Mənasız toy adətləri

Yazar: mustafazade - AZERI bayrak
, , ,

Yazar: mustafazade

Nərmin Hüseynzadə


“Qudalar”, “Ceyranım”, “Hil olum boynuna”

“Elimin toy kimi bir adəti var, bu gözəl adətinə hörməti var”. Olduqca mənasız səslənən bu cümlə ilə başlamağım heç də təsadüfi deyil. Bir neçə gün bundan qabaq məcburi şəkildə iştirak etdiyim toy şənliyi məni illərdi, hətta əsirlərdi yaddaşlarımızda pas atıb qalan mənasız toy adətləri haqqında yazmağa məcbur etdi.
Əvvəlcədən qeyd edim ki, səbirli olun. Çünki evlənmək heç də asan başa gəlmir. Bununçün uzun bir yol keçmək lazımdır. “Qız bəyəndi”, elçilik, üzük atdı, nişan, bayramlıq, bazarlıq və nəhayət TOY! Arada ötürdüyüm bir neçə incə mətləblər var ki, söhbət əsnasında onlar haqqında da məlumat verəcəyəm.


Başlayaq lap əvvəldən. ”Qız bəyəndi” dən. Bu işdə təbii ki, bütün ağırlıq valideynlərin üzərinə düşür. 25 il oğul böyüdən ana, əziyyət çəkib qız da axtarmalı olur. Bir qədər inkişaf etmiş, üsyançı gənclər analarının seçimini bəyənməyib qızı özləri də seçə bilərlər. Bu zamansa onların karına toy kasetləri çatır. Eldə-obada, qohumda-əqrəbada nə qədər toy olubsa, hamısının kasetinə əvvəldən-axıra qədər baxıb, qız seçirlər. Bu işdə əziyyət çəkən yeganə tərəf videonun “play” düyməsi olur. Əlqərəz, qızı bəyənən oğlan anasına müraciət edir. Ana da etmir tənbəllik, başlayır qızın bütün həyat və yaradıcılığını öyrənməyə. Bir neçə gün sonra bu prosedura bitir, əgər qız heç vaxt heç bir oğlana “göz vurmayıbsa” keçilir ikinci mərhələyə. Yəni, elçiliyə.


Əvvəlcə təbii ki, qız evinə xəbər göndərilir. Qız tərəf də kifayət qədər məlumat topladıqdan sonra əgər razıdırlarsa, başlayırlar fəaliyyətə. Nə yemisən, turşulu aş. Evin bütün dəlmə-deşiklərinə qədər yuyub təmizləyirlər. Bişirib-düşürüb elçiləri gözləyirlər. Qarşı tərəfdən nəslin bir neçə çənəsi yerə dəyən ağbirçək nümayəndələri yığışıb gedir elçiliyə. Bir az ordan-burdan söhbət edəndən sonra qız evindən bir nəfər dillənir : “Səbəbi ziyarətinizi bilmək olar?” (guya xəbərləri yoxdu).


Oğlan evi də başlayır, nə başlayır. .. Gül sizdə güldan bizdə, qız sizdə oğlan bizdə, nə bilim, qazan sizdə, qapağı bizdə və s. Təsadüfdən bütün məişət avadanlıqlarının yarısı onlarda, digər yarısı bunlarda olur. Nəhayət, “həri” alınır. Gülü güldana, qapağı qazana qoyub qayıdırlar evə. Üstündən bir az keçəndən sonra komanda həmin tərkibi ilə bir üzük, bir yaylıq götürüb düzəlir yola. Bununla da, söz kəsilmiş olur…


Sonra başlayır nişan hazırlıqları. Bu işdə ağırlıq əsasən oğlan tərəfə düşür. Qıza təpədən-dırnağa qədər pal-paltar alırlar. Sonra da aldıqları paltarları düz corabına qədər məcməyilərə yığıb, qırmızı lentlə bağlayıb xonça düzəldirlər. 12 metrlik şüşəbəndin 4\1 hissəsi xonçayla doldusa, demək, getmək olar. Paltar xonçaları ilə bərabər, hələ qız evinə şirniyyat xonçaları da aparılmalıdır. Deməli, belə. Nişan bitir, oğlan evi etmir tənbəllik qayıdanda ayıb-ayıb apardıqları kosmetika və paltar xonçalarını qaytarır geri. Çünki bu sadaladıqlarım bazarlıq bir də getməlidir. Apardıqlarından orda qalan təkcə şirniyyat xonçalarıdır ki, onun da xəcalətindən qız evi özü çıxır. Atəşkəs pozulanda qarşı tərəf cavab atəşilə susdurulduğu kimi, qız evi də qarşı tərəfi susdurur. Bu proses “nişanqabıqaytardı” adlanır. Sonra da başlayır bayramlıqlar. Biz sizə, siz bizə. Daha sonra isə evliliyə yaxın olan növbəti addım atılır. Bu “möhtəşəm” məclis bazarlıq və ya qız toyu adlanır. Həmin xonçaları yenə götürüb yollanırlar qız evinə.Oğlan toyundan bir o qədər də fərqlənməyən bu mərasimin yeganə fərqi gəlinin geyiminin rəngində olur. Adətən bazarlıqdan bir neçə gün sonra nəhayət ki, toy baş tutur. Toy barədə hamımızın məlumatı kifayət qədər olduğu üçün bu barədə çox danışmayacağam. Ancaq gəlinlə bəyin portretini yaratmasam günah olacaq. Demək belə… Qara kostyumlu, qalstuklu bəy ( Kostyum bir ölçü böyük də ola bilər, kökəlmə ehtimalı nəzərdə tutularaq alınıbsa). Sübh tezdən ac toyuq dənə daraşan kimi saçına-başına, üzünə-gözünə daraşan saç ustalarının əlindən güclə çıxan, barbi kuklaları kimi bəzədilən, əyninə uzun, böyük, mənasız don geyinən gəlin…Yəqin ki, gözlərinizin önündə canlandıra bildiniz bu səhnəni….


Nəhayət, toy başlandı. İlk olaraq, ənənəvi şəkildə “qudalar” mahnısı ifa olunur. Qudalar bir-birinə gülümsəyərək oynasalar da, cehiz-mehiz məsələsini xatırlayanda elə əlləri göydəcə, bir-birinin başına kül ələməyə də imkan tapırlar. Arxasıyca “Ceyranım”, “Oğlan, bu gözəli hardan tapmısan” “Hil olum boynuna” və s. kimi xitlərlə toy davam edir. Arada bir dava da düşür. Bir az keçəndən sonra ara sakitləşir, dava salan qardaşlar qucaqlaşıb-barışır və rəqsə davam edir. Masanın üstündəki nazu-nemətlər isə ayrı bir mövzudur. 4-5 saat davam edən mənasız toydan sonra nəhayət ki, bəy gəlini götürüb başının dəstəsi ilə yollanır evlərinə. Hələ sizə gəlin maşınının o “həyasız interşum”undan demirəm. Əlqərəz, qız ər evinə gələn kimi, bir qoyunu şəhid edib qanını yaxırlar cütlüklərin alnına, ağzına-burnuna nə bilim, hara gəldi. Sonra da xalanın biri etmir tənbəllik, bir kiloqram “sümük konfeti” tullayır eyvandan düz gəlinin təpəsinə (nənəm o konfetlərə palazayapışan deyir). Davamı olaraq da, yekə bir qəndi gətirib dürtürlər gəlinin ağzına ki, saxla dilinin altında dilin şirin olsun. Ərin döyəndə səsin çıxmasın. Döymək demişkən, bütün bunları xatırladıqca oğlana haqq verirəm, şillə-təpik məsələsində. O qədər zülmün, xərcin acığını çıxmalıdı, ya yox? Bax, elə əsl toy da bundan sonra başlayır. Qızıma üç qızın cehizini vermişəm deyib öyünən ananın qapısını mebel mağazasının satıcısı döyəndə ataları əlacsızlıqdan Rusiyaya qaçır. Anaları da ki, fikirdən, ürək ağrısından ölüb gedir. Camaat da deyir, toy etdi bəxtəvərlik gördü. Oğlan tərəf də, borcunu, xərcini ödəyə bilməyəndə qeyri-ixtiyari başlayırlar gəlinə toy tutmağa.


Ancaq dünən baxdığım hind kinosunu xatırlayanda şükür etmək keçir lap ürəyimdən. Uzun, ağır yol olsa da, sonda bizim gənclərimiz muradına çatır deyə. Kinodan gözümün qabağından getməyən bir fraqmenti desəm mənimlə razı olacaqsınız. Sevgililər təxminən 40 dəqiqə bir-birinə tərəf qaçdılar, çathaçatda oğlanı maşın vurdu. Ən təsirlisi isə qızın həmin anda oxuduğu mahnı idi. Sözlərini başa düşməsəm də, ayrılıqdan oxuduğunu gözlərindən bilirdim. Zalım qızının yanıqlı səsi vardı. Bax, dərd budu. Allah beləsindən saxlasın!


Gəlin yaylığımızı, papağımızı qabağımıza qoyub fikirləşək. Onsuz da bizimki millilikdən keçib. Gəlinlərimiz xarici görünüşdən hamısı bir-birinə oxşayır. Eyni geyim, eyni saç düzümündə olduqları üçün. Toylar da ki, yeknəsək. Qərblə Şərqin arasında girinc-giriftar qalmayaq, əzizlərim. Qəbul edək ki, artıq bizə millilik yaraşmır. Bunu bacarmırıq. Heç olmasa, müasirliyin içinə soxmayaq bu mənasız, illərdi, əsirlərdi insanlara yalnız mənfi emosiya gətirən adətləri. Axı, bütün bunlarsız da xoşbəxt ola bilərik!

Qaynaq: www.almaqezeti.com

“Xudafərin” dərgisi, iqtidar, müxalifət fərqi qoymadan, hər hansi firqə, ictimayi birlik və muhacir təşkilatının mənafeyindən cixiş etmədən, Vahid, Müstəqil, Demokratik Azerbaycan idealina söykənir.

“Xudafərin”də müəllif hüquqları ciddi qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəlliflərin mövqeyi “Xudafərin”in mövqeyi ilə üstüstə düşməyə bilər.

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir