalqının bir parçası və tərcümanı olan Sabir Rüstəmxanlını da gördüm. Türklük sevdası ilə yaşayan, Türk millətinə xidmət edən Nəsib Nəsiblini, Mübariz Süleymanlını, Ramiz Əsgəri də gördüm.

Amma buradan hayqırmaq istəyirəm.
Yalandır hər şey. Bu qədər xalq yazıçıları, şairləri, akademikləri olan ölkə bəs niyə bu gündədir? Bu xalq niyə bu gündədir? Bizi kimlər idarə edir?.. Bu qədər titullu insanları idarə edənlərin keyfiyyət məsələsi, siyasi əxlaqı, mənəviyyatı məni çox düşündürür. Mən şəxsiyyətin mənəviyyatını və əxlaqın gücünü həm də onu idarə edən hökümətlərin, siyasi rejimlərin xarakteri ilə ölçürəm.
Diktator Azad Şəxsiyyətin, Xalqın şairinin, yazarının və ən əsası, Xalqın düşmənidir.

Diktatorların yanında Xalqın şairi, xalqın yazıçısı olmur. Ola bilməz. Akademik olan şəxs diktatora boyun əyməz və mədhiyyə oxumaz. Akademik diktatura qurmaz. Akademik 5-ci kolon təmsilçisi olmaz… Yenə sayımmı?!
İcazə verin, üzümü onlara tutub deyim:
“Lütfən, bizi aldatmayın. Ya bütün titullarınızla hökümətlərin, rejimlərin yanında durun, onların xarakterini və ruhunu təmsil edin, ya da Xalq şairi, yazıçısı olmaqdan vaz keçin. Elə sadəcə yazar, şair olun, yetər. Çiyninizdəki bütün titullarınızı atın, bu yükdən, bu qəfəsdən özünüzü azad edin və Xalqın içinə gedin. Bir dəfə onun gözünün içinə baxın. Özünüzü bax orada görün. Gördünüzmü? Siz kimsiniz? Siz Xalqın qəlbindəsinizmi? Siz ölümsüzsünüzmü? Xalqın şairi, yazıçısı ölümsüzləşir. Ömrü Xalqın ömrü qədər keçmişə, gələcəyə uzanır. Siz haradasınız?”

Okumaya devam et  Komitənin gizli “23 Aprel” qurultayı nə məqsəd daşıyır?

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir