Fələstinin daxilində barış prosesi davam edir

Gülnara İnanc - Felestin sefiri
, , , , ,

Gülnara İnanc - Felestin sefiri

 

Gülnara İnanc

 

Fələstin Dövlətinin  Azərbaycandakı səfiri Nasir Əbdül Kərəmin İsrail –Fələstin sülh prosesi barədə turkishnews.com amerikan-türk portalına eksklüziv müsahibəsi.

 

–   Vaşinqtonda İsrail-Fələstin danışıqlarından sonra ABŞ dövlət katibi Jon Kerri  9 ay ərzində münaqişənin çözməyə çalışacaqlarını deyib. Bu  əminliyi bölgədəki hansı geosiyasi situasiya verir?

 

–          Hesab edirəm ki, regionda olan geosiyasi vəziyyət  ədalətli və əhatəli sülhə nail olmaq üçün əlavə stimul olmalıdır. Bu sülh beynəlxalq qanunvericilik, təhlükəsizlik və ədaləti təmsil edən möhkəm əsaslara söykənməli və istənilən geosiyası inkişaflar çərçivəsində hər kəs üçün yeganə zəmanət olmalıdır.

 

Vacibdir ki, bu geosiyasi vəziyyət Qüdsi-Şərif daxil olmaqla 1967-ci il sərhədlərində müstəqil Fələstin Dövlətinin yaradılması ilə sülhü  təsbit edən və istinadgahı beynəlxalq qanunvericilik olan danışıqlar prosesinin  müəyyənləşdirsin və cox ağır qaçqınlar problemini həll etsin.

 

–  Danışıqlarda «Həmas» nümayəndələrinin iştirak etməməsi danışıqların uğurla nəticələnməsinə mənfi təsir etməyəcəkmi?

– Bilirsiniz ki, Fələstinin daxilində barış prosesi hal-hazırda davam edir. Bu proses  hələ bitməyib və  nəticəsi istənildiyi kimi  deyil. Lakin “Həmas” bundan əvvəl Xalid Məşəlin dili ilə elan etmişdi ki, İsrail ilə danışıqlar prosesindən məsul olan tərəf Fələstin Azadlıq Təşkilatı və onun rəhbəri Əbu Mazen – Prezident Mahmud Abbas-dır. “Həmas” Fələstin Dövlətinin 1967-ci il sərhədləri çərçivisində  yaradılmasını qəbul edir. Habelə “Həmas”-ın danışıqlarda iştirak etməyə dair mövqeyi məlumdur. Buna görə də “Həmas”-ın danışıqlarda iştirak etməməsi sülh prosesinin uğuruna mənfi təsir göstərməyəcək.

– Sizcə, münaqişə tərəflərinin şərtləri qarşılıqlı olaraq qəbul ediləcəkmi?

– Fələstin tərəfi bundan əvvəl danışıqlara qayıtmaq üçün heç bir şərt irəli sürməyib. Ramallah yalnız İsrailin ötən illərdə sülh prosesinə himayədarlıq edən dövlət və tərəflərin imzaladığı razılaşmalarda və müqavilələrdə götürdüyü öhdəliklərə əməl etməsini tələb edir.

–  3 illik fasilədən sonra danışıqların başlanması barədə təklif İsraildən gəldi. Təl-Əvivi danışıqlara getməyə nə məcbur edir?

– Danışıqlara qayıtmaq İsrailin təşəbbüsü səbəbindən deyil, ABŞ Xarici İşlər Naziri Con Kerrinin regiona dörd ay ərzində altı dəfə səfər etməsinin və fəal səylər göstərməsinin nəticəsi idi. O, Netanyahu hökumətini az müddət sonra danışıqlar aparmağa sövq etdi. Lakin region siyasətçiləri və ekspertlərin fikrinə görə,  Netanyahu hökuməti özünün məskunlaşma siyasətini (işğal edilmiş fələstin ərazilərini davamlı müsadirə etməklə, orada beynəlxalq qanunvericiliyə, beynəlxalq qanun layihələrinə və 4-cü Cenevrə müqaviləsinin 49-cu bəndinə zidd olan qeyri qanuni yaşayış məskənləri tikmək üçün) aparmaq məqsədilə İsrailə dünya tərəfindən baş qaldıran siyasi təzyiqi yüngülləşdirməyə səy göstərir.

Təəssüf ki, hazırki İsrail hökuməti  ən radikal qüvvələri özündə birləşdirir və iqtidarın mühüm şəxslərdən biri olan İsrail Sənaye və Ticarət Naziri Naftali Bennett təkrar-təkrar müstəqil Fələstin Dövlətinin yaradılmasına qarşı çıxır, yəhudi yaşayış məskənlərinin genişlənməsini və sayının artmasını tələb edir. Həmçinin Netanyahunun “Likud” partiyasına mənsub olan hökumət üzvlərinin əksəriyyəti  eyni fikirləri müxtəlif formalarda təkrarlayır. Hesab edirəm ki, biz optimizimdə ifrata varmaqda ehtiyatlı olmalıyıq və danışıqların bu son mərhələsinin nə ilə nəticələnəcəyini görmək üçün bir az gözləməliyik.

– Azərbaycan xarici işlər naziri E.Məmmədyarovun İsrailə və Fələstinə səfərindən sonra rəsmi Bakı Ramallahla əlaqələrini intensivləşdirib. Bu əlaqələr qarşılıqlı olaraq hansı dividentləri verə bilər?

– Azərbaycan hökuməti və xalqı tarixən öz istiqlaliyyətini və azadlığını əldə etmək üçün mübarizə aparan Fələstin xalqının yanında olub. Bu dəstək Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Buna son nümunə olaraq biz Azərbaycanın Qüdsi-Şərifə və Fələstinə yardım etmək məqsədilə Bakıda ev sahibliyi etdiyi İƏT ölkələrinin Xarici İşlər Nazirlərinin konfransıdır. Bu konfransda Azərbaycan Qüds şəhərində Fələstinin mühüm obyektlərinə yardım üçün beş milyon dollar yardım etmək təşəbbüsü irəli sürüb.

 

Bu yardım Fələstin rəhbərliyi və xalqı tərəfindən böyük məmnunluqla qəbul edilib. Hər iki ölkə arasında mövcud olan qardaşlıq və insani həmrəylik prinsiplərinə əsaslanan, dünyəvi və ədalətli sülhün bərqərar edilməsi üçün beynəlxalq qanunvericilik prinsipləri ilə üst-üstə düşən münasibətlərdə mühüm  olan dini, mədəni, tarixi əlqələrin olması ilə yanaşı və hər iki ölkə xalqının və dövlət başcılarının istəyi Azərbaycan və Fələstin əlaqələrinin davamlı olaraq inkişaf etdirilməsi və yenilənməsidir.

 

Bu əlaqələr heç vaxt bu qədər pozitib olmayıb. Fələstin-Azərbaycan  münasibətləri hər iki tərəfə siyasi, iqtisadi, ticari və mədəni baxımdan qarşılıqlı fayda gətirir. Gələn il Bakıda Azərbaycan və fələstinli ticarətçilərin və iş adamlarının forumu çağırılacaq. Bu isə özü-özlüyündə hər iki ölkə arasında investisiya və ticarət əlaqələrinin inkişafına əlavə təkan verir və qarşılıqlı fayda gətirir.

Gülnara İnanc - felestin bayraq1

– Rəsmi Bakı Qarabağ münaqişəsini Qüds problemi ilə bərabər müsəlman aləminin mərkəzinə gətirmək istəyir. Fələstində bu məsələni necə görürlər?

– Şübhəsiz ki, Dağlıq Qarabağ problemi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi İslam Əməkdaşlıq Təşkilatında mühüm problemlərdən biri hesab olunur. Təşkilatın bu problemin həll olunmasında aydın və sabit mövqeyi vardır. Fələstin Təşkilatı təsis edən üzv  və müasir bəşəriyyət tarixində ən uzun müddət  işğal altında qalan bir dövlət kimi onun xalqı azadlıq və müstəqillik uğrunda və öz ərazi bütövlüyünün sülh yolu ilə təmin edilməsi uğrunda mübarizə aparır.

Beynəlxalq qanunvericiliyə və BMT-nin qərarlarına əsaslanan danışıqlara əsasən Fələstin Azərbaycan Respublikasının öz ərazi bütövlüyünün və suverenliyinin dinc yolla təmin olunması tələbini  dəstəkləyir və onunla həmrəylik nümayiş etdirir.

–  Azərbaycan–İsrail münasibətləri Azərbaycan-Fələstin münasibətlərinə necə təsir edir?

– Qeyd etdiyim kimi Azərbaycanın mövqeyi Fələstinə dəstək məsələsində prinsipial və aydındır. İki ölkə arasında  əlaqələr yüksək xəttlə inkişaf etməkdədir. Buna görə də Azərbaycan İsraillə olan əlaqələri sayəsində ona Fələstin ərazilərinin daxilində birtərəfli mövqedə olmağı dayandırmağa sövq edə və beynəlxalq qanunvericiliyin prinsiplərinə, BMT-nin qərarlarına, imzalanmış müqavilələrə və dünyəvi sülh prinsipləri qarşısında olan öhdəliyini yerinə yetirməkdə müsbət təsir edə bilər.